00:03 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8766
Məhbuslar, arxiv şəkli

Böyük bəlaların kiçik “qaranquşları” – Gələcəyimizin görünməyən problemləri

© Sputnik / Tabyildyi Kadyirbekov
CƏMİYYƏT
Qısa URL
1596 0 0

“Son illər baş verən cinayət statistikalarına baxdıqda görmək mümkündür ki, artıq normal ailədə böyüyən uşaqlar arasında da cinayət törətməyə meyllilik var”

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. Ötən il Azərbaycanda cinayət törədən 14-17 yaşlı uşaqların sayı 471 olub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu rəqəm daha öncəki illə müqayisədə nisbətən aşağı düşüb. Belə ki, 2017-ci ildə cinayət törədən uşaqların sayı 486 olub. Ümumilikdə, təxminən 20 illə müqayisədə də rəqəmlərdə azalmalar müşahidə olunur. Belə ki, 1995-ci ildə cinayət törədən belə uşaqların sayı 945 olub. Cinayət törətmiş şəxslərin ümumi sayında 14-17 yaşda olan uşaqların xüsusi çəkisi 2.9 faiz olub.

Nəzərə almaq lazımdır ki, ötən əsrin 90-cı illərində Azərbaycan keçid dövrü yaşayırdı, ölkədə aktiv müharibə gedirdi və hərc-mərclik hökm sürürdü. Həmin dövrlə müqayisədə yuxarıda göstərilən yaş qrupunda cinayətkarlıq 2 dəfə aşağı düşsə də, hələdə yüksək olaraq qalır.

Bəs, hansı səbəbdən bu gün belə, uşaqlar arasında cinayətkarlığın səviyyəsi yüksəkdir? Ümumiyyətlə, uşaqları cinayət törətməyə meylləndirən nədir? Sputnik Azərbaycan bu məsələni araşdırmağa çalışıb.

Sosioloq Əhmərd Mansurovun sözlərinə görə, uşaqlar arasında cinayətkarlığın artmasının bir neçə səbəbi var və əsas səbəb sosial problemlərdən qaynaqlanır: "Ailədaxili münaqişələr uşaqların özünü cəmiyyətdə təsdiq edə bilməməsinə, kriminal aləmə meylliliyə əsas səbəb hesab edilə bilər. Cinayət törədən uşaqların ailə modelinə fikir verdiyimiz zaman onların əksəriyyətinin natamam ailədən olduğunu görə bilərik. Ailədə zorakılığa məruz qalan və digər ailə problemləri yaşayan uşaqlar da cinayətə daha çox meylli olurlar. Uşaqlar özünü sosial münasibətlər sistemində, ailə və məktəbdə təsdiq edə bilməyəndə, şəxsi mənini kriminal aləmdə tapa bilir. Çünki kriminal aləm də belə uşaqları qəbul etməyə hazır olur".

Sosioloq qeyd edir ki, qayğı, şəfqət, diqqət görməyən uşaqlar daha çox bu aləmə meyl edir. Onun fikrincə, narkotik maddələrdən istifadə, toksikomaniya, psixotrop maddələrdən istifadə uşaqları onsuz da dağınıq olan ailədən uzaqlaşdırır. Narkotik vasitələrin istifadəçisinə çevrilən uşaqlar sonradan onu əldə etmək üçün müxtəlif vasitələrə əl atır.

Ə.Mansurov vurğulayır ki, uşaqların cinayətə meylli olmasına iqtisadi problemləri də aid etmək olar: "Bəzi hallarda ailələr uşaqların istəklərini ödəyə bilmirlər. Belə olan hallarda uşaqlar soyğunçuluq edərək, ehtiyaclarını ödəməyə çalışırlar. Uşaqların cinayət törətməsinə psixoloji problemlər, məktəb yoldaşlarının onlarla aqressiv davranması da səbəb ola bilər. 

