11:26 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Pul, manat, dollar, rubl

Yastıqlar qaldırılsa, kimin başının altından nə çıxacaq?

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
10101

Rəsmilər əhalini yaranmış vəziyyətdən sui-istifadə etməkdə qınayır, ekspertlər isə hökumətin qərarı ilə baş vermiş devalvasiyadan ən çox camaatın əziyyət çəkdiyini bildirirlər

BAKI, 25 yan — Sputnik. Xəbər verdiyimiz kimi, manatın ikinci devalvasiyasından sonra, vətəndaşların dollar kreditlərinin 21 dekabr devalvasiyasından əvvəlki məzənnə, yəni 1 dollar = 1 manat 5 qəpiklə ödənişi barədə qərar verilə bilər. Ötən gün maliyyə naziri Samir Şərifov da bu məsələyə münasibət bildirib.

"Sosial şəbəkələrdə müzakirələr zamanı bəzi adamlar deyirlər ki, bəs, krediti kiməsə də bağışlasalar, onda gələcəkdə yenə kimsə gəlib deyəcək ki, mən də kredit götürdüm, mənimkini də bağışlayın. Yəni, biz presedent yaratmış oluruq", —deyə nazir ANS telekanalına müsahibəsində bildirib.

Hökumətin onsuz da güzəşt edəcəyini deyən S. Şərifovun sözlərinə görə, bütün mənfi və müsbət cəhətlər düzgün qiymətləndirilməlidir: "Bundan əvvəl 10 min dollar səslənirdi. Sonra 5 min dollara düşdü. Söhbət ondan gedir ki, prinsip etibarı ilə bu 5 min dollar az vəsait deyil. Yəni, 5 min dollar bir soyuducu, bir televizor deyil. Bu, bir neçə televizor, bir neçə soyuducudur".

"Əhali pulu yastığın altında saxlamamalıdır"

Nazir hesab edir ki, hökumət tərəfindən böyük bir addım atılıb: "Bilirsiniz ki, Milli Məclisin növbədənkənar sessiyası çağrıldı. Məhz əhalidə, belə deyək, banklara qarşı inamsızlığın aradan qaldırılması üçün. Yəni, əhali banklara gedib lüzumsuz öz əmanətlərini götürüb yastığının altına qoymasın. Qalsın banklarda. 100 faiz təminat verən qanun qəbul edildi. Yəni, bilirsiniz ki, Əmanətlərin Sığortalanması Fondu mövcuddur. Bu fondun fəaliyyəti üçün bunlar hərəsi il ərzində əmanətlərin həcmindən asılı olaraq, müəyyən pul ödəyirlər. Bu da fondun sığorta təminat hissəsini yaradır. Yəni, hər hansı bir bank müflis olduğu, Mərkəzi Bank onun fəaliyyətinə xitam verdiyi təqdirdə, onda əmanətçilərin maraqlarının qorunması üçün belə bir fond yaradılıb. Əvəllər 30 min manat məbləğində kompensasiya verilirdi. Bu gün dövlət 30 min manat deyil, 100 faiz həcmində kompensasiya verir".

"Devalvasiyanı əhali etməyib ki…"

S. Şərifovun qeyd etdiyi sui-istifadə halları ilə bağlı problemi Sputnik-ə şərh edən iqtisadçı-ekspert Samir Əliyev məsələyə fərqli yanaşır: "Vətəndaşların sui-istifadə halları ola bilər, tutaq ki, kommunal xərclərlə bağlı. Hansı ki, hökumət su borclarını bağışladı. Yəni, kommunal xərclərlə bağlı hökumət bəzi borcları bağlayıb. Təbii ki, belə bir vəziyyətdə bu insanlarda arxayınçılıq yaradır. Düşünür ki, mən yenə də kommunal xərcləri ödəməyəcəyəm və hökumət də nə vaxtsa bunu bağışlaya bilər. Yəni, kommunal xərclərə münasibətdə bu yanaşmanı tətbiq etmək olar. Amma kreditə münasibətdə bu fikir düzgün deyil, kökündən yanlışdır".

Ekspertin fikrincə, kreditlərin qaytarılmamasının səbəbkarı əhali deyil: "Yəni, kommunal xərcləri hansısa səbəbdən əhali ödəmirdi, səbəbkarı əhali idi. Amma kreditləri niyə qaytara bilmir? Ona görə ki, hökumət büdcə öhdəliklərini yerinə yetirmək məqsədilə devalvasiyaya gedib. 50 faiz milli valyutanı ucuzlaşdırıblar. Bu o deməkdir ki, kredit ödəyənlərin xərci birdən-birə 50 faiz artıb".

S. Əliyev xatırladır ki, devalvasiya hökumətin təşəbbüsü ilə atılmış addımdır: "Belə bir vəziyyətdən vətəndaşların sui-istifadə etdiyini iddia etmək düzgün deyil. Çünki, vətəndaş da bu addımdan zərər çəkib. Hökumət əhalinin zəif təbəqəsinin hüquqlarını sosial baxımdan qorumalıdır, müdafiə etməlidir. Amma bunu necə müəyyən edəcək? Necə müəyyən edəcək ki, kiminsə ödəmək imkanı var, kiminsə yoxdur? Belə çıxır ki, kiminsə maşını varsa, o, ödəyə bilir. Kimin maşını yoxdursa, o, ödəyə bilmir. Düşünürəm ki, bu məsələdə hökumət güzəştə getməlidir".

"İnsan psixoloji cəhətdən borclu qalmağı sevməyən varlıqdır"

Tanınmış psixoloq, "HUMEL" psixologiya mərkəzinin rəhbəri Taryel Faziloğlu bildirir ki, insan psixoloji olaraq kiməsə ağız açmağı öz eqosuna sığışdırmır. "Əgər kimdənsə borc götürübsə, buna ehtiyacı olduğu üçün götürüb. Yəni vətəndaşın evində pulu varsa, ilk növbədə bankdan götürdüyü borc pulu qaytarmaq haqqında düşünəcək", —deyə psixoloq Sputnik-ə açıqlamasında bildirdi.

Onun fikrincə, bu da o deməkdir ki, insanların əlində nağd pulu olduğu halda, gedib 5 minə qədər kredit götürməz: "Çünki, adətən 5 minə qədər krediti əhalinin sosial baxımdan ən ehtiyaclı təbəqəsi götürür. Orta təbəqəli insanların kreditlə bağlı müraciət etdiyi məbləğlər yüksəkdir. Varlılarda da ancaq biznes kreditləri götürür".

Mərkəzi Bankın məlumatlarına görə, 2015-ci il dekabr ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 18,7 milyard manat təşkil edib, onun 14,1 milyard manatı uzunmüddətli kreditlər olub. Kreditlərin həcmi 2014-cü il dekabr ayının 1-i ilə müqayisədə 3,3 faiz artıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,6 faizini təşkil edib.

Əlaqədar

Dollar kreditləri ilə bağlı yeni qərar veriləcək
Dollar kreditləri ilə bağlı yeni problem
Bakıda lombardlar da krediti dollarla tələb etməyə başladı
Əhalinin 10 min dollara qədər kreditləri köhnə məzənnə ilə hesablansın
Mərkəzi Bank dollar krediti olanlara kömək edə bilər
Teqlər:
depozit, əmanət, devalvasiya, Samir Şərifov, Samir Əliyev, banklar, kredit, manat, dollar

Əsas mövzular