16:07 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
20910

"Hamı gedə bilsə, bu tədbirin nə mənası var ki? Polis əməkdaşları 24 saat xidmət aparırlar - soyuqda, istidə... Bu xidmət təşkil edilib ki, yoluxmanın sayı azalsın" - BDYPİ rəsmisi

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 29 dekabr — Sputnik. Daxili İşlər Nazirliyi həftə sonları və bayram günlərində vətəndaşların "icaze.e-gov.az" portalından icazələri olsa belə, bölgələrə buraxılmayacağı ilə bağlı xəbərdarlıq edib.

Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkənin bəzi şəhər və rayonlarında tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya "icaze.e-gov.az" portalına daxil edilmiş məlumatlar əsasında həyata keçirildiyindən son vaxtlar xüsusilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayan və işləyən şəxslərin kütləvi şəkildə ailə üzvləri ilə birgə məhz həftəsonu və ya bayramqabağı ezamiyyə adı ilə respublikanın ayrı-ayrı bölgələrindəki istirahət zonalarına getmələri müşahidə olunur.

Verilən icazədən sui-istifadə hallarının qarşısının alınması məqsədilə həftənin şənbə və bazar, habelə bayram günləri xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərə giriş və ya çıxış etməyə cəhd edənlər karantin postlarından buraxılmayacaqlar.

Bildirilib ki, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonların inzibati ərazilərində, o cümlədən istirahət mərkəzlərində polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən mütəmadi reydlər keçiriləcək və bu zaman iş icazələrindən sui-istifadə edərək istirahət mərkəzlərində olan şəxslər aşkar ediləcəyi təqdirdə belə icazələr ləğv ediləcək, habelə onlar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.

Xəbərdarlıqda həftə sonları və bayram günləri qeyd edilsə də, postlarda bölgələrə buraxılmama qadağası bu gündən başlayıb.

Bu barədə Sputnik Azərbaycan-a şikayətçi Zaur Nurməmmədov məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında işlə əlaqədar Gəncəyə getmək üçün Bakıdan çıxıb. Və postda saxlanılıb: "Polis postlarında Bakı qeydiyyatı olan heç kimə Bakıdan çıxmağa icazə vermirlər. Qeyd edim ki, portal icazəsinə, ezamiyyə vərəqəsinə fikir vermirlər".

Sputnik Azərbaycan məsələni araşdırıb. BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzən "icaze.e-gov.az" portalından icazəsi olanlar ailə-uşaq götürərək, rayonlara gəzməyə gedirlər. Bu tədbirlərin tətbiq edilməsi gediş-gəlişi dayandırmaq, yoluxmanın qarşısını almaq məqsədi daşıyır: "Hamı gedə bilsə, bu tədbirin nə mənası var ki? Polis əməkdaşları 24 saat xidmət aparırlar - soyuqda, istidə... Bu xidmət təşkil edilib ki, yoluxmanın sayı azalsın".

N.Piriyev qeyd edib ki, şəxsin həqiqətən rayonlara iş üçün gedib-getməməsi postlarda olan polis əməkdaşları tərəfindən araşdırılır:

"Bizim qaynar xəttimiz var. Oraya müraciət edib, dəqiqləşdirirlər. İcazə olandan sonra buraxırlar. Qəti şəkildə deyilməyib ki, heç kimi buraxmaq olmaz. Hər bir halda yerində araşdırılır. Şəxs nə işlə məşğuldur, həqiqətən işləyirmi, gördüyü iş nədən ibarətdir və s. bu kimi məsələlər araşdırılır. Ehtiyac olarsa, şəxsin işlədiyi şirkətlə də əlaqə saxlanılır".

Onun sözlərinə görə, "icaze.e-gov.az" portalından qeydiyyatdan keçib, sui-istifadə edənlərin sayı çoxdur.

Bu səbəbdən vətəndaşların icazəsi yerində araşdırılıb, sonra buraxılır.

Bu işdə həqiqətən polis əməkdaşlarının əziyyət çəkdiyini vurğulayan şöbə rəisi qeyd edib ki, postlardan buraxılmamaq vətəndaşların xoşuna gəlməyə bilər. Amma polis əməkdaşları soyuq-isti demədən, vətəndaşlarla bir-bir təmasda olmaqla xidmət aparırlar. İnfeksiyaya yoluxma riski də böyük olur. Aktiv xəstələr portalda qeydiyyatda olsalar da, bəzən insanlar özləri də xəstə olduqlarını bilmirlər axı. Polis də əlini sənədlərə vurur, maska olsa belə, ünsiyyət qurmaq riski artırır.

"Məqsəd yoluxma sayını azaltmaqdır. Özünüz də fikir vermisiniz ki, karantin rejimi sərtləşdirildikdən sonra yoluxma sayı azalıb", - deyə o əlavə edib.

Hüquqşünas Səməd Vəkilov isə açıqlamasında bildirib ki, icazəsi olan vətəndaşlar sərt karantin rejimi tətbiq edilməyən bölgələrə gedirlərsə, polisin bu işə müdaxilə etməyə səlahiyyəti yoxdur:

"Bu barədə yalnız Operativ Qərargah qərar verə bilər. Daxili İşlər Nazirliyi icraedici orqandır. Nazirlik Operativ Qərargahın qəbul etdiyi qərarları icra edə bilər".
Teqlər:
karantin, portal, ezamiyyə, xüsusi icazə, icazə, rayon, yol, polis, Bakı

Əsas mövzular