Bütün bunlarla yanaşı, ən əsas problemlərdən biri də cinayət törədən uşaqların tərbiyəsində yol verilən nöqsandır. Uşaqların cinayət törətməsinin qarşısının alınması üçün dəstəkləyici tədbirlər keçirilmir. Əsas problem odur ki, resurslar azdır. Sosial xidmət göstərən mərkəzlər olsa da, onlar bütün uşaqları əhatə edə bilmirlər".

Sosioloq hesab edir ki, cinayət törədən uşaqlara cəza verilərkən onlar maksimum şəkildə alternativ tədbirlərə yönləndirilməlidirlər.

"Həbs qərarı ən çıxılmaz vəziyyətdə qəbul edilməlidir. Uşaqlar həbsə deyil, reabilitasiya mərkəzlərinə göndərilməlidir. Son illər qəbul edilən "Probasiya haqqında qanuna" görə uşaqlar probasiya xidmətinə yönləndirilməlidirlər. Onlara elektron nəzarət edilməlidir. Belə olan təqdirdə cəmiyyət uşaqları itirmir. Uşaqların həbs edilməsi onların gələcəyinə olduqca pis təsir edə bilər. Buna görə də bütün aidiyyəti qurumlar həmrəy olmalı, bir çalışmalıdırlar", – deyə o, əlavə edib.

Psixoloq Zeynəb Əyyubovanın fikrincə, uşaqlar tərəfindən cinayətlərin törədilməsi cəmiyyətin əsas və aktual problemlərindən hesab edilir.

"Əvvəllər deyilirdi ki, cinayətə meyl edən uşaqlar daha çox boşanmış ailənin uşaqları və valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Amma son illər baş verən cinayət statistikalarına baxdıqda görmək mümkündür ki, artıq normal ailədə böyüyən uşaqlar arasında da cinayət törətməyə meyllilik var. Bu isə o deməkdir ki, uşaqların cinayətə meylli olması natamam ailədə böyüməsindən asılı deyil", – deyə psixoloq bildirib.

Psixoloq əlavə edib ki, uşaqların aqressiv olması, cəmiyyətə yararsız vəziyyətdə böyüməsi buna gətirib çıxarır. Əgər 5 yaşında bir uşağın valideyni övladında yaşına uyğun olmayan hərəkətlər, aqressiya, bacısı və qardaşına həddən artıq şiddət göstərmə, insanlara qarşı aqressiv davranışlar görürsə, başa düşməlidir ki, övladı gələcəyin antisosial şəxsi olacaq: "Və bu birmənalı olaraq uşağın tərbiyə aldığı ailədən asılıdır. 

Çox zaman tərbiyə dedikdə, analar nəzərdə tutulur, ancaq qeyd etmək lazımdır ki, bu həm də atanın davranışlarından asılıdır. Əgər bu gün ailədə uşaqlara tərbiyəvi vərdişlər aşılanmırsa, bu, uşaq üçün gələcəkdə problemlər yarada bilər. Bəzən cinayət törətmiş uşaqların valideynləri ilə söhbət zamanı onlar qeyd edirlər ki, "biz əvvəldən bilirdik ki, bu, belə olacaq". Deməli hər bir valideyn övladında olan bütün problemləri görür. Ya düzələcək deyir, ya fikir vermir və ya qonşuda olan hər-hansı bir uşaqla müqayisə edərək, o, mənim uşağımdan pisdir deyib, özünə təsəlli verir".

Z.Əyyubovanın sözlərinə görə, uşaqlar heç olmasa 6 aydan bir nevroloji, psixoloji müayinədən keçməlidirlər. Bəzən valideynlər bu məsləhəti birmənalı olaraq qəbul etmir: "Valideynlər mütəxəssislərdən uşaqlarının davranışları ilə bağlı rəy almalıdırlar. Valideynlər çalışmalıdırlar ki, "mənim övladım bunu niyə edir?" sualına mütəxəssislərdən cavab alsınlar. Hər bir valideyn istəsə öz uşağını normal davranışlı insan kimi yetişdirə bilər".

Əsas mövzular