BAKI, 21 aprel — Sputnik. Son zamanlar mövcud vəziyyətlə əlaqədar bir çox saytlarda koronavirusun COVİD-19) müalicəsində müxtəlif dərman vasitələrinin effektivliyi, həmin dərman vasitələrinin virusun yaratdığı vəziyyətin aradan qaldırılmasında müsbət təsirləri gündəmə gətirilir və istifadəsi tövsiyə olunur.
Sputnik Azərbaycan Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ümumiyyətlə, hər-hansı dərman vasitəsinin qəbulu həkim nəzarəti altında olmalıdır. Çünki dərmanların səhv və nizamsız qəbulu müalicə effektinə mənfi təsir edir və insana xeyirdən çox, zərər verə bilər. Yadda saxlamaq lazımdır ki, dərmanlardan qeyri-rasional istifadə halları orqanizmdə bir çox fəsadların yaranmasına və orqanizmin zəifləməsinə səbəb olur. Bundan başqa, özünümüalicə halları çox zaman ağır nəticələr verir, rezistentlik, allergiya, əlavə təsirlər və s. kimi bir sıra fəsadlara yol açır.
İnsanın sağlamlığı öz əlindədir və bu həssas dönəmdə vətəndaşları dərman qəbulunda daha diqqətli olmağa çağırırıq. Nəzərə alın ki, internet resurslarında yerləşdirilmiş qeyri-rəsmi və qeyri-peşəkar məlumatlar həqiqətə uyğun olmaya və bu məlumatlara kor-koranə inanmaq sağlamlığınıza ciddi zərər vura bilər.
Hər hansı dərmanın qəbulu və istifadəsi zamanı həkim məsləhəti mütləqdir!