Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan
BAKI, 25 aprel — Sputnik. Bura Füzulinin ən böyük kəndlərindən olan Alxanlı kəndidir. O kənd ki, erməni təcavüzü nəticəsində torpaqlarının 30%-i düşmən tapdağı altında qalmışdı. Sputnik Azərbaycan bildirir ki, bu illər ərzində erməni vandalları uşaq, böyük, qoca, yaşlı bilmədən hər zaman bu kəndə atəş açaraq, sakinlərə məxsus mal-qaranı, texnikaları, əkin sahələrini yararsız hala salırdılar. Ən dəhşətli məqam odur ki, 2017-ci ilin 4 iyulunda kəndi ağır artilleriya atəşinə məruz qoyan ermənilər yaşyarımlıq Zəhranın və nənəsinin ölümünə səbəb olmuşdular.
Alxanlı sakini Elnur Quliyev hadisəni belə nəql edir: "Axşamçağı erməni təcavüzkarları ağır mərmi ilə atəş açmışdılar, mərmi onların yanına düşmüşdü. İkisi də şəhid olmuşdu. Mənim 52 yaşındakı anam və yaşyarımlıq qızım Zəhra erməni terroristləri tərəfindən öldürüldü. Mənim iki əzizimi aldılar məndən. İstəyirdim ki, onların qisasını alım, qanını yerdə qoymayım. Müəyyən səbəblərə görə bu mənim əlimdən gəlmirdi. Bizim 44 günlük zəfər döyüşümüzdə Ali Baş Komandanımız İlham Əliyev və ordumuz bütün şəhidlərin olduğu kimi, mənim anamın da, qızımın da qanını yerdə qoymadılar, qisasını aldılar".
Alxanlı kəndi üzrə icra nümayəndəsi İlham İsrafilov: "1993-ci ilin 23 avqust tarixində Alxanlı kəndi də o biri kəndlərimizlə bərabər mənfur düşmənlərimiz tərəfindən tam işğal olundu. Sonra, 1994-cü ilin yanvarında şanlı ordumuz bizim kəndin 1/3 hissəsini işğaldan azad elədi. Həmin o vaxtdan bizim qaçqın düşmüş əhalimiz qayıdış proqramına əsasən, salamat qalmış evlərinə dönərək yaşamağa başladılar. Bununla bərabər, dağılmış 400-dən yuxarı ev vardır ki, bunlar da ulu öndərin rəhbərliyi altında tam bərpa və təmir olundu. Əhalimiz burada yaşamağa başladı".
Yavər Quliyev: "Mənim 41 yaşım var. Bu kənddə boya-başa çatmışam. Demək olar ki, 90-cı illərdən, mənim ağlım kəsən vaxtlardan ermənilər həmişə bizə ziyan vurublar. Örüşə mal-qara aparan, əkin sahələrində çalışan camaata düşmən həmişə ziyan vurub. Düzdür, biz qorxmamışıq. Ancaq hər zaman, necə deyim, gizlin atəş etsələr, gizlin bir şey atsalar, onda uşaqdan, ailədən ehtiyat edər, onlara görə narahat olardıq. Ta ki ötən ilin noyabr ayına qədər. 44 günlük müharibədən sonra biz daha azad yaşayırıq, azad gəzirik, qorxmuruq heç nədən. Camaat öz işində-gücündə, əkinində-biçinində, mal-qara gedir-gəlir, daha elə qorxulu şeylər yoxdur".
İlham İsrafilov: "Mütəmadi bura atəş altında olan nöqtəydi. Bizim ərazidən, azad olunmuş yerlərdən onların səngərlərinə baxırıq. Oradan baxanda bizim kənd onların əlinin içi kimi görünən sahədir. Yəni biz burada elə yaşamışıq, 20-30 ildə qorxu hissi keçirməmişik. Buna baxmayaraq, onlar bizi, demək olar ki, həmişə mütəmadi olaraq atəş altında saxlayırdılar. Bura artillerya ilə və snayperlərlə atəş açırdılar. Bu camaat bu şəraitdə yaşamışdır. Ötən il sentyabrın 27-də düşmən bizə hücum etməyə cəhd göstərsə də şanlı ordumuz onları məhv etdi, yerinə otuzdurdu. 27-si sentyabr tarixində bizim yuxarı kənd məhləsi və Füzulinin Raxəmərd kəndi işğaldan azad olundu. Hal-hazırda camaatda böyük bir ruh yüksəkliyi var".
Şanlı və qüdrətli Azərbaycan Ordusunun sayəsində cəmi 44 günə düşmənin keçilməz hesab etdiyi müdafiə sədləri darmadağın edilərərək, canlı qüvvəsi və texnikası məhv edildi. Ərazilərimiz düşmən tapdağından azad olunaraq, üç rəngli ay-ulduzlu bayrağımızı müqəddəs torpalarımıza sancmağa nail oldu. Amma Ermənistan bu gün də minalanmış ərazilərin xəritələrini verməməklə vandal xislətini bir daha sübut edir. Amma xəritə olmasa belə digər ərazilərimiz kimi, Alxanlı kəndinin işğaldan azad edilən əraziləri minalardan təmizlənir.
ANAMA-nın əməkdaşı Habil Babayev: "İyirmi yeddi il ərzində bu ərazilər birbaşa düşmənlə bizim aramızda olan təmas xəttidir. Bu ərazilər neçə illər ərzində düşmən tərəfindən başdan-başa minalanıb. Baxmayaraq ki, minalar hərbi üsulla qurulur, düşmən bunu həm hərbi üsulla, həm də pərakəndə şəkildə edib. Minalar pərakəndə basdırılsa belə, xəritələri var".
"Biz pərakəndə olaraq sözünü onların savadsızlığından irəli gələn söz kimi işlədirik. Yəni hansısa bir minanın basdırılmasında nizam-intizam qaydaları var, onun da bir standartı var. Hərbidə minalar bu qaydalar əsasında basdırılmalıdır. Mina aşkarlandıqda isə bir minanı tapmasan, dərhal bilərsən ki, bu xəritə var idi. Təxminən 200 min kv m sahə artıq minalardan təmizlənib. Bu ərazilərin təmizləməsi zamanı təxminən 207 ədəd tank əleyhinə, 168 ədəd isə piyada əleyhinə minalar aşkarlanıb. Ərazilərdə aşkarlanan minalar əsasən Rusiya istehsallı minalardır və eyni zamanda Ermənistan istehsalı olan piyada əleyhinə olan pemen tipli minalar vardır", - ANAMA-nın əməkdaşı Mədəd Məmmədov söyləyir.
Bir vaxtlar erməni tapdağı altında olan Alxanlı kəndi ilə bərabər, digər kənd və qəsəbələrimiz, rayon və şəhərlərimiz qüdrətli və şanlı Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində yenidən özümüzə qayıtdı. Ərazilər minalardan təmizləndikdən, yollar çəkildikdən, evlər bərpa olduqdan sonra doğma yurd-yuvasından didərgin düşən vətəndaşlarımız o yerlərə qayıdacaqlar.