03:54 14 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0722
  • RUB0.0237
CƏMİYYƏT
Qısa URL
133

"Dəmir yolu nəqliyyat vasitəsi turistlər üçün çox cəlbedicidir.  Qatarla səyahət edən turistlər ətrafdakı mənzərəni daha rahat seyr edə bilirlər. Bu isə onlara səyahət zamanı zövq verir".

BAKI, 19 may — Sputnik, Zülfiyyə Quluyeva. Qəbələ Azərbaycanda turizmin ən çox inkişaf etdiyi bölgə olsa da, indiyədək turistlərin Qəbələyə əlverişli və rahat ictimai nəqliyyat vasitəsi ilə gedib-gəlməsi mümkün deyildi. Bakıdan Qəbələyə yeni dəmiryol xəttinin çəkilməsi isə artıq turistlərin ölkəmizin bu dilbər guşəsinə qatarla səyahət etməsinə imkan yaradıb.

Dünən "Azərbaycan Dəmir Yolları" QSC və Dövlət Turizm Agentliyinin birgə təşəbbüsü ilə jurnalistlər üçün Qəbələyə qatarla təşkil olunan səfərin məqsədi də elə yeni çəkilən dəmiryol xəttinin bu bölgədə turizmin inkişafında əhəmiyyəti ilə bağlı idi.

Şəxsi maşınla eyni vaxtda

Jurnalistləri Qəbələyə aparacaq sürət qatarı perronda ilk sərnişinlərini gözləyirdi. Qatarın qapısında bizi gözləyən gülərüz bələdçi xanımlarla salamlaşıb, əllərimizi dezinfeksiya edərək ikimərtəbəli qatara daxil oluruq. Təmiz, səliqəli və kondisionerli vaqonlarda hərə öz yerini tutandan sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsinin müdiri Natavan Bayramova jurnalistlərə məlumat verir ki, indiyədək Bakıdan Ləki stansiyasına qədər dəmiryolu olub. Amma Ləkidən Qəbələyə yeni çəkilən dəmiryol xətti sayəsində artıq Ləkidən Qəbələyə qatarla getmək mümkün olacaq. O bildirir ki, Ləki–Qəbələ birxətli dəmiryolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb.

Dəmiryol xəttinin uzunluğu ox üzrə 42,3 km, yan yollarla birlikdə isə 44,5 km təşkil edir. Ləki-Qəbələ birxətli dəmiryol xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90 m) və tökmələrdən (12 m) keçir. Ümumilikdə layihə üzrə 122 ədəd (o cümlədən 7 körpü, 1 yolötürücü, 6 avtomobil alt keçidi, 2 heyvan keçidi və 106 suötürücü boru) süni mühəndis qurğusu, Ağdaş dəmiryol dayanacağı, Qəbələ dəmiryol stansiyası, Qəbələ dartı yarımstansiyasının tikintisi və Hacıalı yarımstansiyasının təmir işləri aparılıb. N.Bayramovanın bildirdiyinə görə, Bakıdan Qəbələyədək dəmiryol xətti 311 km, qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə təşkil edir. Bu, şəxsi maşınla Qəbələyə çatdığımız vaxta bərabərdir.

Dəmiryol xəttində İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan dördvaqonlu ikimərtəbəli sürət qatarından istifadə olunur. Qatar standart, biznes və birinci sinif vaqonlardan ibarətdir. Vaqonlardakı yerlərin ümumi sayı 363-dür, bunlardan 293-ü standart, 61-i biznes, 9-u isə birinci sinif yerlərdir. Yağış sularının kənarlaşdırılması və torpaq yatağının dayanıqlığını təmin etmək məqsədilə 16855 paqonmetr beton qanov, 430 paqonmetr drenaj xətti və 277 paqonmetr istinad divarının tikintisi tamamlanıb. Dəmiryoluna paralel olaraq layihə üzrə 10 kV-luq sərbəst yan qidalandırıcı elektirik verilişi xətti və kontakt şəbəkəsi quraşdırılıb. Həmçinin rabitə və işarəvermə işləri istismara hazır vəziyyətə gətirilib. Sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmiryolunun təhkim zolağı boyunca 84600 paqon metr metal hasar quraşdırılıb.

Bakıdan Qəbələyə qatar bileti neçəyə olacaq?

