02:35 24 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8906
Elmar Məmmədyarov

Nazirimizin təşəbbüsü daxildə fikir ayrılıqlarına yol açdı

© Sputnik / Murad Orujov
İDMAN
Qısa URL
691 0 0

Məmmədyarovun, GUAM ölkələri arasında idman yarışının keçirilməsi təklifi birmənalı qarşılanmır

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM Parlament Assambleyasının Bakıda keçirilən 9-cu sessiyasında bir daha (Xatırladaq ki, Məmmədyarov bu barədə daha öncə də çıxış etmişdi) təkliflə çıxış edib ki, GUAM ölkələri (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) əməkdaşlığını idman sahəsində də davam etdirmsin və 4 ölkə arasında idman yarışları təşkil edilsin: "GUAM ölkələri təhsil, səhiyyə, turizm və digər sahələr üzrə əməkdaşlıq edir. İdman sahəsini də əməkdaşlıq etdiyimiz sahələr sırasına daxil edə bilərik".

Sputnik Azərbaycan xarici işlər nazirinin təklifinə idmançılar və idman mütəxəssislərinin münasibətini öyrənib.

İdman yazarı Natiq Muxtarlı bildirib ki, bu gün dünyanın beynəlxalq idman təqvimi kifayət qədər sıxdır və bu təqvimdə əlavə turnir keçirilməsi üçün yer qalmayıb: "Üstəlik, böyük idman yarışlarının keçirilməsini təşkil etmək üçün bir neçə səbəb olmalıdır: həm iqtisadi-biznes, həm də idman prinsipləri baxımından. Bu aspektdən yanaşsaq, Elmar Məmmədyarovun ideyası uğursuzdur".

"Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova idmançılarının birgə turnirini təşkil etmək biznes baxımından heç bir gəlir vəd etmir. Üstəlik, bu turnir Olimpiya Oyunlarına lisenziya da verməyəcəksə, onda onun idman prinsipləri baxımından da əhəmiyyəti itir. İnanmıram ki, hansısa idman adamı beynəlxalq təqvimin bu qədər sıx olduğu bir zamanda belə bir turnirin keçirilməsinə "hə" desin" — Muxtarlı bildirib.

O, daha sonra əlavə edib: "Elmar Məmmədyarov həm də AFFA İcraiyyə Komitəsinin üzvüdür. Azərbaycan futbol təsərrüfatındakı acınacaqlı durumu isə göz önündədir. Yaxşı olar ki, Məmmədyarov futbol təsərrüfatında islahatların aparılması ilə bağlı təklif səsləndirsin".

Güləş idman növü üzrə dünya çempionu Hacı Əliyev də 4 ölkə arasında keçirilən yarışın heç kimə maraqlı olmayacağını söyləyib: "Mənim fikrimcə, belə yarışın təşkilinə gərək yoxdur. Çünki bu yarış Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları qədər güclü və yaddaqalan olmayacaq. Həm də, adıçəkilən ölkələrdə idman o qədər də güclü inkişaf etməyib. Düşünürəm ki, maraqsız bir yarış olar".

Kikboksinq üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisi, kikboksçu Anar Süleymanlı isə təklifə müsbət yanaşdığını bildirib: "Bu yarışlarda pul mükafatı olacaq. Keçirilən yarışlar ölkələrin həmrəyliyi deməkdir. Belə yarışlardan qazanan da idmançılar olacaq".

"Yaxşı olardı ki, keçiriləcək yarışlar qeyri-olimpiya idman növləri arasında olsun. Çünki bu növlərlə məşğul olan idmançılar əmək haqqı almırlar, yarışlardan pul qazanmırlar. Ona görə də bu yarışda qazanan idmançılar olacaq" — Süleymanlı əlavə edib.

Taekvando idman növü üzrə İslam Oyunlarının bürünc mükafatçısı Fəridə Əzizova da xarici işlər nazirinin yarış keçirmək ideyasını dəstəkləyib: "Məncə, yarışlar keçirilə bilər. Ölkə sayı az olsa da, dostluq, birlik məqsədi ilə yarışlar keçirilə bilər. Bu, həm də idmançıların təcrübə qazanması üçün yaxşı imkandır".

Karateçi Nuranə Əliyeva isə yarış keçirmək ideyasına neytral yanaşıb: "Avropa və İslam oyunları kimi mötəbər yarış olacağını heç xəyala belə, gətirmək olmaz. Çünki mübarizədə ancaq 4 ölkənin idmançıları iştirak edəcəklər. Ona görə də, sadəcə dostluq yarışları keçirmək olar. 4 ölkənin iştirakı ilə mötəbər yarış keçirmək qeyri-mümkündür".

Məsələyə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın münasibətini öyrəndik. O, düşünür ki, belə yarışın təşkili üçün öncə GUAM dövlətləri öz aralarında razılığa gəlməlidir.

"Dövlətlər arasında razılığa gəlinərsə, ondan sonra artıq yarışın harada, necə keçirilməsi və hansı idman növlərinin bu yarışa daxil edilməsi müzakirə oluna bilər. Belə bir yarışın təşkil olunması razılaşdırılarsa, biz də böyük məmnuniyyətlə bu yarışa qoşularıq. Amma hələ əsas məsələ dövlətlər arasında razılığın əldə olunmasıdır" — nazirlik sözçüsü bildirib.

Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Ağacan Əbiyev isə nazirin fikrini dəstəkləyib. O, Azərbaycanda idmanın inkişafı etdiyini və Azərbaycanda idman infrastrukturunun beynəlxalq standartlara uyğun olduğu üçün hər hansı yarışların keçirilməsində problem olmadığını dilə gətirib.

"Əgər lazım gələrsə, GUAM oyunlarını keçirmək olar. 1957-ci ildə mən idmançı kimi belə yarışda iştirak etmişəm. Azərbaycanda keçirilən, Zaqafqaziya və Moldovanın iştirakı ilə baş tutan spartakiadada ölkəmi təmsil etmişəm" — Əbiyev deyib.

"Regional yarışların keçirilməsi iştirakçı dövlətlər arasında dostluq əlaqələrinin yaranmasına, gənc idmançıların inkişafına səbəb olur. Bir sözlə, belə oyunların iştirakçısı kimi deyə bilərəm ki, yaxşı təklifdir" – deyə baş katib əlavə edib.

Əlaqədar

Vəlizadə: “GUAM ölkələri iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır”
GUAM-ın taleyinə aydınlıq gətirildi
GUAM-a üzv ölkələrin hökumət başçıları bir araya gələcək
Teqlər:
idman yarışı, xarici işlər naziri Elmar Məmmədyarov, GUAM, ölkə, Bakı, oyun, Azərbaycan

Əsas mövzular