İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 28 yanvar — Sputnik. Son vaxtlar ölkəmizdə hibrid avtomobillərin sayı artıb. Bunlar arasında Yaponiya istehsalı olanlar üstünlük təşkil edir. Bu günlərdə isə həmin avtomobillərlə bağlı maraqlı, əslində təşvişə salan xəbər əldə etdik. Rusiyanın Vladivostok şəhərinin gömrük idarəsi Yaponiyadan gələn gəminin göyərtəsində radioaktiv avtomobil aşkar edib.
Qeyd edək ki, 2011-ci ilin aprelində Yaponiyanın "Fukusima 1" atom stansiyasında qəzanın baş verməsindən 2017-ci ilədək gömrüyün fəaliyyət regionunda 875 belə məhsul aşkar edilib. Son üç il ərzində radioaktiv avtomobil qeydə alınmayıb. Amma son hadisə göstərir ki, qəzanın fəsadları hələ də sonadək yox olmayıb.
Bildirilir ki, gömrükçülər "Toyota Prius Hybrid" markalı avtomobildən beta radiasiyanın gəldiyini aşkar ediblər. Nəqliyyat vasitəsi Yaponiyaya geri qaytarılacaq.
Bəs Azərbaycana gətirilən avtomobillərdə radiasiya miqdarı ölçülürmü? Sputnik Azərbaycan bu məsələni aydınlaşdırmağa çalışıb.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələ illər öncə müzakirə edilsə də, heç bir nəticəsi olmayıb. Çünki Gömrük Komitəsində avtomobillərdə radiasiya səviyyəsini ölçən qurğular yoxdur.
"Həmin avtomobillər Azərbaycanla yanaşı, bir çox ölkələrə satıldı, göndərildi. Bu gün də o proses davam edir", - deyə E.Muradlı qeyd edib.
Onun sözlərinə görə, radiasiyaya məruz qalmış ümumən 400 mindən çox avtomobil var. Bu avtomobillər ölkəyə gətirilərkən Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Xidməti yoxlamalar aparmırsa, deməli, bütün ölkə təhlükədədir.
"Bəlkə, bizim idarə etdiyimiz avtomobillərdə də radiasiya var. Amma xəbərimiz yoxdur. Bu avtomobillər ölkəyə daxil olanda yoxlanılmalı idi. Ancaq avtomobillər ölkəyə gətirilərkən böyük miqdarda rüsumlar tətbiq edilir. Əgər belə böyük rüsumlar tətbiq edilirsə, lazımi avadanlıqlar da alınmalıdır. Avtomobillər radiasiyalıdırsa, bu hamı üçün təhlükəlidir. Təsəvvür edin ki, həmin avtomobillər taksi kimi fəaliyyət göstərir. Bundan nə qədər insanın zərər çəkdiyini başa düşmək çox asandır", - deyə o bildirib.
Ekspert təklif edib ki, yeni avtomobillərin dövlət rüsumunu azaltmaq lazımdır ki, əhali onları ala bilsin: "Bu gün Azərbaycana daşqınlarda qalmış avtomobillər də gətirilir. Bunlar öz-özünə alışa bilir. Hesab edirəm ki, hər bir vətəndaş avtomobil alarkən çox diqqətli olmalıdır".
Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a bildirilib ki, dövlət sərhədindən buraxılış məntəqələrinə daxil olan nəqliyyat vasitələri üzərində bölünən və radioaktiv materialların müəyyən edilməsi məqsədilə ilkin radiasiya nəzarəti stasionar radiasiya nəzarəti sistemlərindən istifadə etməklə Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir.
Dövlət sərhədindən buraxılış məntəqələrinin ərazisində əlavə və ətraflı radiasiya nəzarəti zamanı bölünən və radioaktiv materialların ekvivalent dozasının və izotop tiplərinin müəyyən edilməsi məqsədilə radiometr-spektrometrləri və qamma-spektrometrlərindən istifadə etməklə gömrük əməkdaşları tərəfindən identifikasiyası həyata keçirilir və şüalanma kateqoriyasına müvafiq olaraq radiasiya təhlükəsizliyi dərəcəsinə görə Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatlandırılmaqla aidiyyəti tədbirlər həyata keçirilir.
Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətindən bildirildi ki, sərhəd məntəqələrində sistem cihazları bütün vasitələri radiasiya ilə bağlı yoxlayır: “Əgər belə bir hal aşkarlanarsa, bununla bağlı müvafiq tədbirlər görülür. Bu günə kimi belə hal baş verməyib”.
Xatırladaq ki, 2011-ci ildə güclü zəlzələnin səbəb olduğu sunamidən sonra Yaponiyanın "Fukusima 1" atom elektrik stansiyasında qəza olub. Nəticədə stansiyanın enerji bloklarının reaktorlarına soyuq su çatdırılması dayanıb və nüvə yanacağının qızması baş verib. Bu isə stansiyada partlayışın baş verməsi, enerji blokların dağılması və radioaktiv maddələrin ətrafa yayılması ilə nəticələnib.