CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pilləli iş saatı olarsa, yollardakı sıxlıq aradan qalxa bilərmi? - ZİDDİYYƏT

© Sputnik / Maksim Blinov / Mediabanka keçidАвтомобильная пробка, фото из архива
Автомобильная пробка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Restoranlar, kafelər əvvəllər axşam saat 11-12-dək işləyirdisə, indi işlərini daha tez yekunlaşdırmalı olur. İndi elə bir situasiyadır ki, hamı eyni vaxtda işdən çıxmalı olur. Vaxt məhdudiyyəti 21:00 yox, 23:00 olsaydı, bu sıxıntı bu qədər olmayacaqdı" - Fazil Mustafa

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Sentyabrın 28-dən etibarən komendant saatının elan olunması xüsusən Bakıda yollarda sıxlığa səbəb olub. Yollarda yaranan sıxlıqla əlaqədar olaraq avtobusların da intervallarında gecikmələrin yaranması dayanacaqlarda böyük sərnişin sıxlığı ilə nəticələnir. Artıq bir neçə gündür ki, metronun da fəaliyyətinin dayandırılması və bununla əlaqədar olaraq avtobus sərnişinlərinin sayının çoxalması da bu sıxlığı artırır.

Belə olan vəziyyətdə nə etməli? Digər ölkələrin təcrübələrindən yararlanaraq iş saatlarının müxtəlif vaxtlarda başlanıb, müxtəlif vaxtlarda bitmə təcrübəsini necə, tətbiq etmək olarmı?

Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında komendant saatında bunun elə bir effekt verməyəcəyini deyir:

"Komendant saatı var. Cərimə olunmamaq üçün hər kəs çalışır ki, 9-dək evdə olsun. Bu səbəbdən vəziyyəti tənzimləmək çox çətindir. Belə bir ərəfədə hərəkət etmək ümumiyyətlə mümkün olmur. Hesab edirəm ki, iş saatlarının pilləli olması ilə nəsə həll olunmur. Komendant saatı, hərbi vəziyyət bitdikdən sonra bu barədə danışmaq daha doğru olar".

"Restoranlar, kafelər əvvəllər axşam saat 11-12-dək işləyirdisə, indi işlərini daha tez yekunlaşdırmalı olur. İndi elə bir situasiyadır ki, hamı eyni vaxtda işdən çıxmalı olur. Vaxt məhdudiyyəti 21:00 yox, 23:00 olsaydı, bu sıxıntı bu qədər olmayacaqdı", - deyə millət vəkili əlavə edib.

Автобус в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Avtobusların gecikməsi ilə bağlı daha bir açıqlama

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında pilləli iş saatlarının olmasının səmərəsindən danışıb: "Operativ Qərargahın dövlət qurumlarında çalışan işçilərin sayının 30 faiz azaldılması ilə bağlı qərarı var. Biz də bildiririk ki, pilləli iş saatlarının olması çox yaxşıdır. Bu həm yollarda nəqliyyat vasitələrinin intensivliyi, həm də sərnişin axınının idarə olunması baxımından səmərəlidir".

Nəqliyyat üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında sıxlığın aradan qaldırılması üçün təkliflər irəli sürüb: "Faktiki olaraq sıxlıq metronun fəaliyyətinin dayandırılması ilə bağlıdır. Reallıq ondan ibarətdir ki, metro pandemiyanın müxtəlif dövrlərində də işləmədiyindən ictimai nəqliyyat sırf avtobusların üzərində köklənmişdi. Buna görə də bu sıxlıq nəzarətdə olan bir prosesə çevrilmişdi. Yəni intervallar, daha çox avtobusların xətlərə buraxılması, dövlət müəssisələrində, özəl sektorlarda mərhələli, pilləli iş qrafikinin tətbiqi, işçilərin məhdud sayda işə cəlb olunmasını görə bildik. Yəni yay aylarında bütün bunların olması ictimai nəqliyyatda sıxlığın yüksəliş həddinə çatmamasına səbəb oldu".

"Dərhal metronun bağlanması ictimai nəqliyyatın, avtobus seqmentinin iflasına gətirib çıxartdı. Bu haradasa başa düşüləndir. Çünki insanlar işləyir, avtobusdan istifadə edirlər. Nazirlər Kabinetinin dövlət qurumları ilə bağlı qərarına görə, işçilərin say həddi 30 faizədək azaldılır. Bununla bağlı NK-nın özəl sektora tövsiyələri olsa da, görünən budur ki, özəl sektor bununla bağlı hələ ki qərar qəbul etməyib", - deyə ekspert əlavə edib.

A.Allahverənov deyir ki, pilləli iş rejimi ilə yanaşı, dövlət qurumlarına şamil olunan 30 faizin özəl sektora da şamil edilməsi, daha çox avtobusların xəttə buraxılması, intervalların azaldılması vacibdir ki, sıxlıq aradan qaldırılsın. Ekspert bildirir ki, bu məsələ kompleks şəkildə həll olunarsa, müəyyən nəticələr əldə edilə bilər.

Затопление на дорогах Баку после дождя - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yağış, sürət, tıxac və cəbhəyə gedən yardımlar - diqqətli olmaq lazımdır

Xatırladaq ki, pilləli iş saatı təcrübəsi 2016-cı ildə olmuşdu. Belə ki, I Avropa Oyunlarının keçirildiyi vaxtda, Nazirlər Kabineti bununla əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq üçün sərəncam vermişdi. Sərəncama görə, bir aylıq müddətdə, yəni, mayın 1-dən iyulun 1-dək Bakıda fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə müəyyənləşib. Sərəncama əsasən, işçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək, işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək, işçilərin 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək, 25 faizi üçünsə saat 9:30-dan saat 18:30-dək pilləli iş rejimi müəyyən edilmişdi. Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin isə əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dək, işçilərin 50 faizi üçün saat 8:30-dan saat 17:30-dək pilləli şəkildə təşkili tövsiyə edilmişdi.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilib. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur. Lakin indiki şəraitdə yollardakı sıxlığa nəzər yetirərək özəl sektorun bu tövsiyələrə nə dərəcədə əməl etdiyini demək çətindir.

Xəbər lenti
0