İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 5 oktyabr — Sputnik. Son günlər paytaxtın küçə və prospektlərində böyük tıxaclar müşahidə edilir. Xüsusən Bakı-Sumqayıt yolunda, Ziya Bünyadov, Neftçilər prospekti, Sabunçu-Zabrat yolunda tıxaclar saatlarla davam edir.
Bu gün səhər isə hava yağışlı olduğu üçün bəzi ərazilərdə, xüsusən Bakı-Sumqayıt yolunda hərəkət saatlarla dayanıb.
Yolda dəmiryol körpüsünün tikintisi aparıldığı və yolun yaş olması, sürüşməyə səbəb olduğu üçün bütün avtomobillər sürəti azaldaraq hərəkət edir, bu da tıxacın müddətini artırır.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yağışlı havalarda tıxac müxtəlif səbəblərdən yaranır.
"Yağışlı havalarda yollar yaş və sürüşmə ehtimalı olduğunu görə sürücülər avtomatik olaraq təhlükədən yayınmaq üçün sürəti azaldır. Çünki quru yol ilə yaş yolun əyləc məsafəsi eyni olmur. Buna görə də yollarda ötürücülük qabiliyyəti aşağı düşür və tıxac müşahidə edilir", - deyən ekspert vurğulayıb ki, yağışlı günlərdə sürücülərin diqqət etdiyi əsas məqamlardan biri elə sürət həddinin tənzimlənməsidir.
Bununla yanaşı, yağışlı günlərdə yollardakı vəziyyət nəzərə alınaraq, təkərlərin də necə olduğuna fikir verilməlidir. Belə ki, yeyilmiş, aşınmış, "keçəlləşmiş" təkərlərin asfaltda sürüşmə ehtimalı daha böyük olur.
"Yəni əgər quru asfaltda avtomobili 10 metr qalmış saxlamaq olurdusa, yağışlı havalarda bu məsafə 15-16 metr olur. Yağışlı havalarda hesab düzgün aparılmadığına görə həmin 5 metr məsafədə toqquşma ehtimalı artır. Bu səbəbdən də sürücülər daha diqqətli olmalıdırlar", - deyən E.Muradlı bildirib ki, müharibə şəraiti ilə əlaqədar əsgərlərimizə yardım aparan şəxslərin sosial şəbəkələrdə mənzil başına tez çata bilmək üçün daha sürətli avtomobil idarə etdikləri qeyd edilir.
"Bu, yanlış addımdır. Hər bir kəs bilməlidir ki, istənilən qəza şəraitinin yaranması üçün yüksək sürət əsas amildir. Diqqətli olmaq lazımdır".