11:43 28 Fevral 2017
Canlı yayım
FOTO

Azərbaycanda Çar məmurlarının ayağı dəyməyən yeganə kənd

Qısa URL
133350
  • Ağstafa rayonunun Minevli Qıraq Kəsəmən kəndi
  • Ağstafa rayonunun Minevli Qıraq Kəsəmən kəndi
  • Ağstafa rayonunun Minevli Qıraq Kəsəmən kəndi
  • Ağstafa rayonunun Minevli Qıraq Kəsəmən kəndi
  • Ağstafa rayonunun Minevli Qıraq Kəsəmən kəndi
  • Ağstafa rayonunun Minevli Qıraq Kəsəmən kəndi
  • Ağstafa rayonunun Minevli Qıraq Kəsəmən kəndi
  • Ağstafa rayonunun Minevli Qıraq Kəsəmən kəndi
  • Ağstafa rayonunun Minevli Qıraq Kəsəmən kəndi
  • Ağstafa rayonunun Minevli Qıraq Kəsəmən kəndi
  • Ağstafa rayonunun Minevli Qıraq Kəsəmən kəndi
  • Ağstafa rayonunun Minevli Qıraq Kəsəmən kəndi
  • Ağstafa rayonunun Minevli Qıraq Kəsəmən kəndi
  • Ağstafa rayonunun Minevli Qıraq Kəsəmən kəndi
  • Ağstafa rayonunun Minevli Qıraq Kəsəmən kəndi
© Sputnik / İlham Mustafa
Ağstafa rayonunun Minevli Qıraq Kəsəmən kəndi.

Dövrün ən nüfuzlu ağasının və ən məşhur qaçağının yurdu olmuş ərazinin indiki halı acınacaqlıdır

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 7 noy — Sputnik. Bir vaxtlar bu yurd yeri ən böyük kəndlərdən biri olub. Bu kənd Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına görkəmli nümayəndələr bəxş edib.

Burada öz igidliyi, səxavəti ilə bütün Azərbaycanda məşhur olan İsrafil ağa Kərbalayev yaşayıb. Hansı ki, onun icazəsi olmadan bir Çar məmuru kəndə girə bilməyib. Ağası olduğu kəndin vergisini həmişə özü ödəyib, əvizində isə kənd sakinlərindən yalnız bir-biri ilə mehriban dolanmağı və oğurluq etməməyi tələb edib.

Onunla eyni dövrdə yaşayan, haqqında dastanlar, kitablar yazılan Qaçaq Kərəm də bu kənddə böyüyüb, boya-başa çatıb. Cavanlıqda dost, sonradan isə qan düşməni olan bu insanların bir-biri ilə etdiyi düşmənçilik belə, xalq arasında onları bir mərdlik, kişilik etalonuna çevirib.

Bu kəndin yetişdirdiyi görkəmli şəxsiyyətlərindən danışarkən, inandığı ideallar uğrunda bütün varidatından keçən, dövlət xadimi, ilk dəfə latın əlifbasına keçidin təşəbbüskarı olan Səməd ağa Ağamalıoğlunu da xatırlamamaq mümkün deyil. Bu siyahını daha da uzatmaq olar. Lakin bu yazı kəsəmənlilər haqqında deyil, boşaldılmış yurd yeri olan Minevli Qıraq Kəsəmən barədə olacaq.

Kəndin qısa tarixi

Qıraq Kəsəmən kəndi Ağstafa rayonu inzibati ərazi vahidliyinə daxildir. Kənd ərazisində hələ Erkən Tunc dövrünə aid yaşayış məskənləri olsa da, Qıraq Kəsəmən adının tarixi 300 il bundan əvvələ gedib çıxır. Kəndin adına gəldikdə isə, bu ad, XIV əsrdə Osmanlıların Anadoluda varlığına son qoyduğu Qaraman bəyliyini təşkil edən tayfalardan birinin adı olub.

Osmanlıya tabe olmaq istəməyən Kəsəmən tayfası, ayrı-ayrı vaxtlarda müxtəlif ərazilərə köç edərək, XVI əsrdən bu yana Kür çayının sol sahilindəki bu ərazidə məskunlaşır. Osmanlı sərhədinə yaxın olduğu üçün, Səfəvi hakimiyyəti, müdafiə məntəqəsi kimi kəndi böyüdür. Nəticədə Qıraq Kəsəmən dövrünün ən böyük kəndlərindən birinə çevrilir.

