ELM

Məktəblə bağlı suallar - direktorlara göndərilən kağızlarda nə yazılıb?

© Sputnik / Murad Orujov20 nömrəli məktəbdə tədris prosesi
20 nömrəli məktəbdə tədris prosesi - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəb direktorlarına dərslərin hibrid formada təşkili üçün xüsusi təlimat göndərilib. Hətta sinifdə bircə şagird belə olsa, ona dərs keçiləcək

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 yanvar — Sputnik. Fevral ayının 1-dən etibarən ölkə üzrə ümumtəhsil müəssisələrində ənənəvi təhsil qismən bərpa olunur. Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarına əsasən, məktəblərdə dərslər hibrid formada təşkil olunacaq. Belə ki, Bakı Abşeron, Sumqayıt və digər iri şəhərlərdə dərslər həftədə üç dəfə əyani, kənd yerlərində, şagird sıxlığının az olduğu məktəblərdə isə dörd-beş dəfə ənənəvi formada keçiriləcək. Koronavirus pandemiyası dövründə şagirdlərin ənənəvi təhsilə cəlb olunması könüllü xarakter daşıdığından valideynləri düşündürən əsas məqamlardan biri siniflərin necə bölünəcəyi, hər qrupda neçə şagirdin olacağı və məktəbə getməyən şagirdlərin dərs proqramını necə mənimsəyəcəyi barədədir.

Məktəbli - Sputnik Azərbaycan
YAZARLAR
Sönük təhsil və ya niyə bir uşağın videosu digər uşağa dərslikdən daha maraqlıdır?

Sputnik Azərbaycan bu suallara aydınlıq gətirməyə çalışıb.

Valideyn Gülnar Səfərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq sinif rəhbərləri onlayn valideyn iclasları keçirərək əyani təhsil alacaq şagirdlərin siyahısını hazırlayırlar. Övladı 3-cü sinifdə oxuyan G.Səfərova bildirir ki, valideynlərin bir qismi məktəblərin açılmasına sevinsə də, aralarında uşağını məktəbə göndərmək istəməyənlər də var: "Məktəblərin açılmasını gözləsək də, valideynlərin bəziləri uşağını məktəbə göndərməyə ehtiyat edir. Amma bilmirik ki, hər sinifdən iki-üç şagird məktəbə getsə, əyani təhsil veriləcəkmi?"

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bununla bağlı məktəb direktorlarına təlimatlar göndərilib.

Bakı şəhəri 53 saylı məktəbin direktoru Tünzalə Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında valideynləri düşündürən bir sıra məqamlara aydınlıq gətirib. O bildirib ki, 2020-2021-ci il üzrə tədrisin ikinci yarımilində dərslər hibrid formada təşkil olunacaq. T.Zeynalovanın sözlərinə görə, ikinci yarımildən təhsil müəssisələri mərhələli şəkildə açılacaq:

"Bakı şəhərində dərslər 3 gün əyani, 3 gün distant formada təşkil olunacaq. Bizim məktəbdə üç mindən artıq şagird təhsil alır. Dərslər həftədə üç dəfə əyani, üç dəfə isə distant keçiriləcək. Məktəbimizdə ibtidai siniflərdə şagird sayı 1200-ə yaxındır. Hər sinifdə isə 40-dan yuxarı şagird sayı var. Siniflər iki qrupa bölünüb. NK-nın 10 sentyabr tarixli qərarına əsasən, bununla bağlı bütün məktəblərə təlimat göndərilib. Təlimata görə, sinif otaqlarında hər parta arxasında bir şagirdin oturması təmin edilməlidir. Şagirdlər arasında məsafə isə 1,5 metrdən az olmamalıdır".

T.Zeynalova deyir ki, əyani təhsil alan şagirdlərin sayı hər qrupda iki nəfər olsa belə, dərs əyani formada həftədə üç dəfə keçiriləcək: "Qruplarda əyani təhsil alan şagirdlərin sayı iki-üç nəfər olsa da, əyani dərslər keçiriləcək. Məqsəd təhsilin mərhələli təşkilini təmin etməkdir".

