18:28 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Dünyanı cənginə almış bəla (313)
39610

"Hazırki vəziyyətdə isə işsizlik probleminin qarşısını almaq mümkün olmayacaq. Bunun üçün də, dövlətin nə qədər imkanı var, sosial təminat sistemini gücləndirmək lazımdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 iyun — Sputnik. Pandemiya ilə əlaqədar Avropa ölkələrində işsizlik sürətlə artır. Avropa İttifaqının iş yerləri və sosial hüquqlar üzrə komissarı Nikolas Şmit keçirdiyi onlayn brifinqdə yaxın vaxtlarda İttifaqın 27 üzv ölkəsində 30 milyondan artıq adamın iş yerlərini itirə biləcəyi barədə həyəcan təbili çalıb. O əlavə edib ki, təcili tədbirlər görülməsə, qismən məşğulluq tam bir işsizliklə əvəzlənə bilər: “ABŞ işsizliklə bağlı vəziyyətin cəmi bir ay ərzində partlayışa düçar olduğunu bizə əyani göstərdi. Avropa belə bir şeyə yol verə bilməz”.

Sputnik Azərbaycan ölkəmizdə pandemiya dövründə işsizlik probleminin yaranıb-yaranmadığını, problemdən çıxış yollarını araşdırıb.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə prezidentinin təşəbbüsü ilə İqtisadiyyat Nazirliyinin təklifləri əsasında aktlar qəbul edilib, sahibkarlara karantin dövründə minimum əmək haqqı həddində ödənilməsi üçün vəsait ayrılıb. Amma ekspert deyir ki, bütün bunlar müvəqqəti tədbirlərdir:

“Dövlət büdcəsi buna tab gətirə bilməz ki, özəl sektorda işləyənlərə minimum həddə əmək haqqı versin. Görülən tədbirlər, işəgötürənlərə işçilərlə bağlanmış əmək müqaviləsinə xitam verməməyi tövsiyə etmək kimi çağırışlar da yaxşıdır. Amma bunun qarşısını tam almaq mümkün deyil. Bundan əlavə, Azərbaycanda rəsmi statistikaya inansaq, işləyənlərin üçündən biri muzdlu işə cəlb olunanlardır. Yəni bunlar əmək müqaviləsi olanlardır. Amma qalanın əksəriyyəti qeyri-formal əmək sektorundadır. Onlara dövlətin nəzarəti mümkün deyil. Tutaq ki, tikintidə 50 nəfər işləyirdi, onun 10 nəfəri ilə əmək müqaviləsi var. Yerdə qalanlarına işə gəlməmələri deyilibsə, buna dövlət nəzarət edə bilməyəcək. Elə bizdə əsas itkilər də buradadır”.

S.Məmmədov deyir ki, elə sahələr var ki, birbaşa pandemiyanın təsirlərinə məruz qalıb: “Məsələn, turizm sektorunda işlər, demək olar ki, tam dayanıb. Xarici turizmlə məşğul olan kiçik sahibkarlar vardı. Onların hamısı biznes mərkəzlərində bahalı ofislərdə qalırdılar. Əldə etdikləri gəlirdən işçilərin əmək haqqını ödəyirdilər. İndi onlara nə qədər tövsiyə olunur-olunsun işçilərin sayını ixtisar etməyə məcburdurlar. Onların arasında artıq ofisləri bağlananlar, təhvil verənlər var. 