Müxtəlif vaxtlarda Minevli Kəsəməndən digər ərazilərə köçlər baş verir. Həmin köçlər zamanı bir neçə kəndin əsası qoyulur. XX əsrin 60-ci illərindən başlayaraq isə, Qıraq Kəsəmənin öz tarixi ərazisindən tamamilə köçürülməsinə başlanır. SSRİ rəhbərliyinin Kürün Qazax-Tovuz rayonları ərazisindən keçən hissəsində su elektrik stansiyası (SES) qurmaq istəyi kəsəmənlilərin ata-baba yurdlarından köçürülməsi ilə nəticələnir. 1976-cı ilə qədər Qıraq Kəsəmən əhalisinin bir qismi Kürün kənarından, hal-hazırda mövcud olduğu əraziyə köçürülür.

Yurd yerinin unutdurulması, yoxsa…?

Qıraq Kəsəmən kənd orta məktəbinin tarix müəllimi, eyni zamanda Kəsəmən elinin araşdırmaçısı olan Bəxtiyar Babazadənin sözlərinə görə, köçürülmə zamanı əhalinin əksəriyyəti fərqli ərazilərdə yerləşdirilib. Ağstafa rayonunda Aşağı Kəsəmən, Zəlimxan, Yenigün, Xətai, Qobu kimi kənd-qəsəbələr salınıb ki, bunların da əhalisinin əksəriyyətini kəsəmənlilər təşkil edir. Əhalinin böyük bir qismi isə Qazax, Gəncə, Samux, Gədəbəy, Bakı və s. şəhərlərə köçüb. B. Babazadə yalnız bir nəfərin — Abbasəli adlı müəllimin köhnə yurdu tərk etməyərək son günlərə kimi orda yaşadığını bildirdi.

Köçürülməyə baxmayaraq, kənd ərazisində SES tikintisi baş tutmayıb. Tarixçi bunu bir sıra versiyalarla əlaqələndirib: "Tikinti prosesinin uzanması, həmçinin 80-ci illərdə SSRİ-də durğunluq bu versiyalardan biridir. Digər versiyaya görə, layihə çox xərc tələb etdiyi üçün, ondan imtina olunub. Başqa versiyaya görə isə, suyun qabarması nəticəsində çoxlu əkinə və örüşə yararlı torpaqların su altında qalması göstərilir".

Bununla belə, bir çox kənd ziyalıları köçürülməni sovet dövründə tarixi kəndin boşaldılaraq, öz keçmişindən qoparılması səbəbilə edildiyini vurğulayırlar.

Dəfn olunan tarix

Bəlkə də taleyin işidir ki, bu tarixi ərazi su altında qalmayıb. Lakin buradakı abidələrin hazırkı vəziyyətinə baxdıqda, onların torpaq altında qalmağa məhkum edildiyi görünür.

Burada öz mövcudluğunu qorumağa nail olmuş iki məscidin divarlarını görə bilərsiniz. Dövrünün xeyriyyəçisi, hazırda Qazax şəhərində bir neçə tarixi tikilinin sahibi olmuş İsrafil ağanın yaşadığı ev isə Minevli Kəsəməndən qalan yeganə evdir. Lakin belə davam edərsə, onun da öz mövcudluğunu saxlaması sual altında qalacaq.

Ağstafa rayonunun Vurğun qəsəbəsi
© Sputnik / HIKMET ORHUN

Ərazidə ən acınacaqlı vəziyyətdə olan abidə isə XVII əsrə aid olan qüllədir. Bir vaxtlar düşməndən müdafiə üçün istifadə edilən ərazinin ən hündür tikilisi olmuş qüllənin, hazırda özünün cidddi müdafiə və mühafizəyə ehtiyacı var.

Kənd sakinlərinin bildirdiklərinə görə, ərazidə sonuncu dəfə təmir işləri 1992-93-cü illərdə apaılıb. Çox təəssüf ki özündə bir elin tarixini daşıyan bu ərazi baxımızlıqdan dağılmaq üzrədir. Düzdür, buradakı abidələrin üzərində "dövlət tərəfindən qorunur" sözləri yazılıb, amma qorunmağa dair heç bir əlamət görünmür.

P.S.

Qazax və Ağstafa rayonlarının elə sakinləri var ki, hələ də Novruz bayramlarında, yurd yerindən yeganə salamat qalmış evə — İsrafil ağanın evinə gələrək burada tonqal qalayır, yurdun ocağının sönmədiyini simvolizə edirlər.

Əlaqədar

Mənfi 72 dərəcədə 500 insanın yaşadığı kənd
Bütov kənd əhalisinin həyatı təhlükə altındadır
Kənd sakinlərinin səsinə səs verən yoxdur
Mərmi və dolu döyən kəndlərdə mal-qara da psixoloji travma alıb
Stalinin hələ də "yaşadığı" yeganə kənd - bura Azərbaycandır
Teqlər:
Qıraq Kəsəmən, Ağstafa, Qaçaq Kərəm, İsrafil ağa, kənd, Qazax, Azərbaycan