BAKI, 21 avqust — Sputnik. İstismarına icazə verilən binalardakı mənzillərin çıxarışla təmin olunmasının davamı olaraq bu gündən səyyar qeydiyyat aksiyası Yeni Yasamal 2, bina 11 ünvanında keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Əmlak Məsələlələri Dövlət Komitəsindən məlumat verilib.
Xəbərdə bildirilir ki, birgirişli, 10 mərtəbəli, 210 mənzilli binanın 131 sakini daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınması məqsədilə ilkin sənədlərini habelə şəxsiyyət vəsiqəsi, maliyyə arayışı, protokoldan çıxarış kimi sənədləri binanın həyətindəki səyyar ofisin əməkdaşlarına təqdim ediblər. Fərmana uyğun olaraq qeydiyyat xidmətlərinin ünvanlara gətirilməsi bina sakinlərinin vaxt itirmədən, elə ünvanlardaca müraciət etməsinə şərait yaradır, məmnunluğu təmin edir.
Qeyd edilməlidir ki, 80 MTK üzrə binaların istismarına icazə verilib və daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınıb. Ümumilikdə 4 mindən çox çıxarış hazırlanıb. Bu həftə Yasamal rayonundakı istismarına icazə verilən binalarda keçirilən kampaniya 22 avqust tarixində Zahid Xəlilov küçəsi, 586-cı məhəllədə yerləşən ikigirişli, 10 mərtəbəli, 72 mənzilli binada, 23 avqust tarixində isə Əsəd Əhmədov küçəsi, 5-ci döngə ünvanında yerləşən ikigirişli, 19 mərtəbəli, 176 mənzilli binada davam edəcək.