İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 21 yanvar — Sputnik. Geologiya və Geofizika İnstitutu tərəfindən Azərbaycanın yüksək təbii radiasiya fonu olan ərazilərində yaşayan əhalinin həyat keyfiyyəti və uzunömürlülük fenomeni tədqiq edilib.
Məlumata görə, tədqiqat zamanı cənub zonasında radiasiya səviyyəsinin monitorinqi aparılıb, ərazidə uzunömürlülüyün yaş və gender strukturu müəyyən edilib. Tədqiqat zamanı yaşayış yerlərində radonun həcminin aktivlik səviyyəsi ilə insan ömrünün müddəti arasında əlaqənin olması ilə bağlı təhlil aparılıb.
AMEA-nın müxbir üzvü, Geoloji Mühitin Radiometriyası şöbəsinin rəhbəri Çingiz Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2012-2014-cü illərdə radon qazının paylanılması öyrənilmiş, bununla əlaqədar olaraq "Azərbaycanda radonun paylanması" ilə bağlı xəritə qurulmuşdu: "Həmin xəritədən göründüyü kimi, Azərbaycan ərazisində radon qazının qatılığının nisbətən çox olduğu ərazilər var. O ərazilərdə tədqiqat işləri aparmaq lazımdır. Buraya cənub zonası da daxildir. Bu səbəbdən də biz 2019-cu ildə elmi işi həyata keçirməyə başladıq. Bilirsiniz ki, bu zonanın əhalisi uzunömürlülüyü ilə seçilir. Bir illik layihə çərçivəsində insanların yaşayış səviyyəsi, radiasiya vəziyyəti, onların qidalanması, yaşadıqları evlər və qidalanmaları ilə maraqlandıq".
Ç.Əliyevin sözlərinə görə, ərazidə aparılan tədqiqatlar göstərib ki, orada radonun səviyyəsi yüksək deyil: "Məsələn, norma 200 Bk/mᶾ-dirsə, orada bəzi ərazilərdə 240-250 Bk\m3 idi. Bu, normaya yaxın vəziyyətdir".
Mütəxəssis həmçinin qeyd edib ki, radonun normadan bir qədər yüksək olması insan orqanizmi üçün təhlükəli deyil:
"Bunu Rusiya alimləri araşdırıblar. Radiasiya fonu bir qədər yüksək olsa, insan orqanizmi üçün zərərli deyil. Əksinə, faydası var. Biz bu əlaqəni tapmaq istəyirdik. Amma bunun üçün böyük vaxt lazımdır. Bu araşdırma üçün əraziyə həkimlərlə getməli, uzunömürlü insanlarla görüşməliyik. Kardioqram, qanın təhlili və s. öyrənilməlidir. Bu elə bir məsələdir ki, 5-6 aya öyrənmək olmaz. Araşdırmamız davam edəcək".
Radonun yayılmasına, şüalanmaya əsas səbəb yeraltı maddələr, süxurlar, neft qalıqları və s.-dir. Bu təkcə bölgələrdə deyil, paytaxtda da özünü göstərir. Neftlə çirkləndirilmiş ərazilər potensial təhlükə mənbəyidir.
Tibbi məsələlər üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, radioşüalanma artıq bizim həyat tərzimizdir. Biz bütün gün bu mühitdəyik: "Mobil telefonlar ilkin olaraq Azərbaycanda qeydiyyatdan keçəndə təxminən 900 meqahers olaraq qeydə alınmışdı. Bu gün telefonlar 3500 meqahers gücündədir. Və bütün gün bu dalğalar bizdən də keçir".
Ekspert vurğulayıb ki, burada söhbət nüfuzedici radioaktiv şüalanmadan gedir.
"Biz qorxulu şüalanmaya əsasən bunu aid edirik. Bunlar beta və qamma şüalarıdır. Alfa şüaları da var. Amma bu şüaların keçiricilik qabiliyyəti çox aşağıdır. Beta şüaları rentgen şüaları, qamma şüaları isə izotoplardan ayrılan şüalardır. Radiasiya şüaları daha çox neft məhsullarının tərkibində və bəzi yerin altından çıxan maddələrdə olur. Buna görə də radiasiya fonu yoxlanılmalıdır. Bunun mənbəyi mütləq qapadılmalıdır".
Vətəndaşlar arasında qorxulu şayiə dolaşır, amma nə təsdiq var, nə də təkzib>>
A.Qeybulla bildirib ki, insanlar daimi şəkildə bunun təsirinə məruz qala bilməzlər. Bu, xroniki şüalanma xəstəliyinə səbəb ola bilər. Güclü radiasiya gen mutasiyalarına, bu isə xərçəngə gətirib səbəb ola bilər.
O əlavə edib ki, radiasiya mənbəyi qalırsa, bunun qarşısını almaq mümkün deyil. Radiasiyada əsas məqam ekspozisiya müddətidir. Təmas müddəti nə qədər çoxdursa, onun xəstəlik yaratma müddəti və təsiri daha dərin olacaq.
"Düzdür, ventilyasiya sistemlərinin optimal olması müsbətdir. Həmin mənbələr mütləq qapadılmalıdır. Radiasiya şüaları bütün canlılara, o cümlədən insanlara zərərdir. Neft gölməçələrinin olduğu ərazilərdə də şüalanma qeydə alınır. Bu gölməçələr də qurudulmalıdır. Çünki onlar daimi olaraq radiasiya yayır", - deyə ekspert xatırladıb.
A.Qeybulla bildirib ki, əslində bununla bağlı dünyada müəyyən tədbirlər həyata keçirilir.
"İnsan orqanizmi radiasiyaya alışa bilməz. Bəzi bitkilərdə, bəzi heyvan növlərində radiasiyaya dözümlülük var. Amma onun da həddi var. İnsanda isə radiasiya gen mutasiyasına, xroniki xəstəliklərə, xərçəngə və s. səbəb ola bilər. İnsan şüurlu varlıq kimi hər zaman radiasiyadan qorunub, amma öyrənmə, alışma mühiti olmayıb. Buna görə də genofondu qorumaq üçün radiasiya mənbələri aradan qaldırılmalıdır", - o qeyd edib.
Kiçik arayış: Radon D.İ.Mendeleyevin kimyəvi elementlərin dövri cədvəlində 18-ci qrupa, 6-cı dövrə aid, atom nömrəsi 86 olan elementdir. Normal şəraitdə radon rəngsiz, təsirsiz qazdır, radioaktivdir, sabit izotopları yoxdur, səhhət və həyat üçün təhlükəli ola bilər. Otaq temperaturunda ən ağır qazlardan biridir. Ən stabil izotopu (222RN) 3.8 sutka ərzində dağılır.