13:40 24 Oktyabr 2017
Canlı yayım
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Həsən Ruhani ilə

Ankara-Tehran-Moskva: Zorən müttəfiqlər

© REUTERS/ Kayhan Ozer
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
260 0 0

Son vaxtlar bölgədə Türkiyə-Rusiya-İran geosiyasi üçbucağının əhəmiyyətli dərəcədə özünü büruzə verdiyini söyləmək olar

BAKI, 7 oktyabr — Sputnik. Bu həftə İrana səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Həsən Ruhani ilə Yaxın Şərqdəki mövcud vəziyyəti, xüsusilə Kürdüstanın müstəqillik referendumunu müzakirə edib. Bəzi araşdırmaçılar regional güclər olan Türkiyə və İranın Kürdüstan məsələsindan dolayı yenidən yaxınlaşdığı fikrinə gəliblər. Keçmiş rəqiblərin müttəfiq olmaq ehtimalının Qərbi narahat etdiyi aydın sezilir. Türkiyə-İran yaxınlaşması Azərbaycana ciddi təsir göstərə bilərmi?

Vurğulayaq ki, Azərbaycan kiçik dövlət olduğundan, qlobal proseslər heç də Bakının əsas aparıcılığıyla cərəyan etmir. Söhbət supergüc olmağa iddia edən Rusiya, Türkiyə və İrandan gedir. Amma bu dövlətlərin geosiyasi maraqlarına baxdıqca maraqlar üst-üstə düşməyib. Ən azı onların regionda hegemon olmaq iddiaları maraqlarını toqquşdurur. Bu halda analitiklərin söylədikləri uzunmüddətli perspektiv siyasi spekulyasiyadan başqa bir şey deyil. Lakin qısamüddətli perspektivdə alyansların yaranması istisna deyil. Türkiyənin indiki durumunu nəzərə aldıqda, Ankaranın ənənəvi müttəfiqləri olan Vaşinqton və Brüssellə münasibətləri kəskinləşəcəyini ehtimal edə bilərik. Belə olan halda Türkiyə, İran və Rusiya arasında qısamüddətli yaxınlaşmalar ola bilər. 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, arxiv şəkli
© AFP / OZAN KOSE

Türkiyənin xarici siyasət problemləri sırasında Suriya böhranı mövcuddur. Ankara və Moskvanın Dəməşqə baxışları tamamilə ziddiyyət təşkil edir. Ankara Cənubi Qafqaz bölgəsində əsas oyunçu olmaq istəyir, Rusiya və İran isə Türkiyəni regionun lider dövləti saymırlar. Ümumiyyətlə, Rusiyanın Türkiyəylə münasibətlərinin normallaşmasından böyük gözləntisi yoxdur. Moskva iqtisadi münasibətlərin normallaşmasına, öz bazarlarını Ankaranın üzünə açmağa tələsmir. Nəhayət, iqtisadiyyatda Moskva ilə Ankaranın bir çox maraqları uyğun gəlmir. Rusiya regionun enerji lideri olmaq iddiasında qalır.

Türkiyə-İran münasibətlərində də müəyyən anlaşılmaz məqamlar mövcuddur. Bir çox hallarda tərəflər bir-birinə münasibətdə kəskin bəyanatlar verir. Lakin hər iki dövlət fərqindədir ki, dövlətlər arasında münasibətlər nə qədər mürəkkəb olarsa, hər iki tərəf bundan itirmiş olur. Suriya böhranı ilə bağlı məsələdə rəsmi Ankaranın Bəşər Əsəd rejiminə qarşı kəskin mövqeyi ilə rəsmi Tehranın tutduğu mövqe tamamilə fərqli idi. Ərdoğan Bəşər Əsədin hakimiyyətdən getməsini dəstəkləyirdisə, İran tam əks mövqedən çıxış edirdi. Lakin son zamanlar tərəflərin mövqeyində yumşalma özünü göstərir. Xüsusilə də, enerji, təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin diqqətdə saxlanacağı gözlənilir. 

Bütövlükdə son vaxtlar bölgədə Türkiyə-Rusiya-İran geosiyasi üçbucağının əhəmiyyətli dərəcədə özünü büruzə verdiyini söyləmək olar. Doğrudur, söhbət daha çox Suriya böhranının həlli məsələsində üçlü formatda əməkdaşlıqdan gedir. Ancaq o da bir gerçəklikdir ki, bir böhranlı məsələdə özünü doğruldan əməkdaşlıq formatı digər regional problemlərlə bağlı da uğurlu şəkildə sınaqdan keçə bilər. Hərçənd, Ankara, Moskva və Tehranın bölgədəki maraqlarının tam üst-üstə düşdüyünü söyləmək də düzgün olmazdı. Bu da təbiidir. Ankara – Tehran yaxınlaşma prosesi haqqında siyasi iradə nümayiş etdirir və qarşılıqlı səfərlər başlayır. Lakin bütün cəhdlərə baxmayaraq, Türkiyə ilə İran arasında strateji müttəfiqlik məsələsi baş tutmaya bilər. Türkiyə belə bir addım atmaqla həm NATO ölkələri ilə, həm də Avropa Birliyi ilə münasibətlərini zədələyə bilər. Bu addım indiyə qədər Türkiyəni dəstəkləyən və onu lazım olan anlarda ciddi problemlərdən qorumuş ölkələrlə münasibətlərin gərginləşməsinə də səbəb ola bilər.

Azərbaycan-İran-Türkiyə əlaqələrinin inkişafı bölgədəki siyasi proseslərdə mühüm rol oynaya bilər. Azərbaycanın ərazi bütövlüyü təhlükə altında olarsa, Ermənistan Tehranın dəstəyinə bel bağlaya bilər. Bu baxımdan, ənənəvi siyasətdən imtina ilə aralıq müddətdə Azərbaycan-İran-Türkiyə əlaqələrinin güclənməsi də yeni geosiyasi oyunun başlanğıcı demək olardı. Bu mühüm rolu yuxarıda qeyd elədiyimiz Türkiyənin üzərində işlədiyi, "Asiya Birliyi" oynaya bilərdi.

Rusiya-İran-Türkiyə münasibətləri bölgədə Amerika siyasətinin yayılmasına zərbə endirə bilsə də, Dağlıq Qarabağ probleminin həllinə təsir göstərə biləcəyi də istisna edilmir. Lakin İran ABŞ-ın Türkiyədə Radar Sistemi qurulmasından narahatdır. Bu, İrana nəzarət üçün Amerikaya verilən əsas amillərdəndir. Yaxın Şərqdə Türkiyədə hakimiyyətdə olan mötədil islamçıların regionda davamlı münaqişələrin həlli səylərinə rəhbərlik edə biləcəyi ilə bağlı ümidlər var. Bu o deməkdir ki, Yaxın Şərqdə aparıcı ölkələr sünni Türkiyədən fərqli olaraq, şiə İranın siyasi dəstəyinə arxalanmır. İranın köməyinin yalnız vəziyyəti mürəkkəbləşdirə biləcəyini vurğulanır. Tehranın Ankaranın regionda nüfuzunun artmasına qısqanclıqla yanaşmasına baxmayaraq, İran Türkiyəyə ümumilikdə müsbət qüvvə kimi baxır. Digər tərəfdən, İran Rusiyadan sonra Türkiyəni təbii qazla təmin edən ikinci ölkədir. 

Türkiyə həm də NATO-nun və müəyyən mənada İsrailin İranın sərhədlərinə yaxınlaşmamasında bufer rolunu oynayır. Ankaranın müsəlman dünyasında nüfuzu Tehranın islam ölkələrindəki mövcudluğunu tamamilə kölgəyə salır. Lakin reallıq bu iki ölkəni əməkdaşlığa sövq edir. Ankara da NATO ilə münasibətlərində gərginlik yaşamaqdadır. ABŞ-ın Cənubi Qafqazla bağlı siyasəti bəzi hallarda Türkiyə və Azərbaycanın maraqlarına tam cavab vermir, odur ki, Ankara və Bakı bu siyasətdə öz oyunlarını oynamağa cəhd göstərə bilərlər.

Qərb mətbuatında Yaxın Şərqdəki bir çox müsəlman ölkələrinin sərhədlərinin dəyişdirilməsi ilə bağlı Vaşinqtonun planları barədə yazıblar. "Böyük Orta Şərq" adlanan bu layihə Türkiyənin də maraqlarına zərbə vura bilər. Bu baxımdan, Ankara yeni müttəfiqlər axtarışındadır, aralıq müddətə Moskva və Tehranla əməkdaşlığa can atır…

Əlaqədar

İran prezidenti Trampı hədələdi: "Bunun hesabı ağır olacaq"
İran İsrailin bu tarixdə məhv ediləcəyini bəyan etdi
"Türkiyə və İran Suriyanı dərhal tərk etməlidir"
Türkiyədə qalmaqallı həbs: terror təşkilatının Azərbaycan təmsilçisi həbs edildi
Separatçıların lideri sərt danışdı: "Türkiyədə belə bir hadisə baş verərsə..."
Teqlər:
Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan, Dəməşq, Ankara, Moskva, İran, Yaxın Şərq, Rusiya, Türkiyə, Vaşinqton, Azərbaycan

Əsas mövzular