21:42 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Film çəklişi, arxiv şəkli

Yeni filmlərin üzünə bağlanan qapı – Televiziyalar niyə tamaşaçının qəniminə çevrilib

© AFP 2019 / ROBYN BECK
XƏBƏRLƏR
Qısa URL
581 0 0

Cəmi 125 manat pulu ödəməmək üçün min dərədən su gətirirlər, ortada uduzan isə reklama baxaraq onlara pul qazandıran tamaşaçı olur

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 20 noyabr — Sputnik. Hər il "Azərbaycanfilm"də dövlət hesabına azı 2-3 bədii film çəkilir. Hər film üçün də kifayət qədər vəsait ayrılır. Lakin tamaşaçılar nədənsə həmin filmləri televiziya ekranlarında, kinoteatrlarda görə bilmirlər. Belə anlaşılır ki, yeni çəkilən bədii filmlər sanki geniş kütlə üçün deyil, ya kino arxivi, ya da beynəlxalq festivallar üçündür.

Yeni çəkilən bədii filmlərimiz haradadır, niyə tamaşaçı həmin filmlərlə tanış ola bilmir? Televiziyalar bu filmləri nə üçün yayımlamaqda maraqlı deyillər? Bu suallara cavab tapmaq üçün Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri, Əməkdar incəsənət xadimi Hüseyn Mehdiyevlə əlaqə saxladıq.

Hüseyn Mehdiyev deyir ki, hər bir müəllifin qanunla müəyyənləşmiş hüququ var: "Bu hüquqları Əqli Mülkiyyət Agentliyi tənzimləyir və idarə edir. Hər bir istifadəçi audiovizual əsərlər, o cümlədən filmlərin istifadəsindən qabaq həmin əsərin hüquqi sahibindən lisenziya almalıdır. Bu qanun həm musiqiyə, həm ədəbiyyata, həm teatra aiddir. Yeni filmlərin istehsalçısı "Azərbaycanfilm" kinostudiyasıdır. Demək olar ki, bütün kanallar həmin qurumla müqavilə bağlayıblar. Niyə filmlər az nümayiş olunur və ya olunmur, bu onların daxili siyasətidir. Biz onlara bu yöndə məsləhət verə bilmərik. Artıq 20 ildən çoxdur ki, münasibətlər qayda-qanunla tənzimlənir. Qanunu pozan tərəflər isə münasibətlərini məhkəmə vasitəsi ilə tənzimləyir.

Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən 1955-ci ilə qədər çəkilən filmlər ictimai varidata daxil edilib. Amma ondan sonra çəkilən bütün filmlərin müəlliflərinin hüquqları qorunur. Yayımlanan hər bir filmin 1 saatına görə televiziyalar qanuna əsasən 125 manat ödəniş etməlidirlər. Digər dövlətlərlə müqayisədə bu çox cüzi məbləğdir. Kino sənayesinin kinoteatrlardan sonrakı bazarı məhz televiziyalardır. Xaricdə yeni bir filmin nümayişi üçün hətta milyonlar da ödəyirlər. Kim bu qanunla razılaşmırsa və demaqogiya ilə məşğul olursa, deməli ödəməkdən boyun qaçırır. Bəzən deyirlər ki, filmi dövlət çəkib. Bəs müəllif pul almalıdır, ya yox? Nə danışmaqlarından asılı olmayaraq, məhkəməyə gələndə qanun qarşısında hamı cavab verir".

Qeyd edək ki, Gildiyanın rəsmi saytında qanunları pozan və qanunlara riayət edən televiziyalar barədə məlumat yerləşdirilib. Belə ki, AzTV, ATV, İTV, Xəzər TV kanalları müqavilə bağlayıb və qanuna uyğun olaraq ödənişlərində problem yaranmayıb. Gildiyanın qara siyahısına isə İNTER.AZ, CBC, ATV Plus kabel, "CONNECT" kabel televiziyaları düşüb. "Space" televiziyası da artıq neçə ildir ki, yayımlanan filmlərə görə ödənişdən imtina edir. "Lider" televiziyası isə 2001-2014-cü illər ərzində hüquqları qorunan filmlərin yayımına görə ödəniş etsə də, 2015-ci ildə nümayiş olunan filmlər üçün müəllif qonorarı ödəməkdən imtina edib. 2016-cı ildən isə kanalda heç bir yerli film nümayiş olunmayıb.

Kabel kanalları ilə əlaqə saxlamağa dəfələrlə cəhd etsək də, istəyimiz boşuna çıxdı. "Lider" televiziyasının Xəbər-Sosial və Mədəniyyət redaksiyasının rəhbəri Aynur Vəliqızı Sputnik Azərbaycan-a verdiyi açıqlamada yerli filmlərin yayımlanmamasının bir səbəbi olduğunu deyib. Onun sözlərinə görə, problem Professional Kinorejissorlar Gildiyasının yayım qarşılığında müəyyən məbləğ tələb etməsidir: "Bildiyiniz kimi, özəl kanal olduğumuz üçün xərcləri özümüz qarşılayırıq. Bu filmlərə görə əlavə pul ayrılması mümkün deyil. Belə olan halda filmlərimizi verməyəcəyik və filmlər unudulur. Yayım olmadığı təqdirdə də gələcək nəsillərin Azərbaycan filmləri haqqında heç bir anlayışı olmayacaq. Dəfələrlə aidiyyəti qurumla danışıq aparmışıq. 

Hətta verilişə də dəvət etmişik. Hansısa yolla bu problemi həll etməyin lazım olduğunu bildirmişik. Gildiya əsas gətirir ki, ödəniş həmin filmlərin müəlliflərinə çatır. Amma nəzərə almaq lazımdır ki, dünyasını dəyişmiş nə qədər film müəllifləri var. Onu da qeyd edim ki, bu pul dövlət büdcəsinə də getmir”.

Kanal rəsmisi ümumiyyətlə bu qurumun lazım olmasına şübhə ilə yanaşdığını bildirib: “Bu qurum nəyə lazımdır? Ödənilən məbləğ nəyə görə onların cibinə getməlidir? Bax bu məsələlər də sual altındadır. Yayıma görə tələb olunan məbləğ büdcəyə təsir edəcək qədərdir. Ora ödənilən pula biz əlavə işçi götürə, onun məvacibini ödəyə bilərik. Son dövrlərdə çəkilən filmlərə gəldikdə isə mən faktlarla deyə bilərəm ki, rejissorlar tərəfindən bizə nə vaxt müraciət olunubsa, həmin filmləri yayımlamaqda köməklik göstərmişik, dəstək olmuşuq. Biz bir-bir qapıları döyüb film istəməli deyilik. Təbii ki, bizə rəsmi müraciət olunmalıdır. Bu halda adətən müsbət cavab veririk. "Lider" televiziyasında çox sayda sənədli filmlər nümayiş olunur. Onlar arasında öz istehsalımız da var. Bizim standartlara uyğun olan istənilən filmi heç bir təmənna ummadan, heç bir haqq tələb etmədən yayımlayırıq. Biz hər zaman əməkdaşlığa hazırıq. Bu məsələdə uduzan Azərbaycan tamaşaçısı olur."

İmam Həsənov: "Sənədli film institutunun bünövrəsini qoyuruq">>

Qeyd edək ki, Sputnik Azərbaycan Mətbuat Mərkəzində "Yaradıcı gənclərin yeni milli kinonun istehsalında iştiraka marağını necə stimullaşdırmaq olar?" mövzusunda təşkil olunmuş debatda Bakı Beynəlxalq Qısa Filmlər festivalının rəhbəri Fehruz Şəmiyev də bildirmişdi ki, Azərbaycan Professional Kinorejissorlar Gildiyası televiziyalarda yerli filmlərin nümayişi üçün bir saatına cüzi məbləğ tələb etsə də, bu ödənişi etməmək üçün televiziyalar yeni filmlərdən imtina edir. Onlar köhnə lentlərə və xarici filmlərə üstünlük verirlər.

Əsas mövzular