Bunun qarşısını dünyada da almaq mümkün deyil. Siz Avropa İttifaqını misal çəkdiniz. Avropada işsizlik  30 milyondan daha çox ola bilər. Bu hələ ilkin dövr üçün nəzərdə tutulub. Artıq Avropanın elə ölkələri var ki, orada işsizlik uçotuna duranların sayı ümumi işçi kütləsinin 10 faizindən yuxarı çıxıb. Bir ölkədə 3,5 faiz işsiz varsa, bu artıq ciddi sosial problem sayılır. İndi isə Avropa İttifaqında bu rəqəm 10-15 faiz həddinə çatmaqdadır. Bizim kimi ölkələrdə əhali nisbətən cavandır, Azərbaycanda əhalinin 64 faizi 40 yaşına çatmayanlardır. Ona görə də bizdə belədə də ənənəvi olaraq iş yerləri çatışmır. Hazırki vəziyyətdə isə işsizlik probleminin qarşısını almaq mümkün olmayacaq. Bunun üçün də, dövlətin nə qədər imkanı var, sosial təminat sistemini gücləndirmək lazımdır. Hər şer pandemiya dövrünün bitməsindən asılıdır. Təkcə Azərbaycanda yox, dünyada iqtisadi inkişafa dönüş olacaqsa, problemlər bitməyə başlayacaq. ABŞ-da işsizlik problemi yaşanmaqdadır. Dövlətlər tədbirlər görsə də, bu, problemi tam həll etmir, qismən insanları ağır vəziyyətdən çıxartmağa kömək edir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövrü ilə əlaqədar sosial-iqtisadi dəstək tədbirlərini nəzərdə tutan Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb: “4,8 milyondan çox vətəndaşı və ya əhalinin 48 faizini əhatə edən bu tədbirlərin mühüm bir istiqaməti iş yerlərinin, məşğulluğun qorunmasına, eyni zamanda yeni məşğulluq imkanlarının yaradılmasına, nəticə etibarilə pandemiyanın məşğulluğa mənfi təsirlərinin minimuma endirilməsinə yönəlib. Beləliklə, dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin - muzdla çalışan 1 milyon 665 minədək işçinin iş yerləri və əməkhaqqı gəlirləri qorunub və bu proses davam edir; Elektron sistem üzərindən gündəlik nəzarət edilir.

Prezident İlham Əliyev işəgötürənlərə və işçilərə əmək müqaviləsi olmadan işə cəlb olunmamaqla bağlı çağırışlar etdi. Bütün bunların müsbət nəticəsi kimi, əmək müqaviləsi sayında azalma deyil, əksinə, artım baş verib: 1 yanvardan sonra bu artım 100 mindən çox oldu.

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti də pandemiya dövründə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi üçün pandemiyanın ilk günlərindən işəgötürənlərlə bağlı ciddi iş aparılır. Onlara "Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən xəbərdarlıqlar olunub və bu sistem vasitəsilə də gündəlik nəzarət təmin edilir.

Nəzarət tədbirləri çərçivəsində sistemə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş daxil edən işəgötürənlərlə əlaqə saxlanılır. Xitam səbəbləri dəqiqləşdirilir, xitam qanunvericiliyə uyğun olmadıqda, həmin işçilərin işə bərpası təmin edilir. Həm də ciddi səbəblər olmayan xitam halları ilə əlaqədar müvafiq işəgötürənlərlə sosial dialoq qurulur. Ümumilikdə Dövlət Əmək Müfəttişliyi Xidməti karantin dövründə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işinə bərpasını təmin etdi.

Qədir ağacları və zorən dəyərli kadrlar - "öz istəyimlə gedirəm" bundan belə qiymətə minir>>

Bununla yanaşı, dövlət başçısının tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılır və DOST İş Mərkəzi vasitəsi ilə əlavə 23 min şəxs ictimai işlərə cəlb olunub, ictimai işçilərin sayı 61 minə çatıb. Eyni zamanda, məşğulluq orqanları tərəfindən aktiv məşğulluq tədbirləri davam etdirilib. Habelə, dövlət başçısının tapşırığı ilə 2020-ci il üzrə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Digər tərəfdən, 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verildi ki, həmin insanların sırasına təkcə aztəminatlı işsiz şəxslər deyil, eyni zamanda koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlar da daxil idi. Dövlət onlara da pandemiya dövründə dəstək oldu. Ümumilikdə bütün bu tədbirlər ölkəmizin əmək bazarında sabitliyin pandemiya dövründə də davam etməsinə, işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verib”.

Mövzu:
Dünyanı cənginə almış bəla (313)

Əlaqədar

Gürcüstanlı həkimin dilindən: qonşu ölkə kabus kimi COVID-19-a necə meydan oxuyur
Vergi ödəyərkən artıq bu məlumatları nəzərə almalısınız
ABŞ-dan qorxunc açıqlama: 100 il ərzində ən güclü işsizlik proqnozlaşdırıldı
Pul qoyub qazanmaq istəyirdilər - Amma deyəsən hər şeydən məhrum olacaqlar
DOST sizə dost olmağa gəldi – İşsizlərə şad xəbər

Əsas mövzular