BAKI, 6 iyun - Sputnik. “Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov və digərlərinin qanunsuz əməllərinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Qeyd olunur ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVID-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.
30 iyun 2021-ci il tarixdə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, Abbasov Pərviz Akif oğlu aprelin 22-ə həbs olunub.
Yeni klinika
2020-ci il martın 28-də açılışı olan “Yeni klinika” tibb müəssisəsində müvəqqəti olaraq koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alırlar.
Tibb ocağı 575 çarpayılıqdır. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışır.
Eləcə də oxuyun:
-
Saxta əlillik dərəcəsi verən bir baş həkim, üç direktor işdən çıxarılıb
-
Bakı Baş Səhiyyə İdarəsi ləğv edilir
-
"Həkimlər sadəcə xəstələrin necə əzabla öldüklərini müşahidə edirdilər" - şok iddialar