BAKI, 19 yanvar — Sputnik. Xaçmaz rayon İcra Hakimiyyətinin tabeçiliyində olan kənd və qəsəbələrdəki uşaq bağçalarında yoxlama aparılır. Bu barədə Sputnik Azərbaycan-a rayon icra hakimiyyətindın məlumat verilib.
Qeyd edək ki, bu günlərdə sosial şəbəkələrdə Xudat şəhərindəki 2 saylı uşaq bağçasında uşaqlara verilən naharla bağlı video yayılıb. Videoda qeyd edilir ki, körpələrə hər gün eyni yemək – yalnız makaron şorbası verilir. Onlara nəinki tərkibində ət, balıq olmalı olan ikinci yemək, kompot və ya çay, hətta salfet belə, nəzərdə tutulmayıb.
Uşaq bağçasının rəhbərliyi körpələrə toyuq şorbası yedirəcəyinə söz versə də, çəkiliş vaxtı toyuq əti gözlənilmədən "qazandan buxarlanıb". Onu da qeyd edək ki, bu məktəbəqədər tərbiyə müəssisəsində hazırda 110 uşaq tərbiyə olunur.
Məktəbəqədər tərbiyə müəssisəsində keyfiyyətsiz qidalarla yanaşı, mərkəzi istilik sistemi də işləmir. Bina dəmir odun sobası ilə qızdırılır. Amma hamımız bilirik ki, kiçik uşaqların olduğu yerdə odun sobası çox təhlükəlidir. Döşəməyə balacaların ayaqlarının isinməsi üçün xalça da sərilməyib. Yerdəki nazik palaz isə görkəmi ilə bu müəssisənin uzun illərdir xəstəlik mənbəyi olduğundan xəbər verir.
Sözügedən uşaq bağçasındakı vəziyyətlə bağlı Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət edəndə isə, onlar bildirdilər ki, məktəbəqədər tərbiyə müəssisələrinin idarə edilməsi ilə İH-nin ictimai-siyasi və humanitar şöbəsi məşğul olur. Daha dəqiqi, bu prosesə hansısa Yaqut Məsimova rəhbərlik edir ki, onu da məqalənin yazıldığı müddət ərzində yerində tapmaq mümkün olmadı.
Y.Məsimovanın “bu dəqiqə” gələcəyi bildirilsə də, nə yanvarın 15-də, nə 16-da, nə də 17-də yerində tapılmadı. Sözügedən şöbədə eşitmək istəmədikləri sualların qorxusundan telefonun dəstəyini götürmədilər, İH-nin komutatoru isə bildirdi ki, yoxlama gedir. Sosial şəbəkədə yayılan videoya gəlincə, İH-dan bildirdilər ki, orada heç bir qanun pozuntusu baş verməyib: "Sadəcə video menyuda makaron olanda çəkilib".
Beləliklə, "uşaqların qidalanması üçün büdcədən ayrılan vəsaitlər hara gedir" sualı cavabsız qalır. Axı rayonun maliyyələşməsi dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına reallaşır. Uşaqların sağlam nəsil kimi yetişməsini şərtləndirən və onlar üçün nəzərdə tutulan qidaların pulunu kimlər və necə oğurlayır? Qida rasionu normasına görə uşaqlar bağçalarda süd məhsulları, ət, meyvə, meyvə şirələri, toyuq, balıq, yumurta, kərə yağı və digər məhsullarla təchiz edilməlidirlər.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələri haqqında mövcud Əsasnaməyə əsasən, uşaq bağçalarında tərbiyə olunan uşaqlar gün ərzində 3-4 dəfə və daha çox yedizdirilməlidir. Bununla yanaşı, onlar üçün nəzərdə tutulan qida məhsullarının qaydalara uyğun olaraq düzgün qorunmasına xüsusi diqqət yetirmək lazımdır.
Qidalar müxtəlif və bol vitaminli olmalıdır. Misal üçün, 6 yaşa qədər olan uşaqlar salat və birinci yemək olaraq şorba ilə qidalanmalıdır. İkinci yemək isə balıq, toyuq və ya ətdən hazırlanmalı, bura qarnir və içki də əlavə edilməlidir. Haqqında bəhs etdiyimiz halda isə uşaqlar boş masa arxasında və demək olar ki, orta əsrlərin həbsxana şorbasına oxşayan yeməyə baxmağa məhkumdurlar…