01:16 31 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
57720

Amerikada yaşayan azərbaycanlı alim: "Karantin xəstəliyin yayılma sürətini kifayət qədər aşağı salır və çox effektivdir".

BAKI, 19 may — Sputnik, Cəlil Cavanşir. Ayxan Yusifov hazırda Vayomiq Universitetində (Universiy of Wyoming) Bio-tibbi Elmlər üzrə Fəlsəfə doktoru dərəcəsi üçün elmi araşdırmalar aparır. İlk təhsilini Bakı Dövlət Universitetində alıb, sonrakı illərdə ABŞ Dövlət Departamentinin Edmund Muskie Təhsil Proqramının dəstəyi ilə Şimali İllinoys Universitetində İctimai Sağlamlıq üzrə magistr dərəcəsi, daha sonra İllinoys Dövlət Universitetində Hüceyrə Biologiyası və Biotexnologiya üzrə magistr dərəcəsindən məzun olub. Xüsusi Təhlükəli İnfeksiyalar üzrə Bioloji Əməkdaşlıq Layihəsində uzun müddət çalışmışıb. Azərbaycan Respublikası ərazisində həm yerli və həmçinin bir neçə beynəlxalq epidemioloji və elmi araşdırmalara rəhbərlik edib. Azərbaycan Respublikasının həm Səhiyyə Nazirliyinin, həmçinin Dövlət Baytarlıq Xidmətinin nəzdində (indiki Qida Təhlükəsizliyi Agentliyinin) olan diaqnostik laboratoriyalarında Xüsusi Təhlükəli İnfeksiyaların diaqnostikası üzrə təlimlər keçib, Bir müddət Respublika Baytarlıq Laboratoriyasının Virusologiya şöbəsinə rəhbərlik edib.

Koronavirus xəstəliyinin geniş yayıldığı günlərdə, hazırda Amerikada yaşayan həmyerlimizdən müəyyən suallarımızı cavablandırmasını xahiş etdik. Sputnik Azərbaycan-ın suallarını Vayomiq Universitetin doktorantı Ayxan Yusifov cavablandırır:

© Photo : Courtesy of Ayxan Yusifov
Vayomiq Universitetin doktorantı Ayxan Yusifov

– Kəskin ağciyər xəstəliklərinə səbəb olan COVİD-19 adı verilən koronavirus artıq Azərbaycan da daxil olmaqla, 200-dən çox ölkə və ərazidə yayılıb. Bu virusu ən sadə şəkildə necə izah edə bilərsiniz?

– İnsan orqanizmi açıq bir sistemdir və daimi olaraq insan orqanizmi, biz istəsək də, istəməsək də, ətraf mühitlə, təbiətlə və bizi əhatə edən ortamla maddələr mübadiləsi aparır. Bu “alış-verişdə” bəzən biz təbiətin bizə göndərdiyi sürprizlərə hazırlıqsız yaxalanırıq və COVİD-19 da bu surprizlərdən biri olan SARS-CoV-2 virusunun gətirdiyi bir infeksion xəstəlikdir. Tənəffüs sistemi xəstəliklərini törədən digər viruslardan daha çox virulent (daha ağır xəstələndirmə potensiallı) bir xüsusiyyətə sahibdir.

– Cəmiyyətin bir qismi koronavirusu ümumiyyətlə ciddiyə almır, pandemiyanın hansısa təşkilatların, supergüclərin oyunu olduğunu düşünür. Ümumiyyətlə, COVİD-19-un laboratoriya şəraitində hazırlandığını düşünənlər haqlı ola bilərmi?

– Bu suala cavab verməzdən əvvəl bir neçə məsələyə aydınlıq gətirmək lazımdır: a) bu virus laboratoriyada hazırlanıb – o deməkdir ki, genetik manipulyasiyalarla virusun genlərində dəyişikliklər edilib, b) bu virus laboratoriyada təbiətdən gətirilən heyvanlardan, məsələn, yarasadan, izolə edilib (ayrılıb). Birinci variant üçün, genom (yəni, virusun bütün genetik materialı, yəni, RNT-si indiyə qədər bəlli olan digər virusların materialı qarşılaşdırılanda) araşdırma nəticələri göstərir ki, bu virus daha əvvəllər 2002 və 2014-cü illərdə olan koronavirus növlərindən fərqlənmir və tərkibində digər viruslardan hər hansı bir əsaslı genetik material izi yoxdur. İkinci variantda isə, hər hansı bir heyvandan bu virusun laboratoriyada izolə edilməsi mümkündür və bu cür virus, bakteriya toplanılması dünyada bir çox elmi araşdırma mərkəzlərində aparılır. Amma nəzərə alsaq ki, belə mərkəzlərdə risklərin idarə edilməsi və təhlükəsizlik tətbiqi ən yüksək səviyyədədir, hətta deyərdim ki, filmlərdə gördüyümüz təhlükəsizlik qaydaları belə bunu əks elətdirə bilmir. Konkret olaraq, Uhan laboratoriyasında bu standartların və təhlükəsizlik praktikasının çox yüksək olduğunu, bu mərkəzlə əməkdaşlıq və təftiş etmiş təşkilatlar və orada olmuş insanlar dəfələrlə qeyd ediblər.

