06:07 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
50 0 0

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Kürdə yaranan problem üzündən sakinlərin su ilə bağlı çətinlik çəkdiyini söyləyib. "Azərsu" ASC isə problemin həlli üçün layihələrin icra edildiyini deyir.

BAKI, 2 iyul — Sputnik. Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Kürün suyunun azaldığı ilə bağlı həyəcan təbili çalıb. Deputat qeyd edib ki, havalar istiləşdikcə Kürün suyunun azalmasıyla bağlı ona zənglər gəlir: "Keçən il olduğu kimi, bu il də Xəzərin suyu çay yatağını doldurub, adamlar yenə su maşınlarınin ümidinə qalıblar, heyvan-qara qırılır, duzlu dəniz suyu çay yuxarı qalxaraq Salyan ərazisinə yaxınlaşmaqdadır və s. Gözlənilməz xəbər deyil, ağlı olan hər kəs keçənilki faciəli durumun bu il də təkrarlanacağını bilirdi. Çünki təbiətin bizi üzləşdirdiyi bu çətinliyin qarşısını almaq üçün lazım olan işlər görülməyib, vədlər yerinə yetirilməyib, çayın, dənizin dilini bilən yerli insanların təklifləri nəzərə alınmayıb".

Deputat bildirib ki, dövlət ötən yay rayon camaatını susuzluqdan xilas etmək üçün qısa müddətdə mümkün olan bütün vasitələrə əl atıb. Bütün qonşu rayonların su maşınları Neftçalaya yönəldilib, cəmi bir neçə ay ərzində Neftçala şəhərinə su kəməri çəkilib və hər kəs arxayınlaşıb.

"Lakin bu rayon təkcə Neftçala şəhərindən ibarət deyil və təəssüf ki, şəhərin də su şəbəkəsi yarıtmaz vəziyyətdədir, təzələnməlidir, tamamlanmalıdır. Mən bir daha Nazirlər Kabinetinə, əlaqədar dövlət qurumlarına müraciət edirəm. Yağış yağacağına, Kürün yenidən aşıb-daşacağına ümid bəsləməsinlər. Dünyada təbii su ehtiyatları bizdən qat-qat az olan ölkələr, dövlətlər var. Su məsələsini necə həll edirlər? Öyrənmək çətin deyil. Bir yayı, iki yayı birtəhər yola verməklə iş bitməz. Aran rayonlarımızın su problemini əsaslı şəkildə həll etmək lazımdır", - deyə S. Rüstəmxanlı bildirib.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Neftçala ilə bağlı layihənin birinci mərhələsi ötən il icra olunub. Salyandan Neftçalaya 40 km-lik magistral su kəməri inşa olunub. Bu gün artıq Neftçala şəhəri yeni kəmərdən su alır. A. Cəbrayıllı həmçinin qeyd edib ki, "Azərsu" orada su doldurucu qüllələr quraşdırıb: "Həmin qüllələrdən su kəndlərə daşınır. Kəndlərdəki modul tipli təmizləyici qurğuların su anbarına ötürülür, oradan isə nasoslarla ümumi istifadədə olan bulaqlara verilir ki, insanlar təmiz sudan istifadə edə bilsinlər. Qeyd edim ki, bunun üçün lazımi qədər su maşını da ayrılıbdır".

Onun sözlərinə görə, artıq layihənin ikinci mərhələsinin icrasına balanılıb. Bu mərhələ şəhərin su təsərrüfat sistemlərinin yenidən qurulması və şəhərə yaxın kənd və qəsəbələrin su təsərrüfatının yaxşılaşdırılmasını ehtiva edir. Layihənin üçüncü mərhələsində isə digər kəndlərin su təminatı yaxşılaşdırılacaq. Bu gün həm Neftçala İcra Hakimiyyəti, həmçinin də "Azərsu" ASC tərəfindən maşınlarla su daşınır. Hətta bəzi kəndlərə su çənləri də qoyulub. Maşınlarla suyun daşınması davam edir.

Qeyd edək ki, Neftçalada analoji problem ötən mövsüm də yaranmışdı. Son illər Kür çayında suyun azalması səbəbindən codluğun yüksəlməsi suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız hala salıb. Buna görə də rayon mərkəzinin, eləcə də ətraf kənd və qəsəbələrin içməli suya olan tələbatı maşınlarla daşınan su hesabına təmin olunur. Bu səbəbdən də Prezident İlham Əliyev Neftçalada içməli su çatışmazlığının həlli üçün tapşırıq vermişdi.
Eləcə də oxuyun:

Teqlər:
"Azərsu" ASC, Neftçala, problem, içməli su

Əsas mövzular