BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Dövlət Akademik Milli Rus Dram Teatrı 99-cu teatr mövsümünü açmağa hazırlaşır. Sputnik Azərbaycan-ın məlumatına görə, yubileyqabağı teatr mövsümü sentyabrın 14-də Bernar Şounun pyesi əsasında hazırlanmış "Milyonçu qadın" tamaşası ilə açılacaq.
Tamaşanın rejissoru Azərbaycanın xalq artisti Aleksandr Şarovskidir. Tamaşanın premyerası mayın 19-da olub. Premyera teatrın aktrisası, Azərbaycanın xalq artisti Natalya Şarovskayanın yubileyinə həsr olunub. Həmin tamaşada Şarovskaya baş rolu - milyonçu qadın Epitafiya Onuzanti di Parerqanı canlandırır.
Tamaşada Natayla Şarovskaya ilə yanaşı əməkdar artistlər Salman Bayramov, Fuad Osmanov, həmçinin aktyorlar Yuri Omelçenko, Marina Litvinenko, Oleq Əmirbəyov, Zaur Terequlov, Nadir Abdurəhimbəyov, Mədinə Mullayeva, Fatimə Əliyeva, Tamilla Abutalıbova, Emil Atraşkeviç, Tural Kərimov və başqaları rol alıb.
Tamaşanın bədii tərtibatçısı, əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, video mühəndisi Cavid İmamverdiyev, xoreoqrafları Azərbaycanın Əməkdar artisti Fuad Osmanov və Raulya Türkkana, döyüş səhnələrinin quruluşçu rejissoru Aleksandr Mordvinkindir. Kostyumların rəssamı Azərbaycanın Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.