Əgər desək ki, virusun mənbəyi laboratoriyadandır, o halda digər bir məsələ isə virusun yayılması ilə bağlıdır ki, burada iki ehtimal var: a) araşdırma əsnasında bir qəza olaraq insanlara yoluxub, b) məqsədli şəkildə insanlara yoluxdurulub. Birinci variantın doğru olma ehtimalı, əvvəl də qeyd elədiyim kimi, bu laboratoriyada olan təhlükəsizlik qaydalarını nəzərə alsaq çox aşağıdır. Bunu laboratoriyada xüsusi təhlükəli infeksiyalarla işləmək üçün Təhlükəsizlik Qaydalarını həm Azərbaycanda, və həmçinin xaricdə laboratoriyalarda işləyən insanlara tədrisini və təlimini keçmiş bir insan olaraq əminliklə deyirəm. Yox, əgər kimsə bu mübahisədə “insan faktorunun səhv edə biləcəyi” bucağından inad edərsə, bu ehtimalın çox, həddindən artıq az olduğunu deyərdim. İkinci variantın isə nə əsası var, nə də məntiqi: niyə görə bir ölkə özünü, öz insanlarını xəstələndirsin, hələ qlobal miqyası kənara qoyuram.

– Koronavirus xəstəliyinin kəskin halları sətəlcəmə, ağır kəskin tənəffüs sindromu, çoxsaylı orqan çatışmazlığı və hətta ölümə də səbəb olur. Böyük əksəriyyət isə yoluxmanı yüngül şəkildə keçirir. Bu xəstəliyin ölümcül olmadığı ilə bağlı iddialar da var. Sizcə koronavirus hansı dərəcə ağır xəstəlik hesab oluna bilər?

– Bu xəstəlik, sizin də qeyd etdiyiniz kimi, hər kəsdə eyni əlamətlərlə, eyni ağırlıqda keçmir, özəlliklə, yaşlı, daha zəif immuniteti və digər xroniki xəstəliyi (şəkər, ürək çatışmazlığı, astma və s.) olan insanlar üçün çox hallarda ölümcül olur. Bu, virus yoluxduqdan sonra ikincili infeksiyalara (məs., pnevmaniya) şərait yaratması, orqanizmin kəskin immun reaksiyası və əmələ gələn kəskin iltihab və nəticə olaraq ağciyərin sıradan çıxması ilə bağlıdır. Xəstələyin hər xəstəyə fərqli dərəcədə təsirinin də izahı bununla bağlıdır. Məsələn, bəzən belə deyirlər ki, uşaqlar bu xəstəliyə yoluxmurlar – əslində, isə uşaqlar da yoluxa bilirlər, ancaq əksər hallarda xəstəliyi daha yüngül formada (orqanizmin/immunitetin daha güclü olduğundan və bir neçə molekulyar mexanizmlərin fərqli olduğundan) keçirirlər.

Xəstəliyin ölümcül olub-olmamasına gəldikdə isə, bu xəstəlik çox ölümcül və qorxulu xəstəlikdir. Bir xəstəlikdən sağaldıqdan sonra insanlarda hansı fəsadları törətdiyini bilmək üçün bəzən onilliklər tələb olunur. Örnək olaraq İnsan Papilloma Virusunu (Human Papilloma Virus - HPV) verə bilərəm: əgər bu gün bu virus bir insanı yoluxdurarsa, illər sonra insanda uşaqlıqyolu xərçənginin əmələ gəlməsinə səbəb ola bilər. Bu misalın üzərindən digər maraqlı bir məlumat paylaşmaq istəyirəm: Bir neçə gün öncə Neyrologiya Jurnalında belə bir məqalə yer aldı: COVİD-19 xəstəliyindən sağalmış gənc insanlarda beyin qansızması və trombların əmələ gəlməsi müşahidə edilir. Bütün bunlara görə də bu xəstəliyin yüngüllüyündən söhbət gedə bilməz və nə qədər ağır olduğunu müqayisə etmək bir az tezdir.

