Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Müharibəni canlı görmək və onu filmdə yaratmaq: Gənc rejissorun xəyalı gerçək olub

© Photo : Courtesy of Ruslan KerimovRuslan Kərimov
Ruslan Kərimov - Sputnik Azərbaycan, 1920, 02.08.2021
Abunə olmaq
Azərbaycanlı gənc rejissor hesab edir ki, heç bir dünya şöhrətli film oradakı hadisələri tam təsvir edə bilməz, tamaşaçıya müharibəni çatdıra bilməz.
BAKI, 2 avqust — Sputnik. Uşaq vaxtlarımdan müharibə filmlərinə, müharibə ilə bağlı əsərlərə böyük marağım olub. Müharibəni hərtərəfli araşdırırdım. Necə olur müharibə? Hansı proseslər baş verir müharibədə? Düşünməzdim ki, özüm də bir gün müharibənin canlı şahidi olacam...
Bu sözləri gənc rejissor, İkinci Qarabağ müharibəsi iştirakçısı Ruslan Kərimov deyib. Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan 44 günlük müharibənin canlı şahidi Ruslan Kərimov müharibə haqqında xatirələrini Sputnik Azərbaycan-la bölüşüb:
"O filmlərin, əsərlərin təsirindən mən rejissor oldum. Həmin həvəs məni bu istiqamətə yönəldib. Tale elə gətirdi ki, hərbi xidmətimi də düşmənlə sərhəd olan bölgədə keçirdim. 2017-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və Universitetini bitirdim, hərbi xidmətə getdim. Getdim düşdüm ön xətt briqadasına, Tərtər rayonunun Taqpqaraqoyunlu istiqamətinə. Düşmənlə məsafəmiz 60 metr idi. Artıq anlayırsan ki, cəbhə bu imiş. Onda anladım ki, müharibə heç də kinoda gördüyümüz deyilmiş. Heç bir dünya şöhrətli film oradakı hadisələri tam təsvir edə bilməz, tamaşaçıya müharibəni çatdıra bilməz. Əvvəllər müharibə filmi çəkmək istəyirdim. O vaxt müharibəni təsvir etmək istəyim başqa idi, indi isə müharibə barədə fikirlərim tam dəyişib".
27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başladı. Ruslan da könüllü olaraq cəbhəyə yola düşüb:
"Mən Murovdağda postda idim. Düşmən bizdən 150 metr yüksəklikdə idi. Bilirdik ki, hücum etsək, çox böyük itki verəcəyik. Çox çətin mövqelər idi. Sıldırım qayalar və dəhşətli şaxta var idi. Mən ora gedəndə yay geyimində getmişdim. Çünki burada havalar hələ də isti idi. Getdim gördüm ki, orada hava həddindən artıq şaxtalıdır. Mənim üçün fərqli bir keçid oldu. Dəhşət içində idim ki, 30 ildir ki, əsgərlərlərimiz, hərbiçilərimiz burada vuruşublar".
Müharibə başladı və o bütün arzularının, sənətinin, doğmalarının üstündən xətt çəkib diqqətini ancaq müharibəyə yönəldib: "Çünki, sağ qalmaq şansı çox az idi. Ora elə idi ki, ora nə top, nə də minamyot qalxa bilirdi. 3200 metr yüksəklikdə düşmən postu idi. Biz də təxmini 3000 metr yüksəklikdə idik. Ora yalnız piyada qalxa bilirdik. Silahla bərabər bütün əşyalarımız 32-33 kq idi. Hər gün də qar yağırdı. Mən qayıdanda artıq dizdən yuxarı idi qar. Artıq Bakıya gələcəyimə inamım qalmamışdı. Orada ölüm ən adi bir şey idi. Mənə atılmış, məndən yan keçmiş snaryad güllələrini sonradan bir neçə dəfə saymışam. İstədim o güllələri özümlə götürüm, xatirə kimi saxlayım. Amma komandirlərim icazə vermədilər ki, yolda problem ola bilər. Bu, hərbi sursatdır, mülki həyata keçməməlidir".
