21:23 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
CƏMİYYƏT
Qısa URL
2427 0 0

Pandemiya göstərdi ki, ənənəvi təhsil o qədər də effektiv və əlçatan deyil. Ona görə də universitetlərin elmi şuraları da tələbələr qarşısında vaksinasiya tələbi qoya bilər.

BAKI, 14 iyul — Sputnik. Avropada ali təhsil müəssisələri yeni tədris ilindən ənənəvi təhsilə başlamaq üçün tələbələrdən koronavirus əleyhinə peyvənd olunmalarını tələb edir. Qardaş Türkiyədə Kadir Has Universitetinin üz-üzə təhsil üçün peyvəndlənmə tələbindən sonra Marmara Universiteti də tələbələrinə vaksin olunmağı tövsiyə edib.

75 min tələbəsi olan Marmara Universitetinin verdiyi açıqlamada, bildirilir ki, 2021-2022 tədris ilinin payız semestrində üz-üzə təhsilə keçmək üçün peyvəndləmə vacibdir. Kadir Has Universitetinin tələbələrinə göndərildiyi iddia edilən sosial mediada paylaşılan e-poçtda isə bildirilib ki, universitetdə QR kod oxutma sistemi yerləşdiriləcək və kimsənin iki doza vaksin olmadan kampusa girməsinə icazə verilməyəcək. Bu elektron poçta reaksiyalar sosial mediada yer alsa da, hələ də universitet rəhbərliyindən iddialarla bağlı heç bir açıqlama verilməyib.

Kaliforniya Universiteti (Berkli də daxil olmaqla 10 kampus daxildir) və ABŞ-da 500 universitet tələbə, əməkdaşlar üçün vaksini məcburi edib. Kampusa giriş icazəsi ancaq vaksin olunmuşlara veriləcək. İstisna ancaq əks göstərişi olanlara və dini əqidəsinə görə vaksin edilməyənlərə şamil ediləcək. Onlara isə universitetə daxil olmaq üçün həftədə iki dəfə testdən keçməklə xüsusi qayda müəyyən ediləcək.

Bu günlərdə bu məsələ ilə bağlı Azərbaycan İqtisad Universitetinin rektoru Ədalət Muradov da sosial şəbəkə üzərindən paylaşıb edib. O, başqa ölkələrin ali təhsil müəssisələrinin tələbələrə ənənəvi təhsil üçün vaksinasiya tələbi qoyduğunu bildirib. O, həmçinin qeyd edib ki, tələbələrin COVID-19 əleyhinə vaksinasiyası ənənəvi təhsilə 100% qayıtmaq üçün ən doğru qərardır... Rektor həmçinin tələbəsiz universitet görmək istəmədiyini də qeyd edib.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizin 51 ali təhsil müəssisəsinin 182 min tələbəsindən 60 minə qədəri artıq vaksinasiya olunub. K.Əsədov ölkəmizdəki ali təhsil müəssisələrinin də tələbələr qarşısında belə bir tələb qoymalarının mümkün olduğunu bildirib.

Ekspert bildirib ki, universitetlər də əyani təhsilə keçmək üçün öz təkliflərini verməlidirlər. Bu təkliflərdən biri də peyvənd olunan tələbələr üçün ənənəvi tədrisin başlaması ola bilər:

"Pandemiya göstərdi ki, ənənəvi təhsil o qədər də effektiv və əlçatan deyil. Ona görə də universitetlərin elmi şuraları da tələbələr qarşısında vaksinasiya tələbi qoya bilər. İyulun 1-dən toylara icazə verilib. Toya, eləcə də idman zalına getmək üçün vaksin tələbinin qoyulduğu halda buna heç kəs etiraz etmədi. Eyni tələb təhsildə də tətbiq olunmalıdır. Çox təəssüf ki, bizim ali təhsil müəssisələri ancaq Operativ Qərargahın qərarını gözləyir".

Ekpert deyir ki, universitetlər bunun üçün indidən təklif verməlidirlər. Vaksin olunmayan tələbələrə isə məsafədən təhsil imkanı yaradıla bilər: "Bütün hallarda qərar avqust ayına qədər verilməlidir. Çünki tələbələrin çoxu bölgələrdə yaşayır. Onlar vaxtında gəlib özlərinə Bakıda yaşamaq üçün kirayə ev tutmalıdırlar. Hər bir universitetin elmi şurası bu barədə təklifini açıqlaya bilər".

Universitetlər isə qərarın ancaq Operativ Qərargah tərəfindən verildiyini söyləyirlər. Əlaqə saxladığımız ali təhsil müəssisələrindən bildirdilər ki, gələn tədris ilində universitetlərdə dərslərin necə keçiriləcəyi virusa yoluxma sayından və buna görə veriləcək qərarlardan asılıdır.

İnfeksionistlər isə universitetlərdə koronavirus əleyhinə vaksinasiya edilmiş tələbələr üçün ənənəvi tədrisin bərpasını mümkün saysalar da pandemiya qaydalarına əməl edilməsinin vacibliyini vurğulayırlar.

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyir ki, ənənəvi təhsil bərpa edilsə belə, mütləq şəkildə əl gigiyenası, sosial məsafə və tibbi maska tələbinə əməl edilməli, universitetlərdə dezinfeksiya tədbirləri aparılmalıdır.

Qeyd edək ki, 2021-ci il fevralın 16-dan ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində ənənəvi tədris forması qismən bərpa olunub. Bu təhsil müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada aparılıb. Digər ixtisaslar üzrə tədris isə distant qaydada davam etdirilib.

Xatırladaq ki, 2020-ci il martın 3-dən pandemiya ilə əlaqədar təhsil müəssisələrində əyani tədris dayandırılıb.

Eləcə də oxuyun:

Əsas mövzular