CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İndi həvəslə gətirirlər, amma iki-üç ilə hibrid avtomobillərə qarşı antipatiya yaranacaq

© AFP 2023 / ROBYN BECKHibrid avtomobil
Hibrid avtomobil - Sputnik Azərbaycan
Abunə olmaq
"Yol Polisinin nəzarəti sayəsində sürücülərin 80-90 faiz təhlükəsizlik kəmərindən istifadə etməsinə nail olmuşuq"

BAKI, 25 dekabr — Sputnik. Bu gün "Yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı"nın 1 illiyi ilə bağlı tədbir keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin stimullaşdırılmasına ehtiyac var.

Bu təcrübənin digər ölkələrdə olduğunu vurğulayan ekspert bildirib ki, bu məsələdə əsas güzəştlər vergi və gömrük rüsumları ilə bağlı olur. Bəzi ölkələrdə 60-70 faizə qədər güzəşt tətbiq edilir.

"Müşahidələrimizə əsasən deyə bilərik ki, bu gün Azərbaycanda hibrid avtomobillərə maraq var. Vətəndaşlar ölkəyə hibrid avtomobillərin köhnə, işlənmiş modellərini gətirirlər. Hesab edirəm ki, bu öz acı nəticəsini göstərəcək. Bu avtomobillərin 2-3 il sonra müəyyən hissələri sıradan çıxacaq. Və vətəndaşlar avtomobillərin təmiri məsələlərində çətinliklərlə üzləşəcəklər. Bu da vətəndaşlarda hibrid avtomobillərə qarşı antipatiya yaradacaq", - deyə ekspert vurğulayıb.

E.Muradlı qeyd edib ki, məhz buna görə də ölkəyə yeni hibrid avtomobillərinin gətirilməsi asanlaşdırılmalıdır. Çünki yeni avtomobillərin ölkəyə gətirilməsi vətəndaşların büdcəsinə uyğun deyil.

© Sputnik / Irade JELILNəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı
İndi həvəslə gətirirlər, amma  iki-üç ilə hibrid avtomobillərə qarşı antipatiya yaranacaq - Sputnik Azərbaycan
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə rəisi Rasim Səttarzadə qeyd edib ki, "Yol hərəkətinin təhlükəsizliyinə dair dövlət" proqramının əsas istiqaməti hərəkətin təhlükəsizliyidir.

Onun sözlərinə görə, atmosfer havasının çirkləndirilməsində səyyar vasitələrin rolu artır.

R.Səttarzadə əlavə edib ki, 20 il əvvəl atmosfer havasının çirkləndirilməsində stasionar vasitələr müəssisələr, istehsalat sahələri idisə, hazırda vəziyyət tam əksinədir: "Avtonəqliyyat vasitələrinin ətraf mühitə zərərlərinin azaldılması üçün bunun səbəblərini öyrənmək lazımdır. Azərbaycanda son zamanlar avtomobillərin sayı artır. Və nə qədər acınacaqlı olsa da, qeyd etmək lazımdır ki, istehsal müddəti 10 ili ötmüş avtomobillərin sayı 80 faizə yaxındır. Digərləri isə 20, 30 ildən çox yaşı olan avtomobillərdir. Hər 5 avtomobildən birinin yaşı 30 ildən çoxdur. Dövlət proqramının əsas məqsədi isə təhlükəsizliyin təmin olunmasıdır. Buraya ekoloji təhlükəzilik də daxildir. Buna nail olmaq üçün də istiqamətlər qeyd edilib. Buraya köhnə avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz olan avtomobillərdən istifadənin təşviq olunması daxildir. Vətəndaşların ekoloji təmiz avtomobillər alması üçün stimullaşdırıcı tədbirlər olmalıdır".

Şöbə rəisi bildirib ki, ekoloji cəhətdən təmiz hesab edilən avtomobillərin qiyməti digər avtomobillərdən çox bahadır.

"Deyiləndə ki Azərbaycana avtomobil idxalı 7 dəfə artıb, bu, göstərici deyil. Ekoloji təmiz avtomobillərin gətirilməsi üçün gömrük rüsumları, aksiz vergisi və ƏDV-yə nəzər yetirilməlidir. Bu ilin yanvar ayından elektromobillər ƏDV-dən azad edilib. Bu, müsbət addımdır. Ancaq satış zamanı bu avtomobillər üçün ƏDV götürülməyib. Təkliflər planında gömrük rüsumları və aksiz vergilərinin azalması da yer alıb. Hesab edirəm ki, gələcəkdə bu təkilflərə də nəzər yetiriləcək", - deyə R.Səttarzadə bildirib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polkovnik Kamran Əliyev isə bildirib ki, dövlət proqramı əsas 5 istiqamət üzrə müəyyən edilib.

Onun sözlərinə görə, hər bir istiqamət üzrə kifayət qədər tələblər irəli sürülüb. Yol hərəkətinin təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülüb.

"2019-cu ildəki əsas məsələlərdən biri də qəzadan sonra görməli olduğumuz xilasetmə tədbirləridir. Buna Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi cəlb ediliblər. Burada qəza zamanı 3 qurumun konkret olaraq qəza yerinə gəlməsi və vaxtında çatması ilə bağlı artıq tədbirlər planı hazırlanıb. Və hər 3 nazirliyin rəhbərliyi tərəfindən təsdiq olunmuş plan üzrə artıq regionlarda təlimlərin keçirilməsinə başlanılıb".

© Sputnik / Irade JELILYol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı"nın 1 illiyi ilə bağlı tədbir
İndi həvəslə gətirirlər, amma  iki-üç ilə hibrid avtomobillərə qarşı antipatiya yaranacaq - Sputnik Azərbaycan
Yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı"nın 1 illiyi ilə bağlı tədbir

K.Əliyev vurğulayıb ki, bundan başqa, moped və velosipedlər üçün ayrıca hərəkət zolaqlarının və duracaqların yaradılması ilə bağlı ərazilərin müəyyən edilməsi istiqamətində, nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı işlər görülür: "Biz çox maraqlıyıq ki, nəqliyyat vasitələri həm ekologiyaya az zərər vursun, həm də az təhlükəli olsun. Bizdə nəqliyyat parkında kifayət qədər köhnə nəqliyyat vasitələri mövcuddur. 10, 40, 50 ilin avtomobilləri var ki, bu gün də istismar olunur. Bunlar təkcə ekologiyaya deyil, eləcə də sağlamlıq üçün təhlükəlidir. İstismar müddəti bitmiş avtomobillərdə yeganə təhlükəsizlik vasitəsi təhlükəsizlik kəməridir. Bunu da sərnişinlərin əksəriyyəti taxmır. Yol Polisinin nəzarəti sayəsində sürücülərin 80-90 faiz təhlükəsizlik kəmərindən istifadə etməsinə nail olmuşuq".

Daha sonra tədbirdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, "Toyota" şirkətinin nümayəndələri, keçmiş millət vəkili Çingiz Qənizadə və digər şəxslər iştirak edərək öz fikirlərini bildirdilər.

Tədbir müzakirələrlə davam etdi.

Xəbər lenti
0