© Sputnik / Shahperi AbbasovaVətən müharibəsinin iştirakçısı Ruslan Kərimov
Ruslan Kərimov - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Vətən müharibəsinin iştirakçısı Ruslan Kərimov
Ruslan deyir ki, komandirləri bir neçə dəfə onun həyatını xilas ediblər: "Güllələr atılırdı, güllə yanımdan keçəndə komadir mənim sinəmdən tutub qayanın arxasına atdı. Orada bizim mövqeyimiz qayaların arxası və qazılmış xəndəklər idi. Müharibə başlayanın 3-cü ya da 4-cü günü idi. Çoxdan qurulmuş mövqe var idi, üzərində dəmir var idi. Düşmən öncə oranı vurdu. Biz oradan bir neçə dəqiqə ərzində çıxdıq. Tez səpələndik qayaların arxasına. Qarın üstündə oturmalı olduq. Həmin yerdə ocaq da yandıra bilməzdik. Çünki, yandırsaydıq, həmin yeri artilleriya ilə bombalayardılar. Qida bizim üçün fantastik bir şey idi. Çünki biz qayaların başında idik. Yeməkləri qayaların arxasında gizlədirdilər. Təkcə gedib həmin qidanı alıb-qayıtdıqda 4-5 saat keçirdi. Mən həmin postda 65 gün oldum. Müharibə bitdi. Biz düşdük briqadaya. Dekabrın 31-i evə qayıtdıq". 
Nə qədər həyatımız üçün riskli də olsa hər bir azərbaycanlı kimi qəhrəmanımızın da ən böyük arzusu idi ki, 30 il həsrətini çəkdiyimiz o torpaqlara ayaq bassın: "O həvəs, o həyəcan artıq bizdə düşmən qorxusunu da, güllə qorxusunu da, ölüm qorxusunu da məhv etmişdi. Çox mistik bir hisdir, sənin torpağındır və sən ora ayaq basa bilmirsən. Orada Ömər aşırımı postu var. Çox dəhşətli post idi. Oradan Kəlbəcərə keçdik. Oradan bizi, yəni könüllüləri Prezidentin sərəncamına əsasən tərxis etməyə başladılar".
Kərimov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub: "Açığı, gözləmirdim. Mən ora nəyəsə görə getməmişdim. Xəbəri komandirim çatdırdı mənə. Görəndə çox sevindim. Müəyyən müddət keçməsinə baxmayaraq hələ də o ab-havadan çıxmamışam. Tez-tez yuxularıma girir müharibə, şəhid olmuş döyüş yoldaşlarım. Müharibənin 3-cü günü mayor Rahib Babayev bizə dedi ki, hərə boynundan bir patron assın. Güllənin içini boşaltsın, ad-soyadınızı və əlaqə nömrəsi yazıb ondan boyunbağı hazırlasın. Boynunuzdan asırsınız, müharibə bitənə qədər boynunuzdan çıxarmayın onu. Birdən şəhid olsanız, tanınmaz halda olsanız, həmin boyunbağı vasitəsi ilə sizin ailənizlə əlaqə saxlaya bilərik. Orada anladım ki, bizim yaşadığım adi həyatdan tam fərqlənir müharibə.
Orada mütləq özünü hazırlamalısan. Soyuqqanlı olmaq lazımdır mütləq. Orada məndən də yaşca balaca əsgərlər var idi. Onlara görə, həm də özümə görə maksimum soyuqqanlı olmağı öyrəndim. Orada soyuqqanlı idim. Amma müharibədən sonra mənə hər şey təsir etməyə başlayıb. Oradakı hadisələr sanki indi-indi mənə təsir edir".
"Müharibədən əvvəlki Ruslanla, müharibədən sonrakı Ruslan arasında fərq böyükdür. Müharibə insanı tamamilə dəyişir" deyir həmsöhbətimiz:
"Müharibə ölümlə yaşam arasında çox incə bir xəttdir. Hansı ki, sən o xəttin üstündə yerimək məcburiyyətindəsən. Adi həyatda biz bu xəttə çox uzağıq. Amma müharibədə belə deyil. Bu hisləri sözlə əvəz edə bilmərəm. Orada gördüyüm dəhşətləri heç vaxt unutmayacağam, yəqin ki. Tək məndə yox, müharibədə bir gün belə olan insan o anları unuda bilməz. Əvvəl cəmiyyətə, təbiətə və ümumi bəşəriyyətə başqa cür baxırdımsa, indi o baxışların daha da dərinləşdi. Müharibədən qayıdandan sonra 1 ay yuxusuz qaldım. İndiyə qədər də yuxuda müharibəni görürəm. Döyüş dostları da fərqli olur. Onların yeri ayrı olur. Oradakı dostluqlar da adi həyatdakından fərqlənir. Çünki, onlar da səninlə birlikdə eyni həyatı yaşayır. Elələri var mənimlə birlikdə qayıdıb. Elələri də var ki, onlar hələ də oradadır. Hərbi xidmətləri hələ bitməyib".
