BAKI, 23 dekabr — Sputnik, Andrey Kots. ABŞ senatorları və konqresmenləri müdafiə büdcəsi layihəsini təsdiqlədilər. 2021-ci ildə Vaşinqton hərbi ehtiyaclar üçün rekord məbləğdə - 740 milyard dollar vəsait xərcləmək niyyətindədir. Silahlı qüvvələrin modernləşdirilməsi, yeni texnologiyaların inkişaf etdirilməsi, həmçinin ABŞ-ın geosiyasi təsirinin daha da genişləndirilməsi (rəqiblərə sanksiyalar və müttəfiqlərə yardımlar da bura daxildir) planlaşdırılır. Donald Tramp layihəyə veto qoymaqla hədələsə də, büdcə böyük ehtimalla təsdiqlənəcək. Pentaqonun bu vəsaiti necə idarə edəcəyi barədə - RİA Novostinin növbəti məqaləsində.
Prezidentlə mübahisə
Müdafiə büdcəsi Amerika hökumətinin ən yüksək səviyyələrində mübahisələrə səbəb olub. Hələ fəaliyyətdə olan Prezident Donald Tramp Əfqanıstan, Koreya və Almaniyadakı ABŞ əsgər sayının azaldılmasından narazılığını bildirib. Bundan əvvəl o, Vətəndaş müharibəsi dövrü Konfederasiya liderlərinin şərəfinə adlandırılmış hərbi obyektlərin adının dəyişdirilməsinə qarşı çıxmışdı.
Bundan başqa, sənəddə texnologiya şirkətlərini istifadəçi tərəfindən yaradılan məzmunun yerləşdirilməsi, silinməsi və ya başqa bir şəkildə moderasiya edilməsi üçün məhkəmə iddiasından qoruyan 1996-cı ildə qəbul edilmiş Rabitə Etikası haqqında Qanununun 230-cu bölməsinin ləğvi edilməsinə dair maddənin olmaması da prezidenti qane etmir.
Lakin artıq 438 konqresmendən 300-ü büdcə layihəsinə səs verib. Bu isə Nümayəndələr Palatasına prezidentin vetosunu aşmağa imkan verir. Əgər Tramp layihəni geri qaytarsa, Konqres yenidən səsverməyə gedəcək. Sənəd bir daha təsdiqlənərsə, qəti şəkildə qəbul ediləcək. Bundan başqa, qanun Senat tərəfindən də dəstəklənib: 84 nəfər lehinə və yalnız 13 nəfər əleyhinə səs verib.
Sanksiyalar və dəstək
Büdcə layihəsinin əsas geosiyasi yeniliklərindən biri də "Şimal Axını 2"yə qarşı tətbiq olunan sanksiyalardır. Amerikalılar səylə və davamlı şəkildə Rusiyanın karbohidrogen bazarındakı mövqeyini zəiflətməyə çalışırlar. Büdcədə qaz kəmərinin inşasına və borudöşəyən gəmilərin texniki cəhətdən modernləşdirilməsinə yardım göstərilməsi ilə bağlı cərimələr nəzərdə tutulur.
"Şimal axını-2" layihəsi üzrə işlərin 94 faizi tamamlanıb, kəmərin yalnız 76 kilometrlik hissəsi çəkilməyib. Almaniya sanksiyaların qarşısını almaq üçün hiyləgərliyə əl ataraq qaz kəmərinin tamamlanması məqsədi ilə xüsusi fond yaradıb. Bununla da podratçılar rəsmi şəkildə "Şimal axını-2" ilə birbaşa əlaqələri olmadan bu strukturun sifarişlərini yerinə yetirəcəklər.
Amerikalılar 2021-ci ildə də Türkiyəyə təzyiq göstərməyə davam edəcəklər. Büdcə layihəsi Rusiyadan S-400 zenit raket komplekslərinin alınması və istismarı ilə bağlı Türkiyəyə qarşı yeni sanksiyalar nəzərdə tutur. Keçən həftənin sonlarında ABŞ Dövlət Departamenti dövlət katibi Mayk Pompeonun bu sövdələşmənin Amerika hərbi personalının və texnikasının təhlükəsizliyinə təhdid, eləcə də Moskvanın türk hərbi və müdafiə sənayesinə çıxış imkanı əldə etməsinə şərait yaratdığına dair açıqlamasını yaydı.
Türkiyə Xarici İşlər Nazirliyi isə ABŞ-ı cavab tədbirləri ilə hədələdi.