Qurumun sözçüsü hələ ki qatarda gediş haqqının müəyyən olunmadığını söylədi. Onun sözlərinə görə, Bakı-Qəbələ qatarında gediş haqqı tarifi müəyyən olunduqdan sonra bu barədə ictimaiyyətə geniş məlumat veriləcək.

© Sputnik / Zulfiyya Guluyeva
Qəbələ Dəmiryol Vağzalı

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev isə Bakı-Qəbələ qatarında daşınacaq sərnişinlər üçün nəzərdə tutulan bilet qiymətlərinə toxunur. Ekspert deyir ki, qatarda gediş haqqı tarifi barədə indidən qəti fikir söyləmək mümkün olmasa da, dəmiryolu ilə Bakıdan Qəbələyə olan məsafə ilə Bakıdan Gəncəyə məsafə arasında ciddi fərq yoxdur. Ona görə də qiymətlər də Bakı-Gəncə qatarında olduğu kimi müəyyənləşə bilər:

“Təbii ki, bu, mənim proqnozumdur. Standart 10 manat, biznes 25 manat. Amma dəqiq tariflər “Azərbaycan Dəmir Yolları” tərəfindən açıqlanacaq”, - deyə ekspert bildirir.

Wi-fi də var, isti su da...

Qatarla rayonlara səyahət deyəndə hər kəsin ağlında köhnə, alt-üst mərtəbəli yatacaq yerləri olan qatarlar canlansa da, sürət qatarında yatmağa olmasa da, əyləşməyə rahat oturacaqlar var. Hətta bələdçilər qatarda sərnişinlərin darıxmaması üçün wi-fi sistemi olduğunu da söylədilər. Sürət qatarında sanitar qovşaqda əl-üz yumaq üçün isti su, xüsusi zibil qutuları da qoyulub. Qatarda təhlükəsizlik kamerası, əlillərin rahat minib-düşməsi üçün qurğu, geyimlərin asılması üçün asılqan quraşdırılıb. Bu qatarların digərlərindən bir çox xüsusiyyətlərinə görə fərqləndiyi göz önündə idi. Geniş və işıqlı salonu olan vaqonlarda sərnişinlərin yorulduğu halda durub rahat gəzməsi də mümkündür.

© Official website of President of Azerbaijan Republic
Ləki stansiyası-Qəbələ birxətli dəmir yolu

Çoxları sürət qatarına minərkən qısa müddətdə, sürətlə mənzil başına çatacağını düşünsə də, qatar yolunun yaşayış məntəqələrindən keçməsi qatarın sürətini azaltmağa vadar edirdi. Burada bizə məlumat verilir ki, yolların vəziyyətindən asılı olaraq qatar tam sürətlə hərəkət edə bilmir.

Turistlər turizm bölgəsinə qatarla səyahət edəcəklər

Qəbələyə çəkilən dəmiryol xəttinin turizm baxımından əhəmiyyəti barədə elə qatardaca bizimlə səfər edən Dövlət Turizm Agentliyinin Regional Turizm İnkişafı Sektorunun müdiri Elgün Cavadov məlumat verir. O bildirir ki, Ləki-Qəbələ birxətli dəmir yolunun açılışı regional turizm üçün önəmli hadisədir. Onun sözlərinə görə, Azərbaycan kimi coğrafi baxımdan bir o qədər də böyük olmayan ölkələrdə qatarla səyahət çox vacibdir. E.Cavadov bildirir ki, Ləki qatarı Şəki-Zaqatala, Qəbələ-İsmayıllı regionunun turizm potensialının nümayiş etdirilməsi və gücləndirilməsi baxımından böyük önəm daşıyır:

“Qəbələ həm daxili, həm də gəlmə turizm baxımından Azərbaycanın əsas turizm mərkəzlərindən hesab olunur. Bu baxımdan ilin bütün mövsümlərində Qəbələ turist cəlb edən yeganə məkanlardan biri hesab olunur. Çünki burada həm qış turizm növləri, həm də yayda turizm üçün yetərli qədər imkanlar var. Bu gün qatarın məhz Qəbələyə çəkilməsi təsadüfi deyil və olduqca vacibdir”.
© Official website of President of Azerbaijan Republic
Qəbələ Dəmir yolu Vağzalı