© Photo : Courtesy of Ruslan KerimovVətən müharibəsinin iştirakçısı Ruslan Kərimov
Ruslan Kərimov - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Vətən müharibəsinin iştirakçısı Ruslan Kərimov
Gənc rejissor bildirir ki, Qarabağ müharibəsini əks etdirən çox az sayda film var. Onun fikrincə, həmin filmlər orada baş verənlərin heç 1 faizini belə, tamaşaçıya çatdıra bilmir: "Düşünürəm ki, bundan sonra olacaq. Müharibədən sonra da dəqiq, real hadisələrə söykənərək filmlər çəkiləcək. İstəyirəm müharibə filmləri çəkim. Bilirəm ki, çox çətindir. Qısametrajlı da olsa, film çəkmək istəyirəm. Başıma gələn hadisələrdən, müharibənin görünən və görünməyən tərəflərini vermək istəyirəm. Öz başıma gələn hadisələri toplayıb film kimi təqdim etmək istəyirəm. Oradakı qaranlıq məqamları göstərmək istəyirəm. Hansı ki, onu ancaq müharibəni görən insan bilir. Çox güman ki, adi müharibə filmlərindən fərqlənəcək".
Türkiyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib. Bununla bağlı Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov türkiyəli həmkarı Mehmet Nuri Ərsoyla görüşüb. Nazir Anar Kərimov bildirib ki, Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında film və serialların çəkilməsi Azərbaycan və Türkiyə dostluq və qardaşlığın simvolu olacaq. Ruslan hesab edir ki, rejissor və ssenari müəllifi mütləq azərbaycanlı olmalıdır. Çünki o hisləri bizdən yaxşı heç kəs çatdıra bilməz: "Türkiyə qardaşımızdır, bu, öz yerində. Amma onları biz yaşamışıq, onu ancaq azərbaycanlı rejissor ssenarist və aktyor çatdıra bilər. Texniki baxımdan razılaş bilərəm. Texniki baxımdan kömək edə bilərlər".
Qeyd edək ki, Ruslan Kərimov müharibədən qayıtdıqdan sonra "İnilti" adlı ikihissəli qısa 3D animasiya film çəkib. Rejissorun verdiyi məlumata görə, film Xocalı soyqırımı haqqındadır: "Film Xocalı faciəsi zamanı ailəsi və bütün kənd əhalisi ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş bir uşaqdan bəhs edir. Bütün bu dəhşətləri o görür. Filmdəki hadisələr real faktlara əsaslanır. Bu, heç də mənim təxəyyülümün məhsulu olmasa da, hər kəsə məlumdur ki, Xocalıda baş verənlər filmdəki hadisələrdən daha dəhşətli olub".
Ruslanın dediyinə görə, film 2 aya, müxtəlif fasilələrlə çəkilib: "Zəif texnologiya ilə, adi bir noutbukda çəkmişəm. Əgər yüksək keyfiyyətli kompüter olsa idi, daha yaxşı görüntü, daha yaxşı keyfiyyətə render almaq imkanım olardı. Bu, ikihissəli olacaq. Bu, birinci hissəsidir. Əgər bəyənilərsə, 2-ci hissəsini davam edəcəm. Filmin heç bir büdcəsi yoxdur. Filmin çəkilişinə ayırdığım vaxt isə sadəcə işdən evə gəldikdən sonra bir neçə saatlıq məşğul olmağa imkanım olurdu. Mən də bu qısa vaxtlardan istifadə edərək təxəyyülümdəki hadisəni canlandırdım".
P.s. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bu gün Milli Kino mükafatını təqdim edib. Bu mükafatı 2 avqust Milli kino günü münasibətilə təşkil edilən tədbirdə Əməkdar incəsənət xadimi Rafael Qənbərova təqdim edilib. Mükafatın məbləği 2 min manatdır.
Qeyd edək ki, Milli Kino Mükafatı 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda ən yüksək kino mükafatıdır.
Bu gün sözügedən tədbirdə “Qarabağ Azərbaycandır” ssenari müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Mükafatlar qaliblərə təqdim olunub:
Ən yaxşı tammetrajlı film ssenarisi – “Xəzər dalğası”: Rzayev Elnur Vahid oğlu. (Mükafatı – 5000 manat)
Ən yaxşı qısametrajlı film ssenarisi – “Xarı bülbül”: Nəsibli Leyla Eyvaz qızı. (Mükafatı – 3000 manat)
Qeyd edək ki, müsabiqəsnin qalibləri Nəsibli Leyla Eyvaz qızı ixtisasca həkim-pediatr, Rzayev Elnur Vahid oğlu isə iqtisadçıdır.
Xəbər lenti
0