S-400 Vaşinqtonla Ankara arasında uzun müddətdir davam edən maneə rolunu oynayır. Amerikalılar artıq Türkiyəni F-35 beşinci nəsil qırıcı proqramından kənarlaşdırıb. Pentaqon bu yeni qırıcılarla bağlı Türkiyənin hava hücumundan müdafiə sistemlərindəki məlumatların Moskvanın əlinə keçəcəyindən qorxur.
Yeni büdcə layihəsinə əsasən, amerikalılar Şərqi Avropadakı müttəfiqlərini - Baltikyanı ölkələri və Polşanı maliyyələşdirməyə davam edəcəklər. Vaşinqtonun nəzərində bu dövlətlər "Rusiyanı cilovlamaq üçün əməliyyat meydanı"dır.
Kiyevə isə "təhlükəsizlik yardımı təşəbbüsü çərçivəsində Ukrayna silahlı qüvvələrini dəstəkləmək çərçivəsində" 250 milyon dollar ayrılacaq. Təfərrüatlar dəqiqləşdirilməyib, lakin çox güman ki, söhbət silahlı qüvvələrin zirehli texnika, tank əleyhinə raket sistemləri və kiçik dəniz gəmiləri ilə təchizatından gedir.
Total yenidənsilahlanma
Təbii ki, ABŞ özünü də yaddan çıxartmayıb. 740 milyard dollarlıq büdcədən Pentaqon təməl ehtiyaclara 635,5 milyard dollar vəsait xərcləyəcək. Büdcənin qalan hissəsi enerji sektorunda (26,6 milyard) və xarici əməliyyatlardakı (69 milyard) milli təhlükəsizlik proqramlarına sərf olunacaq. Sənəddə qarşıdakı üç il ərzində hipersəsli texnologiyaların tətbiq edilməsinin zəruriliyi xüsusilə qeyd olunur.
Nüvə üçlüyünün modernləşdirilməsi üçün təxminən 30 milyard vəsait ayrılıb. Bu pul yeni rabitə və idarəetmə sistemlərinin (Nüvə Komandanlığı, İdarəetmə və Kommunikasiya - 7 milyard) işlənib hazırlanmasına, perspektivli uzunmənzilli bombardmançı B-21 Raider (2,8 milyard) proqramına, "Columbia" layihəsi çərçivəsində ən son ballistik raketli sualtı qayıqlarının təkmilləşdirilməsinə (4,4) xərclənəcək. Bundan başqa, LRSO nüvə başlıqlı "hava-yer" qanadlı raket layihəsinə 474 milyon, GBSD proqramına isə 1,5 milyard vəsait xərclənəcək.
Raketdən müdafiə sistemlərinin inkişafına 20 milyard dollardan çox vəsait ayrılacaq, həmçinin "Patriot" zenit-raket kompleksi də modernləşdiriləcək.
ABŞ peyk sisteminin daha da genişləndirilməsi üçün Kosmik Qüvvələrə 15 milyard vəsait ayırıb. Təxminən 10 milyard dollar da kiberməkanda həm hücum, həm də müdafiə əməliyyatlarına sərf olunacaq.
Hərbi Hava Qüvvələri büdcədən 57 milyard dollar əldə edəcək. Bu pula 79 ədəd F-35 qırıcısı, 15 ədəd KC-46 tankeri, 24 ədəd F/A-18 qırıcı-bombardmançısı, 52 ədəd AH-64E Apache hücum helikopteri alınacaq.
2021-ci ildə Hərbi Dəniz Qüvvələrinə isə 32,3 milyard dollar xərclənəcək: yeni nəsil "Columbia" nüvə sualtı qayığının inşası, Ford sinfinə məxsus təyyarədaşıyan gəminin, "Virginia" sualtı qayığının alınması və s.
Quru qoşunlarına isə büdcədən 13 milyard dollar ayrılması nəzərdə tutulub ki, bu pula da dörd mindən çox yüngül zirehli texnika, 32 çoxməqsədli zirehli texnika, 72 döyüş amfibiyasının alınması gözlənilir.
Amerikalılar gələcəyin texnologiyalarını da yaddan çıxarmayıblar. Belə ki, büdcə vəsaitinin 3,2 milyardı hipersəsli silahlara, 1,5 milyardı mikroelektronikaya və 841 milyonu süni intellektə xərclənəcək.
ABŞ-ın hərbi büdcəsi hər il artırılaraq öz rekordunu təzələyir. Çətin ki, yeni prezidentin dövründə bu ölkənin xarici siyasətində hər hansı bir dəyişiklik baş versin və amerikalılar daha sülhpərvər insanlar olsunlar.