Şöbə müdiri Sputnik Azərbaycan-a bildirir ki, dəmiryol nəqliyyat vasitəsi turistlər üçün çox cəlbedicidir. Həmçinin bu nəqliyyat növü  digərlərinə nisbətən daha təhlükəsiz hesab olunur. Onun sözlərinə görə, qatarla səyahət edən turistlər ətrafdakı mənzərəni daha rahat seyr edə bilirlər. Bu isə onlara səyahət zamanı zövq verir.  Agentlik rəsmisi deyir ki, qatar sərnişinlərin getdikləri yerə daha rahat çatma baxımından daha sərfəlidir. Onun sözlərinə görə, Bakı-Qəbələ dəmiryolunun çəkilməsi Qəbələyə turist axınını qoruyub saxlamaq üçün mühüm əhəmiyyət kəsb edəcək.

Qəbələyə turist axını daha da artacaq

Qatarda jurnalist vəzifəmizi unudub bir qədər də sərnişin kimi dincəlmək üçün birinci mərtəbəyə enirik. Sürətini artıran qatar hərəkət etdikcə yamyaşıl əkin sahələri, boy verib qalxan ağacları seyr etmək insana zövq verir. Qatarın həmişə olduğu kimi, sonuncu stansiyada ləngər vurub dayanacağına öyrəşsək də, sürət qatarında bu nostalji hissi yaşamadıq. Komfortlu sürət qatarının mənzil başına çatdığını, demək olar ki, hiss etmədik. Yeni inşa olunan Qəbələ Dəmiryol Vağzalının sərin foyesində jurnalistlərə məlumat verildi ki, pandemiya səbəbindən Abşeron dairəvi dəmiryol xətti istisna olmaqla, ölkədaxili və beynəlxalq istiqamətlərdə ötən ilin mart ayından sərnişin daşımaları dayandırılıb. Dəmiryolu ilə sərnişindaşıma bərpa edildikdən sonra Bakı-Qəbələ qatarı ilə bu bölgəyə səyahət etmək mümkün olacaq.

Qəbələ Dəmiryol Vağzalının yerləşdiyi Kürd kəndinin sakinləri, eləcə də digər qəbələlilər bu günü səbirsizliklə gözləyirlər. Sakinlər Sputnik Azərbaycan-a bildirdilər ki, vağzal fəaliyyətə başladıqdan sonra turizm bölgəsi olan Qəbələyə turist axını daha da artacaq. Bu isə onların güzəranını daha da yaxşılaşdıracaq. 

Vağzalın yaxınlığında öz şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən Kürd sakinləri isə sərnişinləri qarşılamağa hazır olduqlarını söylədilər. Axı Qəbələ Dəmiryol Vağzalını Qəbələnin mərkəzi ilə 20 kilometrlik məsafə ayırır... Qəbələ Hava Limanına yaxın yerləşən Qəbələ Dəmiryol Vağzalından rayonun mərkəzinə gedən yol isə abaddır. Sürücülər bildirdilər ki, vağzalın gələcək sərnişinlərini 15 dəqiqəyə Qəbələnin mərkəzinə və əks istiqamətə çatdıra bilərlər.

Onu da öyrəndik ki, hazırda rayonun İcra Hakimiyyətilə gələcəkdə Qəbələ Dəmiryol Vağzalından rayonun mərkəzinə sərnişinlərin daşınması üçün marşrut xəttinin açılması da müzakirə olunur.  

Rayon sakinləri qatarla Qəbələyə səyahət edəcək sərnişinlərin yolunu gözləsələr də, bizim gözləməyə vaxtımız az qalmışdı. Odur ki, elə gəldiyimiz sürət qatarı ilə də Bakıya döndük. Turizm cənnəti olan Qəbələyə yenidən qatarla səyahət etmək ümidilə...

Eləcə də oxuyun: 

* Gözəllik qoynunda tələlər: rusiyalı jurnalistin Füzuli təəssüratları - FOTO

* Sənətkarlar və zəhmətkeşlər yurdu Lahıc FOTOLARda

* "Gəlirimiz azalsa da qiyməti endirmişik". Qəbələdə qış turizm mərkəzindən REPORTAJ

Teqlər:
foto, video, reportaj, səyahət, qatar, dəmiryolu, Qəbələ

Əsas mövzular