10:39 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
9720

"Daşıyıcı şirkətlər öz avtobuslarını cəbhə bölgəsinə göndəriblər. Hər şirkətin beş-on avtobusu cəbhə bölgəsinə göndərməsi avtobus sayının azalmasına səbəb olub"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr — Sputnik. Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə əlaqədar ekspress xətlər üzrə avtobuslar fəaliyyət göstərir. Oktyabrın 19-dan etibarən sərnişin daşımaları əvvəlcədən hazırlanan nəqliyyat planına uyğun olaraq təşkil edilir. Ekspress xətlər fəaliyyətə başlasa da, sərnişinlər avtobusların gecikməsindən narazılıq edirlər. Onların sözlərinə görə, metro fəaliyyətini dayandırdıqdan sonra ümidləri ekspress avtobuslara qalsa da, avtobus gözləməkdən yorulurlar. Avtobuslarda sərnişin çox olduğundan, bəzən ekspress avtobuslara minmək belə mümkün olmur. Bu hallar müntəzəm avtobuslarda da müşahidə edilir. Xüsusilə 3 və 6 saylı avtobuslarda gecikmə halları daha çoxdur. Sputnik Azərbaycan metronun fəaliyyəti dayandırıldığı dövrdə sərnişinlərin daşınmasında yaranan çatışmazlıqların aradan qaldırılması yollarını araşdırıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev yaranmış gecikmələrin yollarda yaranmış tıxac səbəbindən baş verdiyini bildirib. Onun sözlərinə görə, gecikmələrin baş verməsinə səbəb avtobus azlığı deyil: "Ötən həftə ərzində marşrut xətləri üzrə gündəlik sərnişin səfər sayı 1900000-2000000 arasında dəyişib. Ümumilikdə isə xətlərə 2100-2200 ədəd avtobus çıxarılıb ki, bu da adi rejimlə müqayisədə 15% çoxdur. Sıxlıq və tıxac olan yollardan keçən bütün müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr baş verir".

"Məsələn, oktyabrın 26-sı axşam saatlarında Ziya Bünyadov prospekti Çermet körpüsündən 20 Yanvar dairəsi istiqamətində, Abdulvahab Salamzadə küçəsi–Ceyhun Səlimov küçəsi ilə kəsişmə (Ziya Bünyadov prospekti və Ak.Həsən Əliyev küçəsi), Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospektinə gedən yol, Abbasqulu ağa Bakıxanov küçəsi – Türkiyə səfirliyi istiqamətində, Tbilisi prospekti - 20 Yanvar dairəsi istiqamətində, Qara Qarayev prospekti –Dakar dairəsi istiqamətində nisbətən sıxlıq, Rəşid Behbudov küçəsi – Qış parkına qədər nisbətən (Füzuli küçəsinə qədər), Yusif Səfərov küçəsi–Heydər Əliyev prospekti istiqamətində, Heydər Əliyev prospekti–Bağırov körpüsündən "Koroğlu" metro stansiyası və şəhər istiqamətində köməkçi yolda, Şah İsmayıl Xətai prospekti - Heydər Əliyev prospekti istiqamətində, Mikayıl Useynov prospekti – Azneft dairəsi istiqamətində müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr qeydə alınıb. Avtobusların sıxlıqda gecikməməsi və hərəkət intervalının tənzimlənməsi üçün bütün zəruri tədbirlər görülür. Müvafiq küçə və prospektlərdə işıqforlara "yaşıl dalğa" əmri tətbiq edilir. Sərnişin tələbatı yüksək olan istiqamətlər üzrə ehtiyat avtobuslar cəlb edilir", - deyə M. Ağayev əlavə edib.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avtobusların gecikməsinə təsir edən iki amil var. Onun sözlərinə görə, yollarda tıxac avtobusların intervala uyğun hərəkətinə mane olur: "Yollarda yaranmış tıxac pik saatlarda avtobusların gecikməsinə təsir göstərir. Amma digər danılmaz fakt avtobusların sayının azlığıdır. Xətlərdə avtobusların sayı yetərincə deyil. Daşıyıcı şirkətlər öz avtobuslarını cəbhə bölgəsinə göndəriblər. Hər şirkətin beş-on avtobusu cəbhə bölgəsinə göndərməsi avtobus sayının azalmasına səbəb olub. Bununla belə daşıyıcı şirkətlərdə olan bütün avtobuslar xidmətdədir. Əhali bunu nəzərə almalı, zərurət yaranmadığı halda evdən çıxmamalıdır".

Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya və müharibə dövründə əhali vəziyyəti anlayışla qarşılamalıdır: "Elə bir vəziyyətdir ki, cəbhədə vəziyyət gərgindir. Eyni zamanda koronavirus pandemiyasına görə virusa yoluxmada artım müşahidə olunur. Bütün bunlara görə metronun bağlanması zəruri idi. Güman edirəm ki, bu problemlər qısa zamanda arxada qalacaq. Ona görə də sərnişinlər bir qədər anlayış nümayiş etdirməlidirlər".

Əsas mövzular