– İnsanlar virusla bağlı xəbərdarlıqlara laqeyid yanaşır. Maska, əlcək, dezinfektan istifadə etməyənlər yoluxmaq üçün risk qrupu hesab edilə bilərmi? Ümumiyyətlə bu xəstəlikdən qorunmaq hansı şəkildə mümkündür?

– Laqeydlik insanın təbiətində var, xüsusilə, müəyyən müddət keçdikdən sonra insanda bir laqeydlik - “rezistantlıq” yaranır. Bunun öhdəsindən ancaq daha geniş maarifləndirmə tədbirləri və əlçatan resurslarla gəlmək olar.

Maska, əlcək və dezinfektantlardan istifadə etməyən insanlar təbii ki, virusun süni şəkildə yayılmasına səbəb olurlar, bilavasitə özlərini, yaxınlarını və cəmiyyəti riskə atırlar – ümumilikdə isə xəstəliyin yox edilməsi prosesini ləngidirlər. Fürsətdən istifadə edib burada bir nüansı qeyd etmək istəyirəm: maska, əlcək və əl-yumaq kimi bəsit praktikanı yaxşı öyrənmək və daha sonra onlardan daha düzgün istifadə etməyi hər kəsə tövsiyyə edirəm. Ətrafımızda, yaxınlarımızda əgər bu vasitələrdən düzgün istifadəni bacarmayanlar varsa, onlara izah etmənizi tövsiyyə edirəm.

Rusiyada təcili yardım avtomobilində tibb işçisi
© Sputnik / Tatyana Makeeva

Ümumilikdə isə bu xəstəlikdən qorunmaq üçün, xüsusilə karantin-sonrası  qadağaların yumuşaldığı dövrdə, insanların çox olduğu yerlərdən uzaq durmaq, insanlarla təmasda məsafə (təxminən 2 metr) saxlamaq, əlləri tez-tez yumaq, dezinfektantlardan, əlcək və maska varsa, düzgün formada (qeyd edim ki, birdəfəlik əlcəklər 2 saatdan sonra keyfiyyətini itirir, ona görə tez-tez dəyişilməlidirlər, maskalar isə mütəmadi dəyişilməli, əgər əldə tikilmiş maskadırsa, mütəmadi yumaq və çöl səthinin “çox çirkli” olduğunu daimi olaraq fikrimizdə saxlamaq lazımdır) istifadə etmək lazımdır.

Bu suala cavabı son bir təkliflə bitirmək istəyirəm: bütün dünyada olduğu kimi, ictimai xidmətlərdə işləyən polislərimizə, yanğın söndürənlərimizə, ictimai nəqliyyat sürücülərimizə  xidmət edərkən hansı təhlükəsizlik qaydalarına riayət etmələri və fərdi mühafizə geyimlərindən (maska, əlcək) istifadə qaydalarını bir təlim olaraq (bir videoçarx da ola bilər) keçməyi tövsiyyə edirəm.

– Virusun qısa müddətdə dünyada yayılması xeyli narahatlıq yaratdı. Bir sıra ölkələr normal həyat şəraitinə qayıtmağa çalışsa da, dünya karantin qaydaları tətbiq edir. Sizcə karantin virusun yayılma sürətinə kifayət qədər təsir edə bildimi? Ümumiyyətlə hansı tədbirlər kütləvi yoluxmanın qarşısını ala bilər?

– Mən hesab edirəm ki, karantin xəstəliyin yayılma sürətini kifayət qədər aşağı salır və çox effektivdir. Bunu özəlliklə qeyd etmək istəyirəm ki, Azərbaycan kimi ölkələrdə, limitli tibbi personal və resursların olduğunu nəzərə alaraq, karantin çox effektlidir. Başqa sözlə, Azərbaycanda xəstə olub sağalacağımıza ümid etməkdənsə, karantində qalıb xəstələnməməyi tövsiyyə edirəm. Hətta karantin bitdikdən sonra belə, insanların çox olduğu yerlərdən uzaq durmağı, məcbur olmadıqca kənar insanlarla ünsiyyəti minimuma endirməyi tövsiyyə edirəm, bunu təkcə mən yox, Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ Xəstəliklərin İdarəedilməsi Mərkəzi məsləhət görür.

