13:41 24 Oktyabr 2017
Canlı yayım
İŞİD bayrağı

Baş kəsənlərə qarşı qalxanımız var, fərqində deyilik

© REUTERS/ Khalil Ashawi
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
148311

Aşurada mərsiyə söyləmək belə, istənilən halda, baş kəsməkdən daha yaxşıdır

BAKI, 5 oktyabr — Sputnik. Bu il Bakıda Aşura son illərin ən izdihamlı mərasiminə çevrildi. Mətbuata çıxışı, resursu zəif olan inanclı kəsim azad şəkildə meydanlara axışdı. Ənənəvi müxalifətin üzləşdiyi problemlərdən daha çoxunu yaşayan inanclı kəsim, bu dəfə daha çoxsaylı göründü.

Səbəb isə təbii ki, şiə və sünnilərin simvolu olan, ailəsini, malını və mülkünü, canını haqq işi uğrunda fəda edən Həzrət Hüseyndir. Elə bu səbəbə görə, 1400 ildir ki, o, sevgi ilə anılır, və hətta ateistlər belə Hüseynin bir məktəb olduğunu qəbul etdiklərini gizlətmirlər.

Burada bir məsələyə toxunmaq lazım gəlir. Ökədə yeni paradiqma dəyişikliyi dini müstəvidə baş verir."Allahu Əkbər" şüarı seksual azlıqlara rəğbət bildirilən şüarların da ara-sıra yer aldığı bir cəmiyyətdə, onları önəmli dərəcədə üstələyir. Hətta bəzən demokratik dəyişikliklər barədə səsləndirilən şüarlar da dini şüarların fonunda zəif eşidilir. Azərbaycanda inanclı kəsim az deyil və gələcəkdə onların mümkün ola biləcək radikallaşmasının qarşısını almaq üçün bu amilin varlığı mütləq nəzərə alınmalıdır.

Aşura siyasi təhlilçilər üçün də ciddi siqnal oldu — təşkilatlanmamış insanlar da kütləvi şəkildə küçəyə çıxa bilər və onların sayı on minlərlə ola bilər. Bu, 3-5 min adamın yığışıb bir liderin adını qışqırması ilə müşayət olunan mövsümi aksiyalara bənzəmir.

Bir nüansa da diqqət — Həzrət Hüseyn şiə və əhli sünnənin birləşdiyi nöqtədir və bu sahədə din bilgisi olmayanların spekulyasiyası da yerszidr. Belə ki, dini radikallıqla mübarizə adı altında edilən spekulyasiya cəhdləri yuxarıda adı çəkilən, sayı heç də az olmayan kəsimdə aşırı qıcıq yaratmağa cəhddən başqa bir şey deyil.

Belə cəhdlərin dünyəviliyi, həmçinin dini sahədə də tolerantlığı özünün prioritet siyasəti elan edən dövlətə heç bir xeyri dəyə bilməz. Axı, savadlı, dünyagörüşü geniş olan insanların hamısı