İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 1 avqust— Sputnik. Ölkə çaylarında sululuq ilin 6 ayı ərzində 46 faiz azalıb və bu çox ciddi nəticədir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Nazirin müavini Şahin Mustafayev deyib.
O, bildirib ki, yağıntıların həcmi 2019-cu ildə 17 faiz azalmışdısa, bu ilin 6 ayı ərzində 25 faizə qədər azalıb. Bu, ona gətirib çıxarıb ki, ölkədə su ehtiyatları kəskin azalıb. Belə ki, ölkədə əsas su anbarlarının 20.5 milyard kubmetr su tutumu var, amma bu gün bu anbarlarda 10.9 milyard kubmetr su var: "Nəzərə alsaq ki, 8.6 milyard kubmetri ölü həcmdir, bundan istifadə etmək olmaz. Deməli, bizim istifadə edə biləcəyimiz 2.3 milyard kubmetr su var".
Baş nazirin müavini bildirib ki, müqayisə üçün keçən ilin bu günündə 12.5 milyard kubmetr, yəni 1.6 milyard kubmetr artıq, 2018-ci ildə isə 13.8 milyard kubmetr su olub: "Əsas su anbarımız olan Mingəçevir su anbarının tutumu 15.7 milyard kubmetrdir, ölü həcmi 7 milyard kubmetrə qədərdir. Bu gün orda 8.6 milyard kubmetr su var cəmi, ötən il bu rəqəm 9.6 milyard kubmetr idi. Bu o deməkdir ki, vəziyyət kifayət qədər gərgindir".
Bəs ölkədə su qıtlığını necə aradan qaldırmaq olar? Sputnik Azərbaycan bu məsələni araşdırıb.
Millət vəkili Asim Mollazadə açıqlamasında bildirib ki, su qıtlığının aradan qaldırılması üçün Azərbaycanda dünya təcrübəsindən istifadə edilməlidir: "Yağış sularının toplanılması üçün müvafiq rezervuarlar olmalı, dəniz suyunu qurğulara yararlı vəziyyətə gətirilməsi və suvarmada istifadə edilməsi üçün ciddi addımlar atılmalıdır".
Millət vəkili vurğulayıb ki, dünya təcrübəsində suvarma və içməli su üçün istifadə edilən su tamamilə fərqlidir. Azərbaycanda isə içməli su kimi və suvarma məqsədilə eyni sudan istifadə edilir.
"Kür suyu hazırda demək olar ki, Xəzər dənizinə gəlib çatmır. Çünki Gürcüstanda da, Azərbaycanda da Kürün suyu müvafiq texniki qurğularda istifadə edilir.
Millət vəkilinin fikrincə, Azərbaycan çox böyük su resursları var. Bu resurslar araşdırılmalı, onların səmərəli istifadəsi üçün çox ciddi planlar hazırlanmalıdır. Buna diqqətlə yanaşmalıyıq.
A.Mollazadənin sözlərinə görə, Azərbaycanda təbiətin qorunması istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır. O, həmçinin əlavə edib ki, ölkədə su balansının müəyyən edilməməsində məsul olan şəxslər prosesdən ayrılmalıdır: "Bunun üçün araşdırmalar aparılmalıdır. Günahkar şəxslər uzaqlaşdırılmalı, yeni, fərqli düşüncəyə malik olan məmurlar bu problemin həllinə cəlb edilməlidir".
Millət vəkili Naqif Həmzəyev bildirib ki, dayanaqlı inkişaf təmin edilməsi üçün bütün resurslar düzgün dəyərləndirilməlidir.
"Ölkə başçısının göstərişi ilə su təminatı məsələsi ilə bağlı mütəmadi olaraq müşavirələr keçirilir, müzakirələr aparılır və böyük layihələr həyata keçirilir" – deyən millət vəkili bildirib ki, ölkədə müşahidə edilən su qıtlığının bir neçə səbəbi var. Bura kənd təsərrüfatında müasir dövrün tələblərinə cavab verən texnikaların tam olaraq istifadə edilməməsi və quraqlığın olması daxildir.
"Artıq xüsusi fəaliyyət planı hazırlanıb. Su itkisinin qarşısının alınması üçün kanallar və ötürücü borular inşa edilir" – deyən millət vəkili hesab edir ki, bu problem yaxın zamanlarda öz həllini tapacaq.
Onun sözlərinə görə, içməli su itkisinin qarşısının alınması üçün də müəyyən addımların atılması nəzərdə tutulub.
"Böyük şəhər və rayonlarda beynəlxalq təşkilatlarla birlikdə su-kanalizasiya sistemləri yenidən qurulur. Vətəndaşlara içməli suyun fasiləsiz və keyfiyyətli şəkildə çatdırılması üçün dövlət tərəfindən layihələr həyata keçirilir. Düşünürəm ki, yaxın illərdə su təminatı ilə bağlı problemlər aradan qalxacaq" – millət vəkili bildirib.
N. Həmzəyev hesab edir ki, vətəndaşlar da sudan qənaətlə istifadə etməlidir.
Eyni zamanda, içməli su və suvarma sularının təminatında müasir texnologiyalardan istifadə edilməsini mühüm hesab edən millət vəkili bildirir ki, belə olan halda su qıtlığı problem aradan qalxar.