BAKI, 29 iyun — Sputnik. Azərbaycanda "Pfizer" peyvəndinə növbə yaranıb. Sputnik Azərbaycan-a bu barədə vaksin vurdurmaq istəyən şəxslər məlumat veriblər. Roza Fərzəliyeva adlı vətəndaş Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onun "Pfizer" peyvəndi vurdurması üçün qohumları randevu.its.gov.az saytında qeydiyyatdan keçməyə çalışsalar da, sistemdə bu ayın heç bir təqvim gününə qeydiyyatdan keçə bilməyiblər.
Analoji problemlə "Pfizer" peyvəndi vurdurmaq istəyən hər kəs rastlaşır. Hətta "Pfizer" peyvəndinin artıq ölkədə tətbiq edilməyəcəyi, iyul ayında bu peyvəndin ancaq ikinci dozasından istifadənin mümkün olacağı barədə məlumatlar dolaşır.
Sputnik Azərbaycan "Pfizer" peyvəndinə yaranmış növbənin nə vaxt aradan qalxacağını araşdırıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, randevu.its.gov.az saytında "Pfizer" peyvəndinə qeydiyyat üçün bu aya yer qalmayıb. Bu səbəbdən də insanlar "Pfizer" peyvəndi üçün iyun ayına qeydiyyatdan keçə bilmirlər. Agentlikdən bildirilib ki, yer ancaq hansısa qeydiyyata düşən şəxs imtina edərsə boşala bilər. Qurumdan bildirdilər ki, "Pfizer" peyvəndinə insanlar ancaq gələn aydan növbəyə yazıla bilərlər.
Səhiyyə Nazirliyinin qeydinə görə, "Pfizer" peyvəndi üçün yalnız iyun ayında olan bütün yerlər dolub. Gələn aydan bu vaksinin daha tətbiq edilməyəcəyi barədə məlumatlar əsassızdır.
İnfeksionistlər isə insanların əsasən "Pfizer" peyvəndinə maraq göstərməsinin düzgün olmadığı qənaətindədirlər. İnfeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, insanların daha çox "Pfizer" peyvəndinə maraq göstərməsinin kökündə Avropanın bu vaksini qəbul etməsi dayanır:
"Almaniya "Pfizer" peyvəndi vurduranları öz ölkəsinə buraxacaq. Bəzi Avropa ölkələrinin vaksinlər arasında fərq qoyması insanları məcbur edir ki, həmin peyvəndlərə üstünlük versinlər. Amma tibbi baxımdan peyvəndlərin bir-birindən keyfiyyətinə görə elə bir üstünlüyü yoxdur. Vaksinlərin hamısı koronavirus əleyhinə hazırlanıb. Bu məsələyə Ümumdünya Səhiyyə Təşkilatı son qoymalıdır. Ölkələr vaksinlər arasında fərq qoymamalıdır".
"COVID-19 vaksin randevu" elektron xidməti aktiv edilib
Bu yazı çapa hazılanarkən Agentlik iyul ayı üçün "COVID-19 vaksin randevu" elektron xidmətinin aktiv edildiyi barədə məlumat yayıb. Orada qeyd olunub ki, iyul ayında COVID-19 xəstəliyinə qarşı peyvənd olunmaq istəyənlər 29 iyun tarixindən etibarən onlayn qaydada növbə götürə bilərlər. Bildirilib ki, bunun üçün yaşı 18-dən yuxarı olan şəxslər "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməlidirlər.
"Hazırda Azərbaycanda "CoronaVac", "Vaxzevria", "Sputnik V" və "Pfizer" vaksinlərindən istifadə edilir. Məlumat üçün bildirək ki, peyvənd olunmaq üçün növbəti ay üzrə onlayn növbənin götürülməsi cari ayın son günlərindən başlayaraq mümkündür. "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə qaydası ilə buradan tanış ola bilərsiniz", - məlumatda bildirilib.
Azərbaycanda əhaliyə hansı peyvəndlər vurulur
Hazırda Azərbaycanda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.
Xatırladaq ki, "Avropa Dərman Agentliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırda 4 vaksin ("BioNTech/Pfizer", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson") qeydiyyata alınıb.
"Pfizer" peyvəndi molekulyar biologiyanın ən müasir üsulları ilə hazırlanıb. Həmçinin mutasiya olunmuş koronavirusun S zülalının birləşdirilməsi ilə əmələ gəlib. Hazırda "Pfizer" peyvəndinin istifadəsi Bakıda Bakı Sağlamlıq Mərkəzində, Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanada, "Leyla Medical Center", "Caspian İnternational Hospital" və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında aparılır.