17:12 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
3675 0 0

Hadisə barədə xəbəri yarıyadək güc-bəla ilə oxuyacağımı düşünürdüm ki...

BAKI, 3 iyul — Sputnik. Rusiyanın Surqut şəhərindən Türkiyənin Antalya bölgəsinə istirahətə gəlmiş ailənin etdiyi oğurluq hadisəsi, hər iki ölkənin mətbuatının əsas müzakirə mövzularından birinə çevrilib. Sputnik Azərbaycan-da rastlaşdığım bir xəbərdə qeyd olunur ki, rusiyalı cütlüyün şübhəli davranışları, qaldıqları hoteldə işləyənlərin diqqətini cəlb edib. Və şahidlərin iştirakı ilə onların əl yüklərinin içərisinə baxış keçirilib.

Onların çemodanları açıldığı zaman, hotel əməkdaşları gözlərinə inanmayıblar. Belə ki, çemodanlardan 14 rulon tualet kağızı, iki dəst xalat, bir neçə dəst hamam dəsmalı, hotel başmaqları, 7 kiloqrama qədər portağal və hotelin həyətindəki bağçadan kökündən qoparılmış güllər aşkar edilib. Nəticədə, həmin cütlükdən, oğurladıqları məhsulların dəyəri — 231 dollar alındıqdan sonra, onların hoteldən çıxmalarına icazə verilib.

Bu oğurluq məsələsi bəşər övladının qaim-qədim peşələrindən biridir. Ən azı, 3 səmavi dinin şiddətlə qarşı çıxmasına, dünyəvi hüquq sisteminin ən nifrət etdiyi hallardan biri olmasına, müxtəlif ölkələrdə müxtəlif cəza növlərinin (həbsdən tutmuş, əli-qolu kəsilməyədək) tətbiq olunmasına baxmayaraq, Yer üzündə oğurluğun səviyyəsini aşağı salmaq, hələ ki mümkün olmayıb.

Amma və lakin, bu peşənin də çeşidli instansiyaları var. Toyuq oğurluğundan üzü insan oğurluğuna qədər saysız-hesabsız oğurluq növləri sadalamaq mümkündür. Qəribədir ki, oğurluğun miqyası genişləndikcə, yəni vurduğu ziyanın həcmi artdıqca, bu peşəyə, bir növ simpatiya artır — şərəfləndirilir. Üstəlik, bu sahənin içərisindən xüsusi bir qanad ayrılıb və "qanuni oğru" adlandırılıb ki, bu yolun yolçuları son 70 ildə SSRİ (MDB) məkanında xüsusi izzəti-nəfisə layiq görülürlər.

Və bir də tualet kağızı, hotel şəp-şəpisi (başmaq), hamam xalatı, can dəsmalı oğurlamaq varmış. Həm də ümumi istifadədə olan — hər kəsin hər yerinə dəymiş əşyaların oğurluğu. Və yenə həm də, xeyli pul xərcləmək, dünyanın o başından bu başına gəlmək bahasına istirahət etdiyin hoteldən bu cür xırda-xuruş əşyaları çırpışdırmaq…

Əslində, bu hadisənin özü də bir yazı materialı üçün çox xırda hesab oluna bilər. "Bizə nə ki, iki rusiyalı Türkiyədən portağal "əkişdirib", öz dərdimiz özümüzə yetər" də deyənlərimiz tapılacaq. Haqlı da iraddır. Elə mən özüm də sözügedən hadisə barədə xəbəri yarıyadək güc-bəla ilə oxuyacağımı düşünürdüm. Lakin içimdə qəribə bir hiss vardı, o hiss traktorun arxasına bağlanmış "prisep" kimi dartırdı məni arxasınca — "sən hələ oxu" deyə.

Anlaşılmaz bir doğmalıq hiss edirdim bu hadisəyə qarşı. "Niyə"sini dərk edə bilmədiyim acgözlüklə oxuyurdum sətirləri. Və o nöqtəyə çatdım. Hər şey agah oldu: əhəmiyyətsiz bir olayın bütün diqqətimi niyə oğurladığı, yüzlərlə kilometr uzaqda və minlərlə kilometr uzaqdan gəlmiş insanların törətdiyi əməlin ruhuma niyə belə yaxın olduğu ortaya çıxdı.

Vəlhasil, əsərin baş qəhrəmanının adı Rüstəm imiş. Yəni, bizim canımız, ciyərimiz, soydaşımız, eloğlumuz, öləndə meyitini rusdan zorla qoparıb Vətənə gətirəcəyimiz bir həmvətənimiz. Artıq onun yanındakının kimliyi o qədər önəm kəsb etmir, amma yenə də qeyd edim ki, cütlüyün zənən tayı rusdur — Mariya. Ortada Rüstəm (yəni bir azərbaycanlı) olunca, bu fakt heç nəyi dəyişdirmir, olmasın Mariya, olsun Qvadelupa. Əsas odur ki, yaşasın dünyanın harasında olmasından asılı olmayaraq xislətini dəyişməyən, prinsiplərinə sadiq qalan və orda-burda üzümüzü "ağardan" rüstəmlər…

Əlaqədar

Televiziyadan oğurluq edən nəhayət ki, ələ keçdi
İcra Hakimiyyətinin qarşısında oğurluq baş verib
Adamı oğurladılar, pulunu aldılar, döydülər, soyundurdular və ...
İlin ən qeyri-adi oğurluğu baş verdi
Şabran sakinindən kuryoz oğurluq
Oğurluq çaxırla nənəsini müalicə etdirmək istəyirmiş
Şəkidə maraqlı oğurluq
Teqlər:
oğurluq, hotel, rus, Antalya, Rusiya, Türkiyə

Əsas mövzular