23:58 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
173600

“Nyu-York Tayms”ın bestsellerlərindən biri olan, dünyada  5 milyon tirajdan artıq satılan “Zolaqlı pijamalı oğlan” romanı eyni gündə doğulan iki 9 yaşlı oğlanın –  Bruno və Şmulun həyatından bəhs edir

BAKI, 17 aprel — Sputnik. Yazıçı Con Boyn (John Boyne) 1971-ci ildə İrlandiyada doğulub. Yaradıcılığına hekayələrlə başlayan yazıçı müxtəlif mükafatların, eləcə də ardıcıl iki dəfə İrlandiya Kitab Mükafatının laureatıdır. 2006-cı ildə nəşr olunmuş “Zolaqlı pijamalı oğlan” (The Boy in the Striped Pyjamas) romanı həm müəllifin vətəni İrlandiyada, həm də dünyada müxtəlif nüfuzlu mükafatlara layiq görülüb və müəllifinə böyük şöhrət qazandırıb. “Zolaqlı pijamalı oğlan” eyni zamanda dünyada ən qısa müddətə yazılmış kitabların siyahısında ilk yerdədir.

“Nyu-York Tayms”ın bestsellerlərindən biri olan, dünyada  5 milyon tirajdan artıq satılan “Zolaqlı pijamalı oğlan” romanı eyni gündə doğulan iki 9 yaşlı oğlanın –  Bruno və Şmulun həyatından bəhs edir.

1943-cü ildə Faşist Almaniyasında baş verən hadisələr, Bruno adlı alman oğlanın dilindən nəql edilir. Əsərin sadə dili və axıcı təhkiyəsi, faciələrin və dəhşətlərin sadə şəkildə canlandırılması romanın uşaq ədəbiyyatına aid olduğunu deməyimizə əsas versə də, əsər İkinci Dünya Müharibəsi haqqında yazılan ən təsirli romanlardandır.

Yaşadıqları beşmərtəbəli evdən, geniş küçələri, kafe və böyük dükanları olan Berlindən Polşadakı əyalət şəhərinə köçərək əsir düşərgəsinə rəhbərlik edən faşist zabitinin oğlu tənhalıqdan əziyyət çəkir. Macəra romanlarını sevən və kaşif olmağı qarşısına məqsəd qoyan Bruno, tikanlı məftillərlə əhatələnmiş düşərgənin ətrafında gəzərkən yəhudi oğlan Şmulu kəşf edir...

Düşərgəyə rəhbərlik edən faşist zabitinin oğlu Bruno ilə, yəhudi saatsazın əsir düşərgəsində yaşayan oğlu Şmulun taleyi düşərgə kənarındakı tikanlı məftillərin yanında kəsişir.

Və bu tanışlıq onları heç də xoş olmayan sonluğa doğru sürükləyir.

...Bu əyalət qəsəbəsində iki tip insan var: tikanlı məftillərin bir tərəfində azlıqda qalanlar – Bruno, ailəsi, alman əsgər və zabitləri, tikanlı məftillərin digər tərəfində çoxluq təşkil edənlər – Şmul, ailəsi və əsirlikdə olan başqa yəhudilər...

Yazıçının cəmi iki gün yarıma yazıb bitirdiyi bu romanda hadisələr bir-birini sürətlə əvəz etdikcə, həyəcan artır. Əsərin nəfəskəsən tempi, hadisələr zəncirinin qeyri-adi inkişafı, axıcı təhkiyə oxucunu arxasınca sürükləyir.

...Auşvitz(Osvensim) əsir düşərgəsində baş verənlər, Holokost, yəhudilərə qarşı törədilən soyqırım əsərin əsas mövzusu olsa da, müəllif bu faciəni çatdırmağın fərqli yoluna baş vurur. Müharibədən bəhs edən minlərlə romandan fərqli olaraq “Zolaqlı pijamalı oğlan” romanında faciə iki kiçik oğlanın taleyi fonunda daha da kədərli şəkil alır. Uşaqların heç biri müharibənin miqyasını, faciənin dəhşətini anlayacaq yaşda deyillər. Bruno “böyüklər” kimi yəhudiləri düşmən hesab etmir və əsir düşərgəsinin mahiyyətini dərk etməkdən uzaqdır.

Əsərin sonlarına doğru böyüklərin də müharibədən və baş verənlərdən yorulduğu, bezdiyi hiss olunur. Yazıçı Brunonun ata-anasına, xüsusilə övladları ilə birgə düşərgədən uzağa – Berlinə qayıtmaq istəyən anaya mərhəmətli yanaşsa da, labüd final dəyişmir...

Brunonun otağının pəncərəsindən görünən zolaqlı pijamalı adamlar, yan-yana düzülmüş daxmalar, naməlum borularından qalxan dəhşətli tüstü əsərin sonunda həssas oxucunu ağlamağa məcbur edir...

Amerikalı rejissor Mark Herman 2008-ci ildə əsərin motivləri əsasında romanın özü qədər təsirli və populyar film ərsəyə gətirib.

Roman 2019-cu ildə, “XAN” Nəşriyyatında işıq üzü görüb.

Əsas mövzular