CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ballıqaya faciəsini törədənləri görən şahid: "Əmim oğluna dedim, bizi öldür"

© Sputnik / Emin AlisahibXoşbəxt Sadıqova
Xoşbəxt Sadıqova - Sputnik Azərbaycan, 1920, 28.08.2021
Abunə olmaq
İyirmi doqquz il əvvəl törədilmiş Ballıqaya faciəsinin azsaylı şahidlərindən olan Xoşbəxt Sadıqova ermənilərin amansızlıqla etdikləri cinayətləri Sputnik Azərbaycan-a anladır.
İkinci yazı
“27 yaşım vardı. İndi 56 yaşım var, həmin acı tarixdən 29 il keçir... Amma elə bil, dünəndir”, - Ballıqaya faciəsinin canlı şahidlərindən olan və o gecə doğmalarını itirən Xoşbəxt Sadıqova Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində deyir.
X.Sadıqovanın sözlərinə görə, 29 il öncə, avqustun 29 üçün Tərtərin Çaylı kəndində ev götürmüşdülər: "Oraya yola düşəcəkdik. Qardaşımgil də yolda idi, bizi aparmağa gəlirdilər. Amma hayımıza hadisədən sonra çata bildilər. O zaman bir neçə nəfər sağ qalmışdıq. Hamısı qətlə yetirilmişdi", - müsahibimiz deyir.
“Yeznəmiz Abdulla kişi vardı. Gəldim ki, yeznə, qorxuram. Dedi ki, nədən? Dedim, qulağıma səs gəlir. Erməni səsi. Mənə dedi ki, get evə, qardaşın gedib, deyəsən, qorxursan. Qayıtdım evə. Oradan ayrılanda dedim ki, mən qayıdıram, amma bu gecə bizi qıracaqlar”, - Laçın rayonundan məcburi köçkün düşərək, Goranboy rayonunun Ağcakənd qəsəbəsi yaxınlığında Ballıqaya deyilən ərazidə məskunlaşan və Ballıqaya faciəsinin azsaylı şahidlərindən olan Xoşbəxt Sadıqova bildirib.
Elə hər şey Xoşbəxt Sadıqovanın ürəyinə daman kimi olur. Evdə qorxan Xoşbəxt yollanır əmisi oğlugilə.
© Sputnik / Emin AlisahibBallıqaya faciəsinin şahidi Xoşbəxt Sadıqova ailə üzvləri ilə birgə
Xoşbəxt Sadıqova - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Ballıqaya faciəsinin şahidi Xoşbəxt Sadıqova ailə üzvləri ilə birgə
“Getdim əmim oğlugilə. Dedim, gəlin çıxaq buradan. Soruşdu, niyə, dedim ki, ürəyimə damıb, bu gecə burada ermənilər bizi öldürəcəklər. Dedi, "Əmiqızı, get yat. Qardaşın gedib, təksən, qorxursan. Qorxma, get, mən də gəlirəm sizdə qalam". Çırağın işığını azaltdım. Biz qızlar, bir də əmim oğlu qaldıq bizdə. Səhərə qədər gözümə yuxu getmədi. Səhər saat 5-də, hava işıqlananda it bir dəfə hürdü. İt hürən kimi atışma səsi gəldi. Atışma, nə atışma... Pulemyot səsi”, - o qeyd edib.
Dayanmadan davam edən atəş səsləri getdikcə Xoşbəxtgilin alaçığına yaxınlaşır. 
“Hər qapını ayrı-ayrı kəsmişdilər. Alaçıqları güllələyirdilər. Qorxdum ki, bizi ermənilər əsir apararlar. Əmim oğluna dedim ki, bizi aparacaqlar. Bizi nə ilə öldürürsən, öldür, amma imkan vermə əsir düşək. Dedi, qorxma, aparsalar, öldürəcəyəm".
Çox keçmir ki, alaçığın astanasında bir erməni görünür.
“Gördüm, qapıya kölgə düşdü. Bir nəfər saqqalı uzun erməni gəldi qapının ağzına. Sonra çöldən silah səsi gəldi, erməni getdi o tərəfə. Gördüm, göydən nəsə töküldü. Bircə dəfə əmim oğluna qışqırdım ki, "Yaqub, məni vurdular". Dedi ki, "Nə atsalar, harana dəysə də, səsini çıxarma. Qoy bilməsinlər, içəridə sağ adam var". Uzandım yerə. Dedim, əmioğlu, məni kürəyimdən vurdular. Dedi, səs eləmə".
Hər kəsin öldüyündən əmin olandan sonra erməni cəlladlarının addım səsləri uzaqlaşmağa başlayır. Amma Xoşbəxtin əmisi oğlu Yaqub 9 yerdən güllə yarası alır.  “Doqquz yerindən avtomat gülləsi girmişdi. Evimizin içindən, sobamızın üstündən qan çay kimi axırdı. Yaqubun əti parça-parça olub, tökülürdü. Durdum, dəsmal ilə qolunu bağladım ki, qan aparmasın”.
© Sputnik / Emin AlisahibBallıqaya faciəsinin şahidi Xoşbəxt Sadıqova
Xoşbəxt Sadıqova - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Ballıqaya faciəsinin şahidi Xoşbəxt Sadıqova
Xoşbəxt ayağa qalxıb, ətrafa boylanır və qətliamı törədənləri də elə bu vaxt görür.