Digər dərəfdən isə karantin, dolayısı ilə yavaşıdılmış xəstəlik sürəti, xəstəxanalarda “saturasiyanın” (durğunluğun) qarşısını alır, Bu isə öz növbəsində yeni xəstələnənlər - xəstəxana resursları - sağalan insanlar arasında bir tarazlıq yaradır.

– Ümumdünya Səhiyyət Təşkilatının sorğuları nəticəsində aydın olub ki, yoluxanların 80 faizində simptomlar yüngül, 14 faizində kəskin, 6 faizində isə kritik olub. Xəstəlikdən ölənlər 1-2 faiz təşkil edib. Sizcə bu sorğulara və məlumatlara inanmaq olarmı? Bəşəriyyəti hansı təhlükə gözləyir?

– Bu məlumatlara inanmaq olar (inanmamağa səbəb yoxdur), çünki bu rəqəmlər demək olar ki, bütün dünyada fərqli ölkələrin statistikalarında oxşar rəqəmlər görürük. Burda bir nüansı qeyd etmək istəyirəm ki, epidemioloji sorğular və hesabatlar adətən reallığın 10-15%-i təşkil edir. Məsələn, bu gün Azərbaycanda 143 xəstəlik halı qeydə alınıbsa, cəmiyyətdə real xəstələnənlərin sayının ~1430- 2000 olduğunu göstərir. Sadəcə xəstələnənlərin hamısı nə eyni vaxtda diaqnoz üçün müraciət etmir, çox hallarda isə buna ümumiyyətlə ehtiyac duymur.

Bu xəstəliyin ən çətin tərəflərindən biri insanların xəstə olduğu halda özünü yaxşı hiss etməsi ilə bağlıdır. Misal olaraq, insan qızılca xəstəliyinə tutulanda evdə qalır: işə, məktəbə, toylara gedə bilmir və xəstəliyi də yaymır, COVİD-19-da isə əksər insanların özünü yaxşı hiss etməsinə görə normal həyatlarına davam edir və dolayısı ilə xəstəliyi yaymış olurlar.

– Pandemiyanın bitməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Sizcə koronavirus pandemiyasının bitməsi ilə bağlı, konkret vaxt söyləmək mümkündürmü?

– Bu mənə görə çox çətin sualdır, cavab verməyə çətinlik çəkirəm. Çünki bu bir faktordan daha çox, bəlkə də onlarla digər faktorlardan asılıdır. Amma karantin şərtlərinin yüngülləşdirilməsi, iş yerlərinin, məktəblərin mərhələli şəkildə açılması, payıza qədər mümkün olacağına inanıram. Xəstəliyin tamamilə yox olması isə müəyyən zaman tələb edəcək.

– Koronavirusa qarşı vaksinin hazırlanması ilə bağlı müxtəlif ölkələrdə işlər gedir. Proses insanlarda ümid yaratsa da, real nəticələrlə bağlı heç bir məlumat yoxdur. Ümumiyyətlə bu virusa qarşı vaksin hazırlamaq mümkündürmü? Əgər mümkündürsə, bu vaksinin hazırlanması niyə gecikir?

– Vaksin hazırlığı normalda uzun sürən bir prosesdir, hətta 10-12 il çəkə bilir. Çünki təhlükəsiz vaksin hazırlığı və istifadəsi, onun uzun müddətli qoruyucu təsiri və mümkün yarada biləcəyi yan təsirləri yoxlandıqdan sonra mümkün olur və buna görə də zaman tələb olunur. Bunu nəzərə alsaq, hal-hazırda aparılan işlərin kifayət qədər sürətli getdiyini demək olar. Ümumiyyətlə isə effektli bir vaksinin hazırlana biləcəyinə inanıram.

– COVİD-19-un bioloji silah olması ilə bağlı fikirlər səsləndirilir. Bu ehtimal doğru ola bilərmi?

– Doğru ola bilər, amma bunu demək üçün əsaslı dəlil-sübut yoxdur.

– Pandemiyanın qarşısı alınarsa, insanlar normal həyatlarına nə zaman qayıda biləcək?

– İnsanlar normal həyatlarına nə zaman qayıda biləcək?:Bu da çətin suallardandır: bu il(lər) çəkə bilər, və ya yeni “normal” yarana bilər (ya da yaranır artıq, məsələn, sosial məsafəni həmişə qorumaq kimi).

Əsas mövzular