Direktor dərs saatlarının azaldılması ilə bağlı məlumatlara da aydınlıq gətirib. O bildirib ki, dərs saatı azaldılmayacaq: "Tədris planına əsasən, əyani dərs vaxtı 45 dəqiqə, distant formada isə 30 dəqiqədir".

Студенты сдают экзамен, фото из архива - Sputnik Azərbaycan
ELM
Təhsil haqqı yüksək, keyfiyyət aşağı - Reytinqlərdə ancaq təhsil haqqına görə öndəyik

Şagirdlərin sinifdə tibbi maskadan istifadəsinə gəlincə, T.Zeynalovanın sözlərinə görə, tibbi maskalardan istifadə bütün yaş qrupları üzrə şagirdlər üçün məcburi deyil: "NK-nın müvafiq qərarına əsasən, 12 yaşa qədər şagirdlərə maska taxmaq vacib deyil. 12 yaşdan yuxarı şagirdlər maska taxmalıdırlar. Təhsilverənlər isə mütləq şəkildə maskadan istifadə etməlidirlər".

T.Zeynalovanın sözlərinə görə, şagirlərə parça maska taxmağa qadağa olmasa da, tibbi maskadan istifadə tövsiyə edilir.

Fevralın 1-dən etibarən mərhələli şəkildə ənənəvi təhsilə start verilsə də, bu, məcburi olmayacaq. Məktəb direktoru bildirir ki, hər hansı şagird məktəbə gəlməyə məcbur edilməyəcək. Amma məktəbə getməyən şagirdlərlə bağlı valideynlər yazılı iltizam ərizəsi imzalamalıdırlar: "Hansı valideyn övladını məktəbə göndərməyəcəksə, bunun üçün iltizam ərizəsi yazmalıdır. 53 saylı məktəbdə ibtidai sinifdə təhsil alan şagirdlərin sayı 1200-dür. Məktəbəqədər hazırlıq qruplarında isə 200 uşaq təhsil alır. Biz bu sayda iltizam ərizəsi hazırlamışıq. Valideyn ərizəni imzalayaraq övladının distant təhsilə cəlb olunması ilə bağlı üzərinə öhdəlik götürür. Əgər şagird hibrid formada təhsil almırsa, distant dərslər keçirilməyən günlərdə teledərslər hesabına dərs proqramını mənimsəməlidir. Bütün bunlar iltizam ərizələrində aydın şəkildə göstərilib. Şagirdin distant təhsili üçün valideynin üzərinə məsuliyyət qoyulur".

T.Zeynalova bildirir ki, məktəblərdə əyani təhsil zamanı bütün gigiyenik qaydalara əməl edilməlidir. Hər gün təhsilalanların və təhsilverənlərin temperaturu yoxlanılacaq: "Məktəbdə izolyasiya otağı var. Kimin temperaturu 37.1 dərəcədirsə, həmin şəxs izolyasiya otağına yönəldiləcək. Artıq bütün məktəblərin bununla bağlı təcrübəsi var. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bizim məktəbə dezinfeksiyaedici məhlullar və digər zəruri avadanlıqlar verilib".

O ki qaldı məktəbdə dərs keçəcək müəllimlərin vaksinasiyasına, məktəb direktoru bildirir ki, təhsil müəssisəsinin rəhbəri kimi bu barədə bir tapşırıq almayıb:

"Əgər tapşırıq veriləcəksə, müəllimlərin də vaksinasiyası aparılacaq. NK-nın müvafiq qərarına əsasən, 65 yaşdan yuxarı müəllimlər ənənəvi dərslərə cəlb olunmayacaqlar. Amma məktəbə göstəriş verilməyib ki, yaşı 50-dən yuxarı müəllimlər əvəzlənsinlər".

Direktor bildirir ki, müvafiq göstərişdən sonra hər bir sinif müəllimi valideynlərlə iclaslara başlayıb: "Valideynlərin əksəriyyəti öz övladının məktəbdə iştirakının tərəfdarıdır. 53 saylı məktəbdə 38 ibtidai sinifdən 12-nin sinif rəhbəri valideynlərlə onlayn iclas keçirib. Bu iclaslarda valideynlər məktəbin açılmasının tərəfdarı olduğunu söyləyiblər".

Xəbər lenti
0