CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Suvarma sularına qanunsuz qoşulmalarda rayon icra başçılarının da əli var"

© Sputnik / Irade JELILNeftçaladan reportaj 2
Neftçaladan reportaj 2 - Sputnik Azərbaycan, 1920, 06.04.2021
Abunə olmaq
Ekspert: "Rayon kanal idarələrinin müdirləri vəzifəyə gələndə çox kasıb olurlar. İndi isə kanal müdirləri rayonun ən varlı adamlarıdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Suvarma sularının ədalətsiz bölgüsü məsələsi hər il yay aylarında aktuallaşsa da bu dəfə prezident İlham Əliyev problemə toxunaraq iradları dilə gətirib. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Mikayılovu qəbul edən İlham Əliyev bildirib ki, suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət alıb: "Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlərə su çatmırdı. Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır. Mən göstəriş vermişdim ki, su xətləri üzrə həm vizual monitorinq aparılmalıdır, yəni, yerində, eyni zamanda, müasir müşahidə sistemləri - kameralar quraşdırılmalıdır və bu qanunsuz birləşmələrə son qoyulmalıdır".

Министр сельского хозяйства Инам Керимов - Sputnik Azərbaycan, 1920, 30.07.2020
İnam Kərimov: "Bundan sonra suvarma sistemləri subsidiyalaşdırılacaq"

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, prezidentin səsləndirdiyi fikirlə tam razıdır:

"Yuxarı Qarabağ kanalı Mingəçevir bəndindən sağ sahildən suyu götürərək Yevlağın ərazisindən keçməklə, Bərdə, Ağdam, Ağcabədi, Beyləqan və İmişlinin ərasizində Araz çayına qoşulir. Bu kanalın İstismar İdarəsi var. Bu idarələr kanallara müəyyən şəxslərin nasoslar qoymasına icazə verir. Həmin idarələrin icazəsi olmadan heç kimin nasos qoymağa ixtiyarı yoxdur. Yəni əlavə nəzərdə tutulmayan həcmdə kanallardan da su götürürlər. İndi suvarmaya ciddi ehtiyac olmasa da, iyun, iyul, avqust ayında suvarma ilə bağlı ciddi problemlər yaranır. Nəzərdə tutulmayan 50 adam qanunsuz qoşulduqda su çatışmazlığı yaranır".

F. Həsənov deyir ki, bölgü elə aparılmalıdır ki, Beyləqandakı fermerlə Bərdədəki fermerə eyni su verilsin: "Qanunsuz qoşulma zamanı isə bu bölgü pozulur. Kanalın müdirinin icazəsi olmadıqda mühəndis qanunsuz kimisə kanala qoşa bilməz. Deməli həmin kanalların İstismar idarələrinin rəisləri buna rəvac verir. Fermer suvarma rejiminə əməl edə bilmədikdə məhsul əldə edə bilmir. Suvarma rejiminə- suvarma vaxtı, suvarma sayı və su norması daxildir. Bu rejimin hər hansı biri pozulduqda məhsuldarlıq aşağı olur. Əkin sahəsinin suvarma rejiminə əməl edə bilmədikdə fermerin qazancı da aşağı olur".

Həmsöhbərimiz bildirir ki, suvarma sularına qanunsuz qoşulmalarda rayon icra başçılarının da əli var: "Rayonlarda icra başçısı özlərini rayonun sahibi hesab edirlər. Onların tapşırığı ilə də suya qanunsuz qoşulmalar olur. Magistral kanalların uzunluğu kilometrlərlədir. Muğan düzündə 4 böyük kanal var. Mənbəyə yaxın ərazilərdə problem yaranmır. Uzaqlaşdıqca su çatışmazlığı yaranır. Ən çox narazılıq magistral kanalların sonunda müşahidə olunur. Rayon kanal idarələrinin müdirləri vəzifəyə gələndə çox kasıb olurlar. İndi isə kanal müdirləri rayonun ən varlı adamlarıdır. Onlar kanallara qanunsuz qoşulamalara imkan yaradaraq varlanırlar".

Pivot Suvarma sistemləri STP-da - Sputnik Azərbaycan, 1920, 25.07.2020
Fermerlər arasında müasir suvarma sistemlərinin tətbiqi təşviq ediləcək - Su olsa

Ekspert bildirib ki, Mingəçevir, Neftçala və Salyan rayonları ərazisində Kür çayı boyunca rəsmi 45 nasos stansiyası var.

Məlumat üçün xatırladaq ki, bir müddət öncə Kür çayı boyunca və digər su hövzələrində monitorinqlər aparılıb, yüzlərlə nəzarətdənkənar qoşulmalar aşkarlanıb.

Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə ötən ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə bu məsələyə toxunmuşdu. O, bildirmişdi ki əsas su və su təsərrüfatları obyektlərində aidiyyəti qurumlar tərəfindən 25 ədəd müasir ölçmə cihazı quraşdırılıb və əlavə 31 cihaz da quraşdırılacaq. Onun sözlərinə görə, Mingəçevir gölünə tökülən suya və çıxan suya artıq müasir cihazlarla nəzarət olunur, uçot müasir cihazlar vasitəsilə aparılır.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, suya qanunsuz qoşulmaların qarşısını hər hansı nəzarət metodları ilə almaq mümkün deyil: "Suvarma suyunu ədalətli bölmək üçün su borular vasitəsilə birbaşa təsərrüfatlara verilməlidir. Fermer su axtarışında olmamalıdır. Bölgüdə ola bilməz ki, ədalət olsun. Suyun ədalətli bölgüsü o vaxt olacaq ki, su mənbədən götürülərək borular vasitəsilə bütün təsərrüfatlara paylanılır. Fermer bir düyməni basmaqla əkin sahəsinin suya olan tələbatını istənilən vaxt ödəyə bilsin".

Pivot Suvarma sistemləri STP-da - Sputnik Azərbaycan, 1920, 24.07.2020
CƏMİYYƏT
Məhsuldarlıq olmayacaq! Suvarma problemi hər sahədə özünü göstərir

V. Məhərrəmovun sözlərinə görə, Azərbaycanın 5 milyard kub suvarma suyuna ehtiyacı var: "Biz ölkəmizi tam ərzaqla təmin edə biləriksə, bizə cəmi 5 milyard kub metr su lazımdır. Ölkəmizdə istifadə olunmuş su iki dəfə bundan artıqdır. Azərbaycanın resursu isə 6 dəfə bundan çoxdur".

Ekspert bildirir ki, köhnə qayda ilə suvarma artıq əksər ölkələrdə qəbul edilmir:

"Qardaş Türkiyənin bir neçə vilayətində suyun borularla verilməsi təmin edilib. Prezidentin dediyi kimi artıq dədə-baba qaydasında suvarmadan istifadə etmək olmaz. Bu zaman sudan ifrat dərəcədə istifadə edilir. Torpaqlar münbitliyini itirir, şoranlaşma baş verir. Su damcı suvarma metodu ilə istifadə edilərsə sudan səmərəli istifadəsi mümkündür"...

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən isə suallarımıza cavab ala bilmədik. Qurumun mətbuat katibi Dilqəm Şərifov nə iş, nədəki mobil telefonuna edilən zənglərimizə cavab vermədi. Bu səbəbdən də qurumda suvarma kanallarına qanunsuz qoşulmaların qarşısının alınması istiqamətində görülən işlərin nə yerdə qaldığını öyrənə bilmədik.

Xəbər lenti
0