06:36 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
74520

Ekspert: "Belə bir şərt qoyula bilər ki, əmək şəraitinin pisləşdirilməsi səbəbindən vətəndaş öz ərizəsi ilə işdən çıxarsa, ona işsizlik sığortası verilsin"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. Azərbaycanda işsizlikdən sığorta ödənişlərinin təyin olunması şərtləri yumşaldılacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, pandemiya ilə əlaqədar digər sosial dəstək proqramlarının genişləndirildiyini qeyd edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, bu əsasda işsizlikdən sığorta ödənişlərinin təyin olunması şərtləri də yumşaldılacaq: "Bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi artıq hazırlanıb. Layihənin qəbulu imkan verəcək ki, işsizlikdən sığorta ödənişləri ilə daha çox insan əhatə olunsun. Bu il ərzində işsizlikdən sığorta ödənişlərinin şamil olunduğu şəxslərin sayının 20 minə çatdırılması nəzərdə tutulur".

Qeyd edək ki, 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmiş "İşsizlikdən sığorta haqqında" qanuna əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər. Belə ki, dövlət qulluğunda, digər hüquqi şəxslərdə çalışanlar işdən azad edildikdə və ən azı 3 il sığorta stajına malik olduqda işsiz kimi qeydiyyata alındıqdan sonra işsizlikdən sığorta ödənişi almaq hüququ əldə edirlər.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında işsizlikdən sığorta ödənişlərinin təyin olunması şərtlərinin yumşaldılması məsələsindən danışıb.

O bildirib ki, hazırda sadəcə bir halda vətəndaşın işsizlikdən sığorta ödənişi almaq hüququndan istifadə etmək imkanı yaradılıb və bu da iş yerinin bağlanması və yaxud da ixtisarın edilməsidir: "Şirkətin bağlanması və yaxud da ixtisarların həyata keçirilməsi halında işsiz qalmış insanlara bu hüquq təmin olunur. Daha yaxşı olar ki, işsizlikdən sığorta ödənişləri ilə daha çox insan əhatə olunsun. Məsələn, işdən çıxarılmış, məhkəmə prosesində işi davam edən şəxslərə işsizlikdən sığorta ödənişi təyin edilə bilər. Amma hazırda yalnız iş yerinin bağlanması və yaxud da ixtisarın edilməsi vəziyyətində bu hüquqdan istifadə imkanı yaradılır və bu da çox az insanı əhatə edir".

Pul qoyub qazanmaq istəyirdilər - Amma deyəsən hər şeydən məhrum olacaqlar>>

O bildirib ki, hazırda əgər vətəndaş öz ərizəsi ilə işdən çıxırsa, ona işsizlik sığortası ödənilmir: "Amma öz ərizəsi ilə işdən çıxanların bu hüquqdan istifadə etməsi üçün onların işdən çıxma səbəblərini aydınlaşdırmaq lazımdır. Məsələn, belə bir şərt qoyula bilər ki, əmək şəraitinin pisləşdirilməsi səbəbindən vətəndaş öz ərizəsi ilə işdən çıxarsa, ona işsizlik sığortası verilsin. Tutaq ki, şəxsə min manat maaş vəd edilir, amma 1 ildən sonra ona deyilir ki, vəziyyət yaxşı deyil, maaşını 700 manat edirik. Bu zaman şəxs öz ərizəsi ilə işdən çıxarsa, ona işsizlikdən sığorta ödənişi təyin edilməlidir".

"Bundan əlavə, burada işsizlik sığortası almaq üçün ən azı 3 il sığorta stajına malik olmaq tələbi var. Fikrimcə, burada yumşalma olmalı və müddət daha aşağı salınmalıdır ki, daha çox insan işsizlik sığortası ala bilsin. Əmək müqaviləsi varsa, işsizlik sığortasından istifadə etmək hüququ var, əmək müqaviləsi yoxdursa, bu hüquqdan istifadə etmək mümkün deyil. Amma əslində bu doğru yanaşmadır. Çünki bu kimi mexanizmlər leqal əmək bazarını təşviq etməyə hədəflənməlidir", - deyə ekspert qeyd edib.

İqtisadçı bildirib ki, sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir:

"İndiki halda sığorta ödənişinin müddəti normaldır. Çünki işsizlikdən sığorta fondu yenidir və fondun o qədər də böyük vəsaiti yoxdur. Bu sahədə Türkiyə təcrübəsi də bizim təcrübə ilə oxşardır. Türkiyədə də sığorta ödənişinin müddəti təxminən 9 aydır. Ümumiyyətlə sığorta və ya kompensasiya mexanizmləri çox cəlbedici olanda da işsizliyi təşviq edir. Burada ortaq nöqtə tapılmalıdır, yəni çox müavinət verib insanları işsizliyə təşviq etmək olmaz. Bu mexanizmlər ilə insanlar üçün çox da rahat vəziyyət yaratmaq olmaz ki, işləməsinlər".

O əlavə edib ki, sığorta ödənişi sığorta stajından asılı olaraq vətəndaşın itirilmiş orta aylıq əməkhaqqının məbləğinə faiz dərəcələri tətbiq olunmaqla hesablanır - sığorta stajı 3 ildən 5 ilə qədər olduqda 50 faiz, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55 faiz, sığorta stajı 10 ildən yuxarı olduqda 60 faiz.

Qeyd edək ki, ilk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üzrə müəyyən edilmiş ölkə üzrə orta aylıq əmək haqqından çox və minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir: 1 və 2-ci aylar üçün – 100 faiz, 3 və 4-cü aylar üçün – 80 faiz, 5 və 6-cı aylar üçün – 70 faiz. Minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

Əlaqədar

Sistem deyir ki, "işləyirsən", amma sənin özünün işlədiyindən xəbərin yoxdur
İş tapmaq daha asan olacaq: hər həftə siyahı hazırlanacaq
Yüksək maaşlı iş görəndə aldanmayın - Artıq tamah baş yara bilər
Dünya iqtisadiyyatı üçün pis xəbər: Ən güclü böhran və böyük qıtlıq gəlir
Sistem adlarına iki avtomobil göstərir, özlərinin minməyə eşşəyi də yoxdur

Əsas mövzular