09:55 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0154
  • RUB0.0231
SİYASƏT
Qısa URL
1924 0 0

Avropa İttifaqının xüsusi nümayəndəsi və ATƏT sədri Rusiyanın vasitəçiliyi ilə Ermənistanın Füzuli və Zəngilan rayonlarında basdırılan minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim etməsini alqışlayıblar.

BAKI, 4 iyul — Sputnik. Avropa İttifaqının Cənubi Qafqaz regionu və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın Füzuli və Zəngilan rayonlarında basdırılan minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim etməsini və Azərbaycanın 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verməsini alqışlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, T. Klaar yazıb "Twitter"də paylaşımında qeyd edib ki, Bakıdan və Yerevandan əla xəbərlər var. Avropa İttifaqının xüsusi nümayəndəsi saxlanılan ermənilərin buraxılmasının yaxşı hal kimi qiymətləndirib: "Azərbaycana isə vacib olan mina xəritələri təqdim edilib".

ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde də Azərbaycan və Ermənistan arasında saxlanılanların və minalanmış ərazilərin xəritəsinin mübadiləsinə dair növbəti razılaşmanı alqışlayıb.

A. Linde bu barədə "Twitter" hesabındakı paylaşımda qeyd edib.

"Əlavə olaraq saxlanılmış 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını və Ermənistanın minalanmış ərazilərin xəritəsini açıqlamasını alqışlayıram. Rusiyanın vasitəçiliyini təqdir edirəm. Ümid edirəm ki, daha çox etimad yaratma ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında dayanıqlı nizamlanma üçün yol aça bilər",-deyə ATƏT sədri bildirib.

Füzuli və Zəngilanın mina xəritələrinin əvəzində 15 erməni

3 iyul 2021-ci il tarixində Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, "cəza müddəti bitmiş" 15 nəfər erməni hərbçi isə ölkəsinə qaytarılıb. Onlar 2020-ci il noyabr ayının sonunda Xocavənddə saxlanılmış erməni hərbçilərdir.

İki gün əvvəl Bakı Apellyasiya Məhkəməsi tərəfindən "Azərbaycanın dövlət sərhədini pozmaq" ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilmişdilər. Həbsdə saxlanıldıqları müddət 6 aydan çox olduğuna görə "cəza müddəti bitmiş" hesab ediliblər. Bu arada məlum olub ki, Ermənistana təhvil verilən diversantların hamısı eyni bölgədəndir. Ermənistan mətbuatının yazdığına görə, 3 iyul 2021-ci il tarixində Bakıdan Yerevana aparılan erməni hərbçilərin hamısı Ermənistanın Şirak bölgəsinin sakinləridir.

Ağdamın mina xəritəsinin verilməsi

Onu da xatırladaq ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Mina xəritələri məsələsi

Azərbaycan tərəfi dəfələrlə Ermənistan tərəfinə və beynəlxalq təşkilatlara minalanmış ərazilərin xəritəsini almaq üçün müraciət etsə də, Ermənistan birmənalı şəkildə həmin xəritələri verməkdən imtina edib. Nəticədə atəşkəs dövründə onlarla Azərbaycan vətəndaşı minaya düşərək həlak olub və yaxud yaralanıb.

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, müharibə bitəndən sonra Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu da yüzlərlə insanın minaya düşərək həlak olmasına səbəb olur. Bu minaların təmizlənməsi çox vaxt aparır.

Bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi məsələsinə münasibət bildirərkən deyib ki, "Biz bütün humanitar məsələlərin, xüsusən də minalarla bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq".

"Bu məsələni Yerevanda müzakirə etmişik. Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu məsələni həll etmək lazım olduğunu anlayır. İlk addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, bu məsələnin həlli sürətlənəcək və onun tam həlli tapılacaq”, – S.Lavrov demişdi.

Əsas mövzular