BAKI, 31 may — Sputnik. Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb.
Bununla bağlı Dövlət Sərhəd Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir, Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır.
Sərhəddə nə baş verir? Öncə Qaragöl
Ermənistan-Azərbaycan sərhədində vəziyyət mayın 12-də yenidən gərginləşib. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.
Azərbaycan ərazisi üç istiqamətdən atəşə tutuldu
Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki yoxdur.
Kəlbəcər təxribatı
Mayın 25-də Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə məlumat yayıb, bildirib ki, guya bir əsgər həlak olub.
Azərbaycan Müdafiə Nazirliyi bunu təkzib edərək mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd etdiyini, bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısının alındığını bildirib. Erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insidentin isə bədbəxt hadisə nəticəsində baş verdiyini, bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi olmadığını vurğulayıb.
Diversiya qrupu ələ keçdi
Mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.
Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).
Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.
Naxçıvan atəş altında
Bu gün isə Azərbaycan Müdafiə Nazirliyi mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimizin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalması barədə məlumat yayıb.
Məlumata görə, atəş nəticəsində hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur.
Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.
"Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan sahəsində vəziyyətin nisbi gərginləşdirilməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Ermənistan tərəfini təxribatlar törətməkdən, vəziyyətin gərginləşməsinə səbəb olacaq digər addımlardan çəkinməyə və məsuliyyətli davranmağa çağırırıq", - Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.
Eləcə də oxuyun:
-
"Xalqımız üçün təhlükə yaranarsa, düşməni yerindəcə məhv edəcəyik" - Azərbaycan prezidenti
-
Zəngilanda DSX-nin yeni hərbi hissəsi fəaliyyətə başlayıb
-
Əli Əsədov Minskdə Azərbaycanın prinsipial mövqeyini nümayiş etdirib
-
Paşinyandan etiraf: Biz müharibəni uduzduq və məğlubiyyətə görə məsuliyyət daşıyırıq