Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 8 may — Sputnik. Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti azaldılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
O bildirib ki, hazırda ünvanlı dövlət sosial yardım iki il müddətinə təyin edilir: "Bizim təhlillər onu göstərir ki, yardım müddətinin iki il olması bir çox hallarda aztəminatlı ailələrdə asılılıq, ələbaxımlılıq yaradır. Bunu aradan qaldırmaq üçün ünvanlı dövlət sosial yardımın alınma müddəti iki ildən bir ilə endirilir. Bu yardım təyin edildiyi ayın 1-dən etibarən 1 il müddətində təyin olunacaq".
O bu məsələnin "Ünvanlı dövlət sosial yardım haqqında" qanuna təklif edilən yeni dəyişikliklərdə əksini tapdığını və baxılmaq üçün Milli Məclisə təqdim edildiyini və dəyişikliyin sosial yardım almaq imkanlarını genişləndirdiyini söyləyib.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Sputnik Azərbaycan-a açıqlamasında sosial yardımın təyin olunması müddətinin dəyişdirilməsini şərh edib. O bildirib ki, ünvanlı sosial yardımın alınma müddətinin 2 ildən 1 ilə endirilməsi insanlarda iqtisadi aktivliyin formalaşdırılması mahiyyətini daşıyır: "Hesab edirəm ki, burada aztəminatlı şəxslərə fərdi şəkildə yanaşılmalıdır. Yəni 1 il bitəndən sonra şəxsin işləmək üçün potensialı olmazsa və yaxud şəxsin gəliri ehtiyac meyarına uyğun gəlməzsə, onlar ünvanlı sosial yardım almaqda davam etməlidirlər. Yəqin bunu nəzərə alacaqlar".
"Amma ünvanlı sosial yardım ilə yanaşı, özünəməşğulluq proqramı da var. Kənd yerlərində mal-qara verirlər və yaxud dərziliklə məşğul olmaq istəyənə tikiş maşını verirlər. Beləcə, əmək qabiliyyətli şəxslərin öz kiçik təsərrüfatları formalaşır. Digər tərəfdən, insanlara əmək qabiliyyətlərini artırmaq üçün dərslər keçirilir, peşələr öyrədilir və bu yollarla əmək bazarına daxil ola bilərlər. Əslində müxtəlif yollar ilə çalışılmalıdır ki, insanlar öz əməyi ilə gəlir əldə etsinlər", – deyə o qeyd edib.
Ekspert deyib: "Məsələn, şəxs tanıyıram ki, əvvəllər ünvanlı sosial yardım alırdı, sonra ona mühasibatlıq xidməti üzrə kurs keçdilər və kompüter verdilər. İndi həmin şəxs bu işlə özünü və ailəsini dolandırır. Kurs müddətində də işsizliyə görə ona pul verirdilər. Digər bir misal olaraq tikiş üzrə kurs keçən qadını göstərmək olar. Əvvəl bu qadın ünvanlı sosial yardım alırdı, sonra tikiş üzrə kurslara qatıldı. Sonra ona tikiş maşını, parça və s. verdilər və fəaliyyətə başladı. Artıq o qadın bu işlə özünü və ailəsini dolandırır və heç bir yardım da istəmir.
Qeyd edək ki, ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği 224 manatdır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramına əlçatanlığının artırılması üçün növbəti addım kimi, sosial yardım üçün müraciət proseduru daha sadə şəkildə qurulur. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni layihə hazırlanıb. Layihəyə əsasən, vətəndaşlar ünvanlı yardım üçün elektron qaydada müraciət edərkən onlardan e-sistemdəki ərizə bəyannamədə qeyd etmələri tələb olunan məlumatların sayı xeyli azaldılacaq. Müraciət zamanı vətəndaşlardan istənilməsi tələb olunmayacaq bütün məlumatlar aidiyyəti orqanların elektron informasiya sistemlərindən əldə ediləcək. Beləliklə, müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının xeyli azaldılması aztəminatlı ailələrin proqramdan faydalanmaq üçün daha rahat və sadə şəkildə müraciət edə bilmələrinə, onların proqrama əlçatanlığının artmasına imkan yaradacaq.