CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Füzulidə kaset bombasının partlaması nəticəsində yaralanan kişi Bakıya gətiriləcək

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidPartlayış, arxiv şəkli
Partlayış, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.07.2021
Abunə olmaq
Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunan şəxs xəsarət alıb. Son durumu barədə Sputnik Azərbaycan-ın müxbiri xəbər verir.

BAKI, 12 iyul - Sputnik. Bu gün səhər saatlarında Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşən “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlu Füzuli rayon Mərkəzi Xəstəxanasına gətirilib. 

Füzuli rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Əhəd Məmmədov Sputnik Azərbaycan-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, xəstənin əməliyyatı uğurla keçib. Hazırda o, reanimasiyadadır. “Xəsarət alan şəxs xəstəxanamıza gətirilərkən huşsuz vəziyyətdə olub. Onun bədənində, o cümlədən döş qəfəsinin plevra boşluğuna keçən hissəsində çoxsaylı qəlpə yaraları, sol tərəfli hemopnevmotoraks aşkarlanıb. Yaralı dərhal əməliyyat masasına alınaraq, üzərində cərrahi əməliyyat aparılıb. Onun bədənindəki kəsilmiş-deşilmiş yaralar işlənib. Əməliyyat, xəstənin ağırlıq dərəcəsinə baxmayaraq, uğurla nəticələnib. Hazırda reanimasiyadadır”.

© Sputnik / Emin AlisahibZərərçəkən Xəlilov Elşən Eyvaz oğlu
Füzulidə kaset bombasının partlaması nəticəsində yaralanan kişi Bakıya gətiriləcək - Sputnik Azərbaycan, 1920, 12.07.2021
Zərərçəkən Xəlilov Elşən Eyvaz oğlu

Ə.Məmmədov həmçinin bildirib ki, hazırda xəstənin vəziyyəti həkimlərin nəzarəti altındadır və onun təxliyə edilməsi də planlaşdırılır. “Xəstə özünə gələndən sonra o, paytaxtdakı xəstəxanalardan birinə köçürüləcək. Bu proses xəstənin vəziyyəti təxliyə üçün əks-göstəriş olmadığı halda həyata keçiriləcək. Hazırda onun vəziyyəti stabil-ağır olaraq qalır”.

--------

16:44

Füzulidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.

Xəbər verildiyi kimi, iyulun 12-də saat 11 radələrində “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlu işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsində Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Füzuli rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılıb.

Füzuli Rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

---------

12:31

Bu gün saat 11 radələrində bir nəfər şəxs Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşüb.

Füzuli Rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, ilkin araşdırmalarla “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Füzuli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

İşğal bölgəsində fosforlu bombalar

Qeyd edək ki, ötən il dekabrın 25-də Tərtər rayonunun işğaldan azad olunmuş Suqovuşan kəndində keçmiş düşmən postu ərazisində 22 mm D-4 (P-4) ağ fosfor tərkibli, istifadəsi beynəlxalq hüquq normalarına zidd olan top mərmiləri aşkar olunub.

Bundan öncə də dəfələrlə erməni silahlı qüvvələrinin istifadə etdiyi ağ fosforlu bombalar aşkar edilmişdi.

Belə ki, əvvəlcə 03.11.2020-ci il tarixində Tərtər rayonunun iki kəndi - Səhləbad və Əskipara kəndləri yaxınlığında tərkibində 3,6 kq fosfor olan 2 ədəd D4 122mm-lik top mərmisi, 8 oktyabr tarixində isə Füzuli rayonunun Ağayatlı kəndi ərazisində eyni mərmi tapılıb və zərərsizləşdirilib.

Bundan əlavə, 2016-cı il aprel hadisələrindən sonra 11 may tarixində də Tərtər rayonunun Əskipara kəndi ərazisində əkin sahəsində düşmən tərəfindən atılmış bir ədəd mərmi götürülmüşdü.

Qarabağda mina qurbanları 

Baş Prokurorluğun məlumatına görə, 2020-ci il noyabrın 10-dən bəri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeddi hərbçi və 20 mülki şəxs mina düşərək həlak olub, daha 86 hərbçi və 29 mülki şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Mina xəritələrinin verilməsi

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

İyulun 3-də isə Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Əvəzində Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

 

Eləcə də oxuyun:

Xəbər lenti
0