BAKI, 1 iyun — Sputnik. Yerevan sərhəddəki yaranan vəziyyətlə bağlı üçtərəfli işçi qrup formatda konstruktiv işi mümkünsüz hesab edir. Sputnik Ermənistan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan bildirib.
"Hazırda bu iş davam etmir, çünki mən bəyan etmişdim ki, bu iş bir halda effektiv ola bilər: Əgər fon və ümumi vəziyyət ən azından stabil olsa. Sərhəddəki vəziyyət də daxil olmaqla, hazırkı vəziyyətdə bu meydanda konstruktiv iş mümkünsüzdür", - deyə Qriqoryan qeyd edib.
O əlavə edib ki, son insidentdən sonra (6 erməni hərbçinin əsir götürülməsindən sonra – red.) Azərbaycanla əlaqə kəsilib.
Qeyd edək ki, mayın 25-i Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair üçtərəfli işçi qrupun növbəti iclasının keçirilməsi vaxtı Bakı və Yerevandan asılıdır.
"Bu, ilk növbədə tərəfdaşlardan asılıdır", - deyə Overçuk üçtərəfli qrupun növbəti iclasının nə vaxt keçiriləcəyinə dair suala cavab verərkən bildirib.
O qeyd edib ki, indiyə qədər iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair üçtərəfli işçi qrup çərçivəsində iş kifayət qədər konstruktiv gedir:
"Biz ümid edirik ki, işçi qrupunun bütün üzvlərinin nümayiş etdirdikləri sağlam düşüncə üstünlük qazanacaq və Azərbaycanla Ermənistan arasında və müvafiq olaraq Rusiya ilə Ermənistan arasında Azərbaycan ərazisindən keçəcək dəmir yolu və avtomobil nəqliyyatı üçün imkanlar yaratmaq mümkün olacaq".
Vətən müharibəsi
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görməyə başlayıb.
Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də Şuşa şəhəri erməni qəsbkarlarından təmizlənib.
Üçtərəfli bəyanat
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.