20:53 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
SƏHİYYƏ
Qısa URL
182811

"Mənə yoldaşım zəng edib dedi ki, həkim tapşırığına əsasən, o preparatı aptekdən alım. Çünki xəstəxanada "Clexane" yoxdur".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 aprel — Sputnik. Azərbaycanda COVID-19 xəstələrinin müalicəsi üçün inşa olunmuş klinikaların rəhbərlərinin qanunsuz əməllərinə görə həbs olunması yaxınları koronavirusdan vəfat edən ailələrin dərdini təzələyib. Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasında koronavirusdan vəfat edən tarixçi alim Dilavər Əzimlinin həyat yoldaşı, jurnalist Arzu Qazıyeva Sputnik Azərbaycan-a mərhum həyat yoldaşının modul xəstəxanada başına gətirilən qanunsuzluqlardan danışıb.

O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasının məhkəməyə verilməsi üçün işlərə başlayıb. A.Qazıyeva iddia edir ki, koronaviruslu xəstələrin modul tipli xəstəxanalara yerləşdirilməsi belə, rüşvətlə həyata keçirilib:

"Hər şey təcili və təxirəsalınmaz tibbi yardımdan başlayır. Təcili yardıma 200 manatdan 500 manatadək pul vermək lazımdır ki, xəstəni modul tipli xəstəxanaya yerləşdirsin. Xəstə klinikaya yerləşdirildikdən sonra bütün xəstələr eyni təlimata əsasən müalicə olunurlar. Orada vəziyyəti ağır olan xəstələrə fərdi yanaşma yoxdur. Təlimatda qeyd edilir ki, xəstəyə 1 atmosferdən 3 atmosferə qədər oksigen verilə bilər. Amma həkim xəstənin vəziyyətinə baxmadan birbaşa 3 atmosfer oksigen verərək ciyərin qalan alveollarını da məhv edir.

Təlimatda yazılmışdı ki, mənim həyat yoldaşıma "Clexane" preparatı inyeksiya şəklində vurulmalıdır. Amma Dilavər bəyə o preparat vurulmurdu. Mənə yoldaşım zəng edib dedi ki, həkim tapşırığına əsasən, o preparatı aptekdən alım. Çünki xəstəxanada "Clexane" yoxdur. Sonra bildirdi ki, o iynəni həblə əvəz ediblər. Xəstəyə bildiriblər ki, vəziyyəti yüngül olduğundan iynəni vurmağa ehtyac yoxdur. Bundan əlavə, Dilavərə lazımsız yerə inhalyasiya ediblər. Onlar bizi inandırırdılar ki, müalicəni düzgün aparırlar. Amma həyat yoldaşım vəfat etdi".

A.Qazıyeva deyir ki, həyat yoldaşı reanimasiyaya düşəndə bilib ki, modul tipli xəstəxanada xəstəyə yaxşı baxılması üçün iki min manatdan yuxarı pul vermək lazımdır. Onun sözlərinə görə, reanimasiyada olan xəstələrin həyatına qarşı çox amansız davranılıb: "Reanimasiyada xəstələri müalicə etmirdilər. Sadəcə onların necə əzabla öldüklərini müşahidə edirdilər. Onların əlindən telefonu alırdılar ki, bu barədə heç kəsə məlumat verə bilməsinlər".

A.Qazıyeva D.Əzimli xəstəxanada olarkən bəzi dərmanların alınması üçün baş həkimin ona tapşırıq verdiyini də söyləyir: "Dilavər EKMO aparatında olanda mənə baş həkim yazdı ki, bir dərmanı almalıyam. Həmin dərman isə ölkəmizdə tapılmır. Səhiyyə Nazirliyinə xəstəxananın müraciəti əsasında verilir. Həmin dərman preparatının alınmasında mənə millət vəkilimiz Qənirə Paşayeva yardımçı oldu. Türkiyədə bu dərmanın qiyməti çox bahadır. Yalnız xəstəxanalara verilən dərmanı biz özümüz tapıb verdik. Sonra bizə minnət qoymaq üçün dedilər ki, həmin dərmanı tapıb xəstəyə vurublar. Sən demə, bunlar bahalı dərmanları ehtiyat üçün saxlayırmışlar. Mənim üçün maraqlıdır ki, dərmanları xəstələrin yaxınları alırlarsa, bəs COVID-19-a görə dövlətdən ayrılan vəsait hara gedir?"