“Doqquz nəfər idi. Avtomat çiyinlərində yolla gedirdilər. Gözlədim, uzaqlaşdılar, təmiz gözdən itdilər. Çıxdım çölə ki, Vəzirin külfəti necə oldu? Yüyürəndə əmim qızı dedi ki, hara yüyürürsən? Vəzirin evini yandırdılar, balaları da içində yandı”.
Sonra Xoşbəxt kömək çağırmaq üçün ərazidən xeyli kənarlaşmalı olur.
“Min bir müsibətlə yaralı halda mən, bir də qohum bir qız var idi, ikimiz düşdük piyada yola. Yolu da tanımırdıq. Xeyli piyada gəlmişdik, yolu çıxanda bir maşın bizi görüb, saxladı. Sürücü dedi, nə olub? Dedik, hay salın, Ballıqayadakı laçınlıları qırıblar. O bizi hərbçilər olan yerə apardı. Əsgərlər yığıldılar, getdilər Ballıqayaya. Bizi də gətirdilər Goranboya, xəstəxanaya, sonra əmim oğlu gəldi, Vəzir gəldi, qardaşım gəldi. Xəstəxananı gəzirdilər ki, kim sağdır?”
Amma ailə üzvlərini gəzən kimsə öz doğmasını sağ-salamat tapa bilmir. 24 nəfər bir gecədə qətliamda həyatını itirir.
“İyirmi dörd nəfər az deyil ki... Hamısı da bir gündə... Xocalıdakı kimi, Kəlbəcərdəki kimi qırdılar hamısını...”
© Sputnik / Emin AlisahibBallıqaya faciəsinin şahidi Xoşbəxt Sadıqova
Xoşbəxt Sadıqova - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Ballıqaya faciəsinin şahidi Xoşbəxt Sadıqova
Həmin gecə 24 nəfər qətlə yetirilir, 9 nəfəri isə ağır yaralanır. Tarixdə Ballıqaya qətliamı kimi tanınan hadisə 1992-ci ilin avqust ayının 28-də səhər saat 5 radələrində baş verir. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi. Günahsız sakinlər... O faciənin şahidləri 44 günlük Vətən müharibəsində həmin qətliamın qisasının ləyaqətlə alındığını deyirlər. Xoşbəxt Sadıqova deyir ki, 29 ildir ki, bir dəfə də olsun bugünkü qədər təsəllisi olmayıb: "İndi torpaqlarımız işğaldan azad edilib, yurdumuz-yuvamız alınıb. İndi Ballıqayada itirdiyim doğmalarımın qəbrinin üstünə qürurla gedib, onları ziyarət edə bilirəm".
“Yeznəmiz Laçından, öz kəndimizdən su doldurub, gətirmişdi. Aparıb qəbirlərin üstünə tökmüşəm ki, ata-ana, qardaş-bacımın ruhları şad olsun. Gözünüz aydın, dedim, Vətən alınıb. Qələbə xəbərindən sonra getdim qəbristanlığa ki, sizin qisasınız alındı. Dedim ki, "Ay ata, ay qırılanlar, qisasınız alındı. Ruhunuz şad olsun. Əsgərimiz qisasımızı aldılar. Qanınız yerdə qalmadı. Ali Baş Komandanımızın əmri ilə. Sağ olsun İlham Əliyev! Qisasımızı aldı. Torpağımızı aldı”, - deyə o əlavə edib.
Qətlə yetirilən 24 nəfər arasında azyaşlılar, qadınlar və uşaqlar çoxluq təşkil edir. Belə ki, qətliamda 6 uşaq və 13 qadın amansızlıqla qətlə yetirilib, uşaqlardan ən böyüyünün 12 yaşı, ən kiçiyi Hümbətov Canpolad Vəzir oğlu isə cəmi 6 aylıq olub. Bundan əlavə, qətlə yetirilən 24 nəfərdən 6-sı yaşlı şəxslər, onlardan ən böyüyünün  - Vəliyeva Zeynəb Hüseyn qızının 93 yaşı vardı. Ümumilikdə Ballıqayada qətlə yetirilənlərin 11-i kişi (5-i uşaq, 2-si yaşlı şəxs), 19 nəfəri qadın idi. Onlar xüsusi amansızlıqla, iriçaplı atıcı silahlardan atılan atəş nəticəsində qətlə yetiriliblər. Həlak olmuş şəxslərin bəzilərinin meyitləri ermənilər tərəfindən yandırılmışdı. Ballıqaya qətliamında qətlə yetirilmiş şəxslər Azərbaycan Respublikasının müxtəlif bölgələrində, Bərdə rayonunun inzibati ərazisində yerləşən Qaradəmirçi, Alpout, Tumaslı və Nazırlı kəndlərində, Ağdam rayonunun inzibati ərazi vahidində yerləşən Güllücə kəndində dəfn olunublar. Allah rəhmət eləsin!
Eləcə də oxuyun:
Erməni vəhşiliyi şahidlərin dili ilə: bir gecədə iyirmi dörd azərbaycanlı necə qətl edildi
Müharibəni canlı görmək və onu filmdə yaratmaq: Gənc rejissorun xəyalı gerçək olub
Başlıbeldəki faciənin izi ilə: Sübutları bütün dünya görəcək
Ermənilərin Başlıbeldə törətdikləri qətliam barədə məktub BMT-nin sənədi kimi yayılıb
Ermənilər 1915-1919-cu illərdə Şərqi Anadoluda yarım milyondan çox türkü qətlə yetiriblər
Xəbər lenti
0