19:24 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
QARABAĞ
Qısa URL
2579

Adama elə gəlir ki, Çernobıldan bəhs edən filmin çəkiliş meydançasındasan. Dağ yamaclarında gözə dəyən paslanmış tank qalıqları, qırılmış elektrik naqilləri, tank əleyhinə texnikanın atılıb qalmış hissələri bu kədərli təəssüratı bir az da gücləndirir.

BAKI, 17 may — Sputnik, Qaliya İbrahimova. "Yoldan bir addım da kənara çıxmaq olmaz! Hər yer minalanıb. Yalnız salınmış cığırla irəliləyin! Füzuli rayonu yaxınlığındakı Nəzarət-Buraxılış Məntəqəsində hərbçilər jurnalistlərlə bir qədər sərt davranırlar.

Maşın yavaş-yavaş cəmi yarım il bundan əvvəl döyüşlərin getdiyi şəhərə girir. Füzulidən yalnız xatirələr qalıb. Şəhər yerlə-yeksan olunub, indi burada yalnız mina sahələri var. "Bütün gəncliyim köçkünlükdə keçdi", – bu yerləri otuz il əvvəl tərk etmiş azərbaycanlı Sevinc Turabova belə deyir.

RİA Novosti-nin müxbiri II Dağlıq Qarabağ müharibəsindən sonra Azərbaycanın işğaldan azad olunmuş rayonlarında olan ilk jurnalistlərdəndir.

Ehtiyatlı olun: mina var!

Bizi Füzuliyə aparan Qara adlı sürücü yolun nahamar, döngələrin palçıqlı olmasından şikayətlənir.

"Benzin də çatdırmaq olmur. Yenə yanacaq doldurmalı olacağam", – sürücü deyinir.

© Sputnik / Aleksey Kudenko
Füzuli rayonunda hərbçilər

Kilometrlərlə yol artıq arxada qalsa da, şəhər hələ görünmür. Ətrafda meyvə ağacları, qırmızı-sarı zanbaq sahələri, dağlar gözə dəyir. Bəzi yerlərdə də dağıdılmış evlərin xarabalıqları görünür.

"Füzuli – indi "ruhlar şəhəri"nə dönüb, hərbçilərimiz burada bir dənə salamat bina tapmayıblar ki, bayrağımızı sancsınlar. Məcbur olub bayrağı hərbi hissənin sağ qalmış binasının üzərinə qaldırıblar", – deyə jurnalistləri müşayiət edən bələdçi və politoloq Nicat Hacıyev bildirir.

Yamaclara üstündə kəllə şəkli olan və "ehtiyatlı olun, mina var!" sözləri yazılmış qırmızı rəngli üçkünc göstəricilər vurulub. Ətrafdakı mənzərə nə qədər gözoxşayandırsa, bu işarələr bir o qədər yöndəmsiz görünür. Belə gözəlliklərin qoynunda "tələ"lərin gizlənməsinə inanmaq çətindir. Qarabağ müharibəsi vaxtı ərazilər ermənilər tərəfindən necə gəldi, xaotik şəkildə minalanıb.

"İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın 20-yə yaxın mülki vətəndaşı minaya düşüb. Erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə verməyib. Bununla zarafat etmək olmaz! Bir addım o yan-bu yana oldu, vəssalam!" – növbəti Nəzarət Buraxılış Məntəqəsi yaxınlığındakı hərbçi bizə xəbərdarlıq edir.
© Sputnik / Aleksey Kudenko
ANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmizləyirlər

Kələ-kötür yolda sürücü qəfil əyləci basır. Mavi uniformalı, üzlərində şəffaf dəbilqə olan iki nəfər yolu kəsib. Əllərində mina axtaran alətlər var.

"İstehkamçılardır!" - sürücü ucadan deyir, amma maşını saxlamır.

Adama elə gəlir ki, Çernobıldan bəhs edən filmin çəkiliş meydançasındasan, qoruyucu kostyumda olan bu insanlar isə qəzanın nəticələrini aradan qaldıran heyətin üzvləridir. Dağ yamaclarında gözə dəyən paslanmış tank qalıqları, qırılmış elektrik naqilləri, tank əleyhinə texnikanın atılıb qalmış hissələri bu kədərli təəssüratı bir az da gücləndirir.

"Ermənilərin hərbi texnikasıdır. Döyüş sahəsində atılıb qalıb", – bələdçimiz dillənir.

Təhlükəsizlik buferi

Füzulinin mərkəzinə iki kilometr var, bələdçimiz şəhərin sovet vaxtı nə ilə məşhur olduğunu sadalayır: kənd təsərrüfatı, heyvandarlıq... Ancaq Füzulinin əsas sərvəti üzümçülük olub.

"Ağdam portveyni bütün ittifaqa səs salmışdı, lakin onun Füzuli üzümündən hazırlandığını bilən adam azdır", – sürücümüz sözə qarışır.

© Sputnik / Aleksey Kudenko
"Araz" qəzetinin redaksiyasının dağıdılmış binası

O sovet dövrünü yaxşı xatırlayır: "Moskvaya ən dadlı, şirin meyvələr Azərbaycanın cənub-qərbindən, yəni bu yerlərdən göndərilirdi".

Erməni tərəfi 1992-1993-cü illər ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Füzuli də daxil olmaqla ətraf yeddi rayonu işğal etmişdi. Keçən ilin payızında Azərbaycan tərəfi itirdiyi əraziləri hərbi yolla geri aldı.

"Zəfər yolu"

"Füzulinin mərkəzi. Gəlib çatdıq", – bələdçimiz yorğun səslə dedi. Beş saatlıq yoldan sonra jurnalistlər maşından düşüb ətrafa boylanırlar. Əslində, burada şəhər-filan yoxdur, yenə qazılmış yollar, qırmızı üçkünc mina xəbərdarlığı lövhələri gözə dəyir. Ancaq böyük tikinti gedir.

Özüboşaldan maşınlar bir-birinin ardınca qum və çınqıl daşıyıb-gətirir, fəhlələr cəld həmin materialı yola yayırlar. Traktorlar isə torpağı hamarlayır.

"Zəfər yolu" salırıq. Bu yol Füzulini Şuşa ilə birləşdirəcək. Qırx səkkiz kilometrdir, əvvəl altı zolaqlı, sonra dörd. Eni də 29-21 kilometr", – traktorçu Anar məlumat verir.

Keçən ilin oktyabr ayında azərbaycanlılar Qarabağın cənub hissəsindən hücuma keçiblər.

© Sputnik / Aleksey Kudenko
Füzulidə beynəlxalq hava limanının uçuş-eniş zolağının tikintisi

"Bizim dağ kəndlərindən keçib Şuşaya çıxıblar. Bu yol da elə Füzuli və Hadrutdan keçəcək. Ordumuz bu cığırlarla irəliləyib", – deyə bələdçimiz dəqiqləşdirir.

Yerdə ölçmə işi ilə məşğul olan bir nəfər söhbətə qoşulur. Özünü mühəndis Nurlan kimi təqdim edərək deyir: "Şuşa Dağlıq Qarabağın iç hissəsində yerləşir. Bu şəhəri Azərbaycanın digər şəhərləri ilə birləşdirən yol Hadrutdan – Qırmızı Bazardan keçir. İndi orada rus sülhməramlıları var və keçid üçün onlardan icazə almaq lazım gəlir. Yeni magistral Azərbaycan üçün Şuşaya alternativ yol açır".

Füzulidə beynəlxalq aeroportun inşası da planlaşdırılır.

"Şuşa dağ iqliminə malik kurort şəhəridir, həmişə turistləri özünə cəlb edib. Artıq Şuşa bizim mədəniyyət paytaxtımız elan olunub. Ancaq dağlıq relyefə malik olduğuna görə Şuşada aeroport tikmək çox çətindir. Ən yaxın rayon isə Füzulidir. Turistlər bura təyyarə ilə gələrək yeni salınan yolla çox tez Şuşaya gedib çata bilərlər", – deyə mühəndis izah edir.

"Qayıdın, ora getmək olmaz, minalar var!" – tikinti meydançasında yenə jurnalistlərə xəbərdarlıq olunur. Bu qışqırıq səsi bizi reallığa qaytarır. İstehkamçılar ərazini minalardan təmizləyənə kimi bu yerlərdə hər addımda minaya düşmək qorxusu qalır.

© Sputnik / Aleksey Kudenko
Xocavənddən Şuşaya avtomobil yolunun tikintisi, arxiv şəkli

Vətənə uzun qayıdış yolu

"Teatr, kitabxana, park. Evimiz haradasa buralarda olmalıydı. Məktəb şair Füzulinin heykəli ilə üzbəüz idi, onun düz arxasında isə bizim evimiz, həyətimiz, üzümlüklərimiz yerləşirdi", – bizimlə birlikdə Füzuliyə gələn azərbaycanlı qadın asta səslə dillənir.

İnşaat sahəsinə diqqətlə baxaraq nəyisə ayırd etməyə çalışır.

"Bu, Sevinc Turabovadır. Birinci Qarabağ müharibəsinə kimi Füzulidə yaşayıb. Jurnalistləri ora apardıqlarını biləndə xahiş edib ki, onu da götürsünlər. Söz verib ki, qrupdakılarla ayaqlaşacaq, minalardan ehtiyatlı olacaq", – bələdçimiz tələm-tələsik əlavə edir.

"Heç olmasa, evimizin yerini tapa bilsəydim... Fikirləşirdim ki, bəlkə, dağıntıları da olsa, qalar, amma heç nə yoxdur. Hər bir halda, uzun illərdən sonra bura gələ bildiyimə görə çox sevinirəm", – qadın üzünü jurnalistlərə tutub deyir.

© Sputnik / Galiya Ibragimova
Sevinc Turabova ailəsi ilə

Füzuli uğrunda döyüşlər gedəndə Azərbaycanda sərt karantin rejimi tətbiq olunmuşdu. Buna baxmayaraq, evdə oturmaq mümkün deyildi: Sevincin həmyerliləri Füzulinin azad olunmasını qeyd etmək üçün küçələrə axışmışdılar. Sevinc elə ertəsi gün Füzulidəki evləri üçün məişət əşyaları, xırda-para təsərrüfat malları almaq üçün mağazaya yollanıb. Həyat yoldaşı onu yolundan saxlamağa çalışıb, deyib ki, məcburi köçkünlərin dərhal vətənə qayıtması mümkün olmayacaq, buna vaxt tələb olunur. Ancaq Sevinc geri çəkilməyib.

"Ətrafdakılar mənə dəli kimi baxırdılar. Hələ hərbçilər Füzulidən çıxmamışdılar, mən isə artıq oradakı evimizə pərdə, qab-qacaq seçirdim".

Siyasətçilərə inanıb gözləyirdik

Sevinc Birinci Qarabağ müharibəsində Füzuli uğrunda gedən döyüşləri yaxşı xatırlayır. Hər şey gözlənilmədən baş verdi. İnsanlar heç nə götürmədən evlərini tərk etdilər. Atası tələm-tələsik həyat yoldaşını və uşaqlarını köhnə "Moskviç"inə mindirərək şəhərdən çıxarıb. Qonşularının evi Sevincin gözləri qarşısında yerlə-yeksan olub. Atası onları şəhərdən çıxaran kimi Füzuliyə hücum başlayıb.

© Sputnik / Aleksey Kudenko
Füzuli rayonunda məhv edilmiş texnika

"1993-cü il avqustun iyirmi dördündə iyirimi yaşım tamam oldu. Həmin vaxt Füzulini artıq bombalamışdılar. Mən yetkinlik həyatıma belə başladım. Bütün gəncliyim müharibə haqqında xatirələr və köçkünlükdə keçdi", – Sevinc Turabova o günləri belə xatırlayır.

Ailəyə əvvəl qohumları öz evində sığınacaq verib, bir neçə ildən sonra isə Bakıya gəliblər. Paytaxtda günləri çətin keçib. Tikintisi başa çatmamış binada işıqsız, susuz, istiliksiz yaşayıblar. Amma tezliklə Füzuliyə qayıdacaqlarına olan inamlarını heç vaxt itirməyiblər.

"Televizorda həmişə ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı iclaslarını göstərirdilər. Biz də inanırdıq. Heç birimiz təsəvvür etməzdik ki, bu günü 30 il gözləməli olacağıq".

© Sputnik / Aleksey Kudenko
Füzulidə dağıdılmış binalar

İllər keçir, Sevinc ailə qurur, əvvəl oğlu, sonra da qızı dünyaya gəlir. Elə həmin şəraitsiz evdə yaşayırlar. Sonra onlara Bakıdan ev verilir.

"Uşaqlardan "Haralısan?" deyə soruşanda, həmişə deyirlər ki, "Füzulidənəm"".

Sevincin anası Füzulini bir daha görmədən dünyadan köçür.

"Amma atam sağdır, "Moskviç"i də durur. Elə həmin maşında da geri qayıtmağı düşünür".

© Sputnik / Aleksey Kudenko
Füzulidə dağılmış binanın qarşısında yanmış avtomobil

Ancaq Sevinc başa düşür ki, Füzulini minalardan təmizləməmiş insanlar ora qayıda bilməyəcəklər. Bununla belə, nikbinliyini itirmir:

"Füzulidə evimizi yenidən tikəndə mütləq toyuq hinimiz də olacaq. Bu mənim ən böyük arzumdur", – o qəfildən dillənir.

"Biz şəhəri tərk edəndə yolda birdən yadıma düşdü ki, hinin qapısını açmağı unutmuşam. Orada balaca, sapsarı cücələrimiz var idi. Atama yalvardım ki, geri qayıdaq. Lakin artıq gec idi..."

Həmin sapsarı cücələr tez-tez Sevincin yuxularına girir, hər dəfə qapısını açıb onları çölə buraxdığını görür.

© Sputnik / Aleksey Kudenko
Füzulidə beynəlxalq hava limanının uçuş-eniş zolağının tikintisi

"Mən mütləq Füzuliyə qayıdacağam", – söhbətimizin sonunda o, qətiyyətlə deyir.

Eləcə də oxuyun:

* Fulya Öztürk haqqında film çəkiləcək - "Artıq Şuşadayam. Qarabağ Azərbaycandır!" deyəcək

* Bütövlüyünə qovuşan Alxanlı hələ də erməni terrorundan əziyyət çəkir - REPORTAJ

* Ordumuzun yarıb keçdiyi “Ohanyan səddi”ndən - REPORTAJ

 

Teqlər:
"RİA Novosti", reportaj, jurnalist, rusiyalı, Azərbaycan, Qarabağ, Füzuli

Əsas mövzular