BAKI, 8 iyul — Sputnik. Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın "Opinio Juris" jurnalında geniş müsahibəsi dərc olunub. Sputnik Azərbaycan xəbər verir ki, müsahibəsində diplomat Azərbaycan-İtaliya strateji tərəfdaşlığı və onun gücləndirilməsi perspektivləri, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin İtaliyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlər, bu xüsusda İtaliya mətbuatı ilə aparılan iş haqqında danışıb.
Müsahibədə Ermənistanın Azərbaycana qarşı 30 il müddətində davam etmiş hərbi təcavüzü və onun ağır nəticələri, münaqişənin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın göstərdiyi səylər və Ermənistan tərəfindən hərbi işğalın nəticələrini əbədiləşdirmək cəhdləri və təxribatçı addımlar, Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad olunması və bölgədə hazırkı vəziyyətlə bağlı mövzulara geniş yer verilib.
M.Əhmədzadə Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olması və işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması istiqamətində atılan addımlar, eləcə də Azərbaycanın müsbət addımlarına qarşı Ermənistan tərəfindən həyata keçirilən təxribatlar, ərazilərin minalanması problemi, dezinformasiya kampaniyası barədə danışıb.
Müsahibəsində diplomat Vətən müharibəsi və ondan sonra İtaliya rəsmi qurumlarının məsələyə obyektiv münasibəti, Azərbaycana İtaliya hökumət və parlament nümayəndə heyətlərinin səfərləri, italyan şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdəki bərpa və yenidənqurma layihələrinə cəlb olunması istiqamətində həyata keçirilən iş barədə də məlumat verib.
Diplomat münaqişəyə İtaliya mətbuatının mövqeyi barədə də danışıb, eləcə də erməni tərəfinin yalan iddialarını cavablandırıb.
Müsahibədə, eləcə də COVİD-19 pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən tədbirlər barədə də məlumat verilib.
Müsahibə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://www.opiniojuris.it/azerbaigian-lamb-ahmadzada-litalia-un-nostro-partner-strategico/