CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəsmi Bakıdan Makrona cavab: Fransanın regiona qayıtması barədə açıqlama anlaşılan deyil

© AFP 2023 / LUDOVIC MARINПрезидент Франции Эммануэль Макрон, фото из архива
Президент Франции Эммануэль Макрон, фото из архива  - Sputnik Azərbaycan, 1920, 01.06.2021
Abunə olmaq
"1997-ci ildən Fransa həmsədr qismində fəaliyyət göstərsə də Fransa tərəfindən heç zaman Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması əlaqədar çağırış edilməmişdir" - Azərbaycan XİN

BAKI, 1 iyun — Sputnik. Bölgədə atəşkəs təmin edilir və bunun əsasında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı birgə bəyanat dayanır. Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri sülhməramlı missiyanı yerinə yetirərək atəşkəsin təmin olunmasına çalışırlar. Bu məsələdə Fransanın hər hansı rolunu görmürük.

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözşüsü Leyla Abdullayeva deyib. XİN rəsmisi Fransa Prezidenti Emmanuel Makronun Ermənistan baş naziri ilə birgə keçirdiyi mətbuat brifinqində Azərbaycan və Ermənistan arasında atəşkəsə riayət olunması, bütün saxlanılanların, o cümlədən hərbi əsirlərin azad olunması, tərəflər arasında gərginliyin aradan qaldırılması, Azərbaycanın Ermənistan ərazisini tərk etməsi kimi fikirlərini və Fransanın Ermənistan ilə həmrəy olduğunu bildirməsi barədə sualları şərh edib.

"Məlum olduğu kimi, Azərbaycan tərəfi hər zaman bütün hərbi əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi mövqeyindən çıxış etmişdir. Dəfələrlə bəyan etdiyimiz kimi, Azərbaycanda erməni əsilli hərbi əsir yoxdur, o ki qaldı üçtərəfli bəyanat imzalandıqdan sonra, 26 noyabr 2020-ci il tarixində Azərbaycan ərazisinə göndərilən və burada terror aktı törədən diversant qrupun üzvlərinə, habelə 27 may tarixində Kəlbəcər rayonu istiqamətində ərazimizə daxil olaraq yolların minalanmasına yönələn təxribatçı fəaliyyət cəhdi göstərən kəşfiyyat-diversiya qrupunun üzvlərinə, onlar hərbi əsir deyillər.

Ermənistan tərəfindən itkin düşmüş erməni əsgərləri ilə bağlı irəli sürülmüş saxta ittihamlar ilə bağlı qeyd etmək istərdik ki, bu günlərdə Ermənistanda aşkar edildiyi kimi itkin düşmüş erməni əsgərləri morqların birində soyuducuda saxlanılır və bu da Ermənistanda böyük qalmaqala səbəb olmuşdur. Azərbaycan isə öz tərəfindən humanitar prinsiplərdən çıxış edərək 1600-ə yaxın erməni hərbçisinin cəsədlərini tapmışdır və bu prosesdə Rusiya sülhməramlıları və Beynəlxalq Qızıl Xaç iştirak etmişlər. Erməni əsgərlərinin cəsədləri qarşı tərəfə təhvil verilib. Lakin hələ 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-dək azərbaycanlı barədə məlumat bu günədək Ermənistan tərəfindən verilməyib", - Leyla Abdullayeva qeyd edib.

Fransa Prezidentinin çıxışında müsəlman abidələrinin də bərpa olunmasına dair fikrini Azərbaycanın alqışladığını söyləyən L.Abdullayeva əlavə edib ki, Fransa Prezidentinin çıxışında istinad etdiyi Dağlıq Qarabağ adı ilə bağlı vurğulamaq istərdik ki, belə bir inzibati ərazi vahidi mövcud deyil:

"Çıxışda istinad edilən birbaşa dialoq məsələsinə gəldikdə, bu artıq baş verir. 11 yanvar 2021-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanata istinadən baş nazirlərin müavinləri səviyyəsində görüşlər keçirilir və dialoq mövcuddur. Lakin Fransanın bu prosesdə hər hansı rolu yoxdur.

Delimitasiya və demarkasiya prosesinə gəldikdə, bəyan etdiyimiz kimi, Azərbaycan delimitasiya prosesinə başlamağı dəstəkləyir və bu proses danışıqlar yolu ilə öz həllini tapmalıdır".

"Bir daha da qeyd etmək istərdik ki, Azərbaycan hərbçiləri öz doğma torpaqlarında xidmət göstərirlər. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1997-ci ildən Fransa həmsədr qismində fəaliyyət göstərsə də Fransa tərəfindən heç zaman Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması əlaqədar çağırış edilməmişdir. Baxmayaraq ki, bu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbi idi.

Sərhəd məsələlərinin müzakirələr yolu ilə həll edilməsinə gəlincə bildirmək istərdik ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinin daim tərəfdarı olmuşdur və 28 il danışıqlar prosesində iştirak etmişdir. Odur ki, Azərbaycan hər zaman müzakirələrə və danışıqlar prosesinə açıqdır.

Fransanın qəti şəkildə regiona qayıtması barədə açıqlama isə anlaşılan deyildir. Fransa həmsədr ölkədir və bu statusda 1997-ci ildən regional proseslərdə iştirak edir. Ona görə də bu açıqlama anlaşılan deyildir. Sirr deyil ki, Fransanın Ermənistana xüsusi rəğbəti vardır, amma Minsk Qrupunun həmsədri kimi bu ölkə rəsmi neytrallığını saxlamalıdır. Ümid edirik ki, həmsədrlik mandatına uyğun olaraq Fransa tərəfindən neytral və qərəzsiz mövqe sərgilənəcəkdir", - XİN rəsmisi yekunlaşdırıb.

--------

17:20

Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağda xristian və müsəlman irsini qorumağa çağırıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşü zamanı bildirib.

"Atəşkəsin Dağlıq Qarabağda qlobal şəkildə saxlanılmasına baxmayaraq, hələ çox şeyi etmək lazımdır. Fransa öz dəstəyini əhaliyə göstərməyə hazırdır. Bütün əsirlərin azad olunmasına, beynəlxalq humanitar təşkilatların bölgəyə girişindəki məhdudiyyətlərin və minalanmış ərazilərdəki ciddi problemlərin aradan qaldırılmasına ehtiyac var", - deyə Makron qeyd edib.

O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa ABŞ və Rusiya ilə yanaşı tərəflər arasında birbaşa olaraq dialoqun bərpasına və gərginliyin azaldılmasına nail olmaq üçün hər cür səy göstərməlidir.

Üçtərəfli bəyanat

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Sərhəddə problemlər

Ermənistan-Azərbaycan sərhədində vəziyyət mayın 12-də yenidən gərginləşib. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.

Bundan sonra mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki olmayıb.

Eləcə də mayın 25-də və 27-də Kəlbəcər istiqamətində Ermənistan sərhəddə təxribatlara cəhd edib, erməni diversantların bir qismi saxlanılıb, bir qismi qaçıb. Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb. Hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. 

Mayın 30-da media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb. Bununla bağlı Dövlət Sərhəd Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir, Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır.

Mayın 31-də isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus “Qrifon-12” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

Eləcə də oxuyun:

Xəbər lenti
0