21:17 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
161701

Aynur Veysəlova: Doğulan uşaqlar arasında cins nisbətinin pozulması bizə onu deməyə əsas verir ki, selektiv abortlar edilir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. Ötən il Azərbaycanda qeydə alınan abortların sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə 37 308 abort qeydə alınıb. Bu abortlardan 49-u 15-17 yaş qrupuna, 1 406-sı 18-19 yaş, 7 101-i 20-24 yaş, 11 617-i 25-29 yaş, 10 947-si 30-34 yaş, 6 188-i 35 və yuxarı yaşda olan qadınlar arasında qeydə alınıb.

Qanunvericilikdə selektiv abortlar və ümumilikdə hamiləliyin ləğvi ilə bağlı tələblərin sərtləşdirilməsinə baxmayaraq, ölkəmizdə abortların dinamikasında azalmanın olmamasının səbəbi nədir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova bununla bağlı Sputnik Azərbaycan-a bildirib ki, əslində bu məsələdə dəyişkən dinamika izlənilir. Belə ki, ayrı-ayrı illərə baxanda, abortların dinamikasının stabil olmadığını görmək olar.

"Məsələn, 2012-ci ildə 31038, 2013-cü ildə isə 27892 abort faktı qeydə alınıb və ya 2017-ci ildə abortların sayı 37618, 2018-ci ildə 36141 olub. Yəni, bu göstəricilər də bir daha statistikanın dəyişkən olduğunu təsdiqləyir. Əlbəttə, abortların bir sıra səbəbləri var. Bunların sırasında ən mühüm olanı insanların öz reproduktiv sağlamlıqlarının qayğısına qalmaması, vaxtaşırı tibbi müayinədən keçməməsi, kontraseptiv vasitələrdən istifadə etməməsidir. Digər səbəblərdən biri isə dölün inkişafında problemlərin olmasıdır, hansı ki, bu, ananın və ya uşağın, bəzən isə hər ikisinin sağlamlığına, yaxud həyatına təhlükə yarada bilər", - deyə Veysəlova bildirib.

"Bu abortların nə qədəri selektivdir?", - sualına cavabında isə həmsöhbətimiz təəssüflə bildirib ki, ölkəmizdə bununla bağlı statistika aparılmadığından abortların ümumi sayının nə qədərinin selektiv abort olduğunu demək çətindir: "Lakin doğulan uşaqlar arasında cins nisbətinin pozulması bizə onu deməyə əsas verir ki, selektiv abortlar edilir. Amma bunun dəqiq statistikası yoxdur".

Ekspert 15-17 yaşlılar arasında qeydə alınan abortlarda azalmanın müşahidə edildiyini də deyib: "2017-ci ildə bu qrup şəxslər arasında 46, 2018-ci ildə 40, 2019-cu ildə 49 olub. Əvvəlki illərə nəzərən son illər xeyli azalma müşahidə olunur. Belə ki, 2010-cu ildə bu rəqəm 158 idi və sonrakı illərdə azalmağa doğru dəyişib".

A.Veysəlova deyir ki, gərəksiz yerə icra olunan abortların qarşısını almaq üçün Dövlət Komitəsi və aidiyyəti qurumlar mütəmadi layihələr həyata keçirirlər. Lakin qanunvericilik qadınlara analıq barədə məsələni şəxsən həll etmək hüququ verib.

""Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 30-cu maddəsində göstərilir ki, "hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ var. Hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır. Sosial göstərişlər üzrə süni pozulma hamiləliyin 22 həftəliyinədək aparıla bilər. Tibbi göstərişlərə əsasən və qadının razılığı olduqda hamiləlik müddətindən asılı olmayaraq, süni surətdə pozula bilər. Hamiləliyin süni surətdə pozulması dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən aparılır. Hamiləliyin süni surətdə pozulmasına dair tibbi və sosial göstərişlərin siyahıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həkim tərəfindən xəstəxanalardan və ya başqa tibb müəssisələrindən kənarda hamiləliyin süni surətdə pozulması qadağandır", - deyə Veysəlova qanunu şərh edərkən bildirib.

Əsas mövzular