Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 22 oktyabr — Sputnik. Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının 14-cü konfransı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, konfransda Mədəniyyət naziri Əbülfəs Qarayev və teatr ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə İttifaqın sədri Azərpaşa Nemətov açıb. Qısa videoçarxa baxdıqdan sonra gündəlikdə duran məsələ elan olunub. A.Nemətov gündəlikdə yeni sədr seçilməsi məsələsinin durduğunu vurğulayıb.
Daha sonra üç nəfər Hafiz Quliyev, İlham Əsədov, Vidadi Qafarov komissiya üzvü seçilib. Konfransa sədrlik üçün İlham Rəhimlinin namizədliyi verilib və yekdilliklə qəbul olunub.
84 nəfər nümayəndənin iştirakı ilə keçirilən seçkilərdə Azərpaşa Nemətov növbəti dəfə sədr seçilib. İştirakçılar yekdilliklə A. Nemətova səs verib.
Tədbiri yarımçıq tərk edən Xalq artisti Afaq Bəşirqızı konfrans barədə fikirlərini bildirib. "Tədbir ancaq tərif üzərində qurulub. Ümumiyyətlə, məsləhət görərdim ki, Azərpaşa Nemətovun çıxışını yazan özü çıxış edərdi. Ölkə prezidentinin dünənki müraciətindən sitat gətirmək istəyirəm. Yaşı 70-i ötmüş şəxslər ərizə yazıb getsələr yaxşıdır. Mən Azərpaşa Nemətova Hacıbala Abutalıbovdan nümunə götürməyi tövsiyə edərdim”.
“Teatr Xadimləri İttifaqı bu demək deyil. Onun işi təsirli musiqilərlə film nümayiş etdirmək deyil. Bu İttifaqı kişilər yaradıb, miras qoyub. İndikilərə isə ar olsun demək istəyirəm. Bir ittifaqın nizamnaməsi bəlli deyil. Ümumiyyətlə, Xadimlər İttifaqının nəyə xidmət etdiyini mən anlaya bilmirəm. Aktyorların hamısı Xalq artisti deyil, hamının xalası, bibisi yoxdur, hamının əli qırmızı telefona çatmır. Aktyorların sosial problemlərini həll etmək lazımdır”, – deyə A.Bəşirqızı bildirib.
Xalq artisti işlərin düzgün qurulmadığından da şikayət edib: “Mən sual verirəm, hanı teatr sexləri? Biz Gürcüstandan 20 manata ayaqqabı alıb səhnədə aktyorun ayağına geydiririk. Hanı bizim pinəçilərimiz, qrim ustalarımız? Deyirik işsizlikdir. Əlbəttə belə olacaq. Hanı İttifaqın sexləri, torpaq sahələri. Mədəniyyət Nazirliyinin ayırdığı, eləcə də icarəyə verilən yerlərdən gələn pullar var. Teatr Xadimləri İttifaqının sədri Prezidenti, məmuru görəndə gizlənməməlidir, əksinə, ona yaxınlaşıb aktyorun dərdini, problemini söyləməlidir. Vətəni, torpağı sevmək budur. Aktyorun problemlərini həll etmək lazımdır. Bu qədər riyakarlıq olmaz. Boykot sözündən xoşum gəlmir. Mən sadəcə durub çıxdım. Çünki özümü orada görmədim. Dediyim fikirlərdə yalan yoxdur. Bununla bağlı ölkə rəhbərinə də müraciət etmişəm. Onun reaksiyasını gözləyirəm”.
İttifaqın sədri Azərpaşa Nemətov ittihamlara cavab olaraq bildirib: "Mən belə şeylərə fikir vermirəm. Bunlar hamısı böhtandır”.
Qeyd edək ki, konfransda 84 nəfər iştirak edib. İki nəfər isə üzrlü səbəbdən konfransa qatılmayıb.
Qeyd edək ki, Teatr Xadimləri İttifaqı Azərbaycan teatr xadimlərini və səhnə həvəskarını tərkibində birləşdirən ən böyük ictimai təşkilatıdır. Əsası 1897-ci ildə qoyulmuş bu təşkilat “Artistlər İttifaqı” adı ilə fəaliyyətə başlayıb, 300-dək artist və səhnə həvəskarını tərkibində birləşdirib. 1920-ci ildən “Türk Aktyorlar İttifaqı”, 1948-ci ildən “Azərbaycan Teatr Cəmiyyəti” kimi fəaliyyətini davam etdirən bu qurum, 1987-ci il 27 fevral tarixli təsis konfransının qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqı adlandırılıb. Hazırda ittifaqın 841 üzvü var