Mərhum alimin həyat yoldaşı Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasına da xəstələrin pulla yerləşdirildiyini iddia edir: "Mənim bir çox tanıdığım şəxslər var ki, onlar ağırlaşsalar da xəstəxanaya tapşırıqla yerləşdiriliblər. Mən belə qənaətə gəldim ki, xəstələrin çoxu baxımsızlıqdan dünyasını dəyişiblər".

A.Qazıyeva bu modul tipli xəstəxanada işləyənlərin çoxunun stomatoloq olduğunu, bu səbəbdən də koronavirus xəstələrinin müalicəsinin lazımi effekt vermədiyini iddia edir: "Onlar xəstənin həyatına biznes kimi baxıblar. Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevi həbs etməklə kifayətlənmək olmaz! Ona ən ağır cəza verilməlidir. Həmin şəxsin qurduğu səhv idarəçilik, qanunsuzluqlar və onun günahı nəticəsində vəfat edən insanlar həyata qayıtmayacaqlar. Bu insan ən ağır cəzaya məhkum olunmalıdır ki, biz az da olsa təsəlli tapaq".

A.Qazıyeva modul tipli xəstəxanada vəfat edənlərə, onların yaxınlarına qarşı da laqeyd yanaşma olduğunu söyləyir. Onun sözlərinə görə, bu xəstəxanada COVID-19-dan vəfat edənlər barədə yaxınlarına heç bir məlumat verilmirmiş: "Təsəvvür edin ki, xəstənin yaxınları xəstəxanın çağrı mərkəzinə zəng edib doğması barədə məlumat istəyir, həmin şəxslərin ölümlərini gizlədirdilər. Heç kəs xəstənin yaxını zəng edib axtarmamış ölüm xəbərini vermirdi. Bu azmış kimi, xəstələr dünyasını dəyişdikdən neçə gün sonra onların meyitlərini doğmalarına verirdilər. Bütün bu qanunsuzluqlara görə İ.Ağayev cavab verməlidir".

Qeyd edək ki, D.Əzimli vəfat edən zaman da A.Qazıyeva Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasından şikayət etmişdi. O, həyat yoldaşının geyimlərinin kif basmış, natəmiz vəziyyətdə onlara verildiyindən gileylənmişdi. Bundan əlavə, cəmiyyətdə də modul tipli xəstəxanalarda özbaşınalığa dair müxtəlif narazılıqlar dolaşır.

Koronaviruslu xəstələrin müalicəsi üzrə ixtisaslaşmış xəstəxanaların rəhbər şəxslərinin həbsinə münasibət bildirən millət vəkili Fazil Mustafa isə bildirib ki, doğmalarının bu xəstəxanalarda baxımsızlıqdan öldüyünü iddia edənlər məhkəməyə müraciət edə bilərlər: "Həbslər bu sahədə korrupsiya ilə mübarizə konteksində müsbət qiymətləndirilməlidir. Bu hadisədən əvvəl də COVID-19 xəstələrinin müalicəsi ilə bağlı cəmiyyətdə kifayət qədər geniş şübhələr yayılmışdı. Vəzifəli şəxslər bilməlidirlər ki, insanların faciəsi üzərindən pul qazanmaq insanlığa ziddir. Bunun cəzası olmalıdır".

Deputat bildirib ki, kadrların təyinatı zamanı müəyyən amillər nəzərə alınmalıdır:

"Hər bir şeydə gəncləşmə yox, yeniləşmə önə çəkilməlidir. Gəncləşmə hələ məsələnin düzəlməsi demək deyil. Bəlkə də bu kimi məsələlərdə köhnə kadrlar daha vicdanlı davranırlar. Amma gənclər arasında da özlərini doğruldanlar var. Yasamal rayon icra başçısını bu mənada misal çəkmək olar. Bununla belə elə kadrlar var ki, onların dünyagörüşü bu vəzifəyə adekvat deyil. Xaricdə təhsil də vəzifə üçün əsas meyar deyil".

Qeyd edək ki, bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev və onların əlaltıları həbs olunublar. Həmin şəxslər koronavirus xəstələrinin tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsində ittiham edilirlər.

Teqlər:
iddia, Koronavirus, epidemiya, COVID-19, xəstə, həkim

Əsas mövzular