BAKI, 27 dekabr — Sputnik. Sputnik Estoniya-nın şef-redaktoru Yelena Çerışeva "Rossiya Seqodnya" BİA adından Estoniya polisinə ünvanladığı ərizədə, redaksiya əməkdaşlarının cinayət təqibinə səbəb ola biləcək qərara yenidən baxılmasının vacibliyini bildirib.
Ərizədə sanksiyalarla bağlı məsələnin yenidən nəzərdən keçirilməsi istənilir. Çünki Avropa İttifaqının sanksiyaların tətbiq olunduğu şəxslər siyahısında "Rossiya seqodnya"nın baş direktoru Dmitri Kiselyovun adı qeyd olunsa da, media qrupunun özü Avropa Birliyinin sanksiya siyahısına daxil edilməyib.
Bununla yanaşı Estoniya qanunvericiliyində göstərilir ki, sanksiyalar yalnız sanksiyalar siyahısında adı çəkilən hüquqi və fiziki şəxslərə şamil edilə bilər.
"Rossiya seqodnya" BİA-ya münasibətə gəlincə, media qrupuna sanksiya tətbiq etmək üçün onun vəsaitlərinin idarəçiliyinin və ona nəzarətin səlahiyyətli şəxs kimi Dmitri Kiselyovun əlində olduğu sübut olunmalıdır.
Ancaq fakt budur ki, "Rossiya seqodnya" BİA-nın vəsaitləri və resursları Kiselyova aid deyil - agentliyin bütün əmlakı, gəliri və qazancı federal mülkiyyətə aiddir.
Sənəddə baş direktorun Rusiya Prezidenti tərəfindən təyin olunduğu da vurğulanır. Bundan əlavə, əsas məsələlərin həllində Federal Mətbuat və Kütləvi Kommunikasiya Agentliyinin razılığı və ya təsdiqi tələb olunur.
"Yuxarıda göstərilənlərə əsaslanaraq ... imza edənlər RAB-dan (Rahapesu Andmebüroo, Estoniya Polis və Sərhəd Mühafizəsi Departamentinin Pulların Yuyulması üzrə Məlumatı Bürosu-red.) "Rossiya Seqodnya"ya qarşı sanksiyaların tətbiq olunmasının əsaslarını yoxlamağı xahiş edir", - müraciətin mətnində deyilir.
Sənəddə həmçinin qeyd olunub ki, Çirkli Pulların Yuyulması üzrə Büronun əvvəllər Sputnik Estoniya-nın əməkdaşlarına göndərdiyi məktublar "Rossiya Seqodnya" ilə əmək müqavilələrini ləğv etmək tələbi kimi şərh edilə bilər. "Bununla yanaşı, heç bir hüquqi aktda müvafiq öhdəlik nəzərdə tutulmayıb", - deyə müraciətdə bildirilir.
Agentliyin hüquq məsləhətçisinin sözlərinə görə, Polis və Sərhəd Mühafizəsi Departamentinin müraciətlə bağlı qərarı 30 gün ərzində veriləcək. Bundan sonra, daha 30 gün ərzində əgər belə bir ehtiyac yaranarsa, məhkəməyə şikayət etmək mümkün olacaq. Eyni zamanda vəkil Estoniya təcrübəsində belə bir işin indiyədək olmadığını əsas gətirərək, bunun xüsusi və qəliz məsələ olduğunu, odur ki, perspektivləri qiymətləndirməkdə çətinlik çəkdiyini bildirib.
Hakimiyyətin Sputnik Estoniya-ya təzyiqləri
2019-cu ilin payızında Sputnik Estoniya-nın əməkdaşları yerli hakimiyyət və maliyyə qurumları tərəfindən görünməmiş təzyiqlərlə üzləşiblər. İlk zərbə əmək haqqı köçürmələrini, eləcə də vergi və digər ödənişləri donduran beynəlxalq bankların Estoniya filiallarına dəyib. Nəticədə icarəyə verən redaksiya ilə ofisə dair icarə müqaviləsini ləğv etmək məcburiyyətində qalıb.
Sonra dekabrın ortalarında Estoniya Polis və Sərhəd Mühafizəsi Departamentinin Pulların Yuyulması üzrə Məlumatı Bürosu Sputnik Estoniya-nın əməkdaşlarına əgər 1 yanvar 2020-ci il tarixinə qədər "Rossiya seqodnya" BİA-da iş fəaliyyətlərini dayandırmasalar, cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə təhdidlərlə dolu məktub göndərib.
İdarə bunu 2014-cü ildə "Rossiya seqodnya" BİA-nın (Sputnik-in mənsub olduğu media qrupu - red.) Baş direktoru Dmitri Kiselyova qarşı qəbul olunmuş sanksiyalara riayət edilməsi zərurəti ilə əsaslandırıb. Eyni zamanda, Rusiya dövlətinə məxsus olan "Rossiya Seqodnya" BİA heç bir sanksiya siyahısına salınmayıb və Avropa İttifaqının heç bir ölkəsində onun işçilərinə qarşı bu cür tədbirlər tətbiq edilmir.
"Rossiya Seqodnya" BİA rəsmi Tallinin Sputnik Estoniya ilə bağlı hərəkətlərini özbaşınalıq adlandırıb.
"Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov "Rossiya-1" telekanalındakı "Vesti Nedeli" proqramında Sputnik Estoniya-ya qarşı sanksiyaların bütün Avropada zəncirvari reaksiya doğura biləcək təhlükəli presedent yaratdığını qeyd edib.
Moskvadakı yüksək vəzifəli mənbə bəyan edib ki, bu təzyiqlərin arxasında britaniyalı kuratorlar dayanır. Rusiya Xarici İşlər Nazirliyi, Estoniya hakimiyyət orqanlarının "Rusiya xəbər agentliyini təqib edərkən onun əməkdaşları və tərəfdaşlarını cəzalandırma tədbirləri ilə kobud şəkildə qorxutması kimi totalitar üsullara keçdiyini" qeyd edərək, vəziyyəti biabırçı adlandırıb. Rusiya Prezidenti Vladimir Putin Sputnik Estoniya ətrafında yaranan vəziyyəti şərh edərkən bildirib ki, Rusiya öz jurnalistlərini dəstəkləmək üçün əlindən gələn hər şeyi edəcək.
Sputnik Estoniya-nın jurnalistlərinin təqib olunması və onları qorxutmaq cəhdləri beynəlxalq səviyyədə geniş rezonans doğurub. BMT Estoniyada mediaya təzyiqlərlə bağlı vəziyyətlə tanış olub, AŞPA, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlara rəsmi müraciətlər göndərilib. Sputnik Estoniya əməkdaşlarına dəstək əlaməti olaraq, sosial şəbəkələrdə # SputnikSila adı altında fləşmob keçirilib.