BAKI, 31 may - Sputnik. Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus “Qrifon-12” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Sərhəddə nə baş verir? Öncə Qaragöl
Ermənistan-Azərbaycan sərhədində vəziyyət mayın 12-də yenidən gərginləşib. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.
Azərbaycan ərazisi üç istiqamətdən atəşə tutuldu
Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki yoxdur.
Kəlbəcər təxribatı
Mayın 25-də Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə məlumat yayıb, bildirib ki, guya bir əsgər həlak olub.
Azərbaycan Müdafiə Nazirliyi bunu təkzib edərək mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd etdiyini, bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısının alındığını bildirib. Erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insidentin isə bədbəxt hadisə nəticəsində baş verdiyini, bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi olmadığını vurğulayıb.
Diversiya qrupu ələ keçdi
Mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. Qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Onlara qarşı dərhal əməliyyat tədbirləri görülüb. Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.
Naxçıvan atəş altında
Azərbaycan Müdafiə Nazirliyi mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimizin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalması barədə məlumat yayıb. Məlumata görə, atəş nəticəsində hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur.
Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.
Zəngilanla bağlı xəbər yayıldı
Mayın 30-da media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb. Bununla bağlı Dövlət Sərhəd Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir, Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır.
Eləcə də oxuyun:
-
Şoyqu erməni həmkarına zəng etdi
-
Zakir Həsənovdan sərhədlə bağlı tapşırıq
-
Zəngilanda gecə nə baş verib? - DSX açıqlama yaydı