12:03 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Sevda Vəliyeva

Çempion: “Qadın idmançının xanım kimi görünməsi də mümkündür”

© Sputnik / Tarana Khudabakhshiyeva
İDMAN
Qısa URL
242110

Sevda Vəliyeva: "Atamın dəstəyi ilə tatamidə böyüdüm"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. Bir neçə gün öncə Bakıda Paracüdo üzrə Qran-Pri keçirildi. İki gün davam edən yarışda iştirak edən paracüdoçularımız öz güclərini sınadılar. Etiraf edim ki, 10 ildən çox peşəkar idmanda olan keçmiş idmançı kimi həmişə qadın idmançıların yarışları diqqətimi cəlb edib. 

Bu yarışda da diqqətimi fiziki gücü və göstərdiyi uğurlu fəndləri ilə bir gənc idmançı qız cəlb elədi. 22 yaşlı Sevda Vəliyeva qızıl medal sahibi olaraq kürsüyə çıxanda onunla müsahibə etməyi qərarlaşdırdım. Zəngləşib görüş təyin etdik.

Görüşümüz illərdir ayrı düşdüyüm idman zalında baş tutdu. İllərdən sonra idman zalına daxil olmaq məndə qəribə hisslər oyatdı, keçmişimi xatırlatdı. Zalın özünəməxsus qoxusunu ciyərlərimə çəkəndən sonra müsahibəyə başladıq. Qarşımda sakit, utancaq bir qız oturmuşdu. "Nə danışacam" soruşaraq, həyəcanla üzümə baxırdı. Mən isə sadəcə söhbət edəcəyimizi bildirdim.

Sevda Vəliyeva 1997-ci ildə Bakıda anadan olduğunu bildirəndə təəccübləndim. Çünki bir çox bakılılar qızlarının idmana gəlməsinə mane olurlar. Mən özüm də bakılı ailəsində doğulduğum üçün bu çətinliyi yaşamışam.

Sevdanın isə bu məsələdə məndən fərqli olaraq bəxti gətirib: "Bəxtim onda gətirib ki, atam cüdoçu olub. Ona görə də övladlarının hər birini idmana cəlb edib. Məndən böyük bacım və qardaşım da cüdo ilə məşğul olurdular. Evin balacası olsam da, atam nədənsə mənim yaxşı çüdoçu olacağıma həmişə inanırdı. Nəticədə atamın dəstəyi ilə tatamidə böyüdüm".

O, idmanda başına gələcəklərdən əsla qorxmayıb: "Cüdo qızların bədən quruluşlarını dəyişsə də, mən qorxmadım. Çünki idmançı kimi uğur qazanacağıma həm müəllimlərim, həm də özüm əmin idim. Buna görə də hər şeyi gözə almışdım".

Sevda Vəliyevanın dediyinə görə, o, əvvəlcə sağlam idmançılar arasında mübarizə aparıb: "Uşaq vaxtlarından sağlam idmançılarla güləşmişəm. Gözümdə problem olsa da, bunun ciddi olduğunu bilməmişəm. Sən demə, mənə sağlamlarla döyüşmək olmazmış. Sonralar səhhətimdə problemlər çoxaldı və mən idmandan uzaqlaşdım. Paracüdo milli komandası yarananda isə Ramil İbrahimov şəxsi müəllimimlə danışdı və məni milli komandaya dəvət elədi. Məni göz klinikasında xüsusi qayda ilə yoxladılar və B3 kateqoriyasına saldılar. Gözümdə problem olduğu təsdiqləndiyi üçün məni komandaya qəbul etdilər". 

Müsahibimlə idmançı qadınlar arasında rəqabətin kişilərdən daha az olduğunu da müzakirə etdik. O bildirdi ki, paracüdo olimpiya idman növü olduğu üçün günü-gündən bu sahədə qızların sayı artır: "Mən neçə il 52 kq-da döyüşürdüm. Amma yaş artdıqca 52 kq-ı saxlaya bilmirdim. Müəllimlərlə danışdım və qərara aldıq ki, çəkimi 57 kq-ya qaldırım. Özümü bu çəkidə daha rahat hiss elədim. Düşünürəm ki, iddialı olub, bütün yarışlarda qələbə qazanıb olimpiadaya lisenziya qazanaram".

S.Vəliyeva danışdıqca hiss edirdim ki, artıq bütün həyəcanı geridə qalıb, çünki fikirlərini çox rahat şəkildə, səmimi çatdırırdı. Hətta cüdonu belə, xarakterizə etdi: "Mənə elə gəlir ki, digər idman növləri ilə müqayisədə cüdo daha incədir. Mən heç vaxt sizin kimi taekvandoçu ola bilməzdim. Nə karate, nə güləş, nə də başqa idmanda məşq edə bilməzdim. Həmin idman növlərində adi məşqdə belə, zədələnə bilərsən. Cüdoda isə zədə azdır".

22 yaşlı idmançının ənlik-kirşansız, təbii gözəlliyi, səliqə ilə yığdığı saçları diqqətimdən qaçmadı. Çünki idmançı qızların əksəriyyəti oğlan kimi geyinir, oğlan kimi davranır. Növbəti sualım da elə bununla bağlı oldu.

Paracüdoçu müsahibim sualımdan sonra daha ciddi görkəm aldı: "Bu fikir məni əsəbləşdirir. Axı bir qadın özünə niyə baxmasın ki? Əlbəttə baxıram. Mən idmançıyam, çoxları məni tanıyır, özümə diqqət etməliyəm. Bu, bir qadın kimi borcumdur".

Bu cavabdan sonra isə müsahibimə hər dəfə mənə ünvanlanan sualı verdim: "Heç olubmu ki, küçədə oğlan döymüsən?"

O, gülümsəyərək sualımı cavablandırdı: "Mən, ümumiyyətlə davalardan uzağam. Kimləsə problem yaratmağı sevmirəm. Bir dəfə küçədə oğlan söz atmışdı, kobud cavab verərək çiynindən vurdum".

Söhbət idmandan təhsilə keçəndə isə ali təhsillə bağlı sualıma idmançı ovcunu sıxa-sıxa cavab verdi: "2015-ci ildə məktəbi bitirdim. Bir neçə il ali məktəbə daxil ola bilmədim. 2018-ci ildə İdman Akademiyasına daxil oldum. Hazırda ali təhsil alıram. İnanıram ki, gələcəkdə məşqçi kimi də uğur qazanaram". 

Sevda Vəliyeva məşq sirlərini də bölüşdü: "Oğlanlarla məşq edəndən sonra qızlarla məşq edə bilmirəm. Çünki oğlanlar kobud məşq edirlər, amma sürətli olmurlar. Qızlar isə fiziki cəhətdən zəif, amma sürətli olurlar. Ona görə də həm qızlarla, həm də oğlanlarla məşq edirəm ki, sürətim də, fiziki gücüm də yerində olsun".

Gənc idmançı söhbətimizin elə bu yerində icazə istəyərək müsahibəni bitirməyi xahiş etdi. Çünki növbəti hədəflərinə çatmaq üçün gərgin məşq etməli idi...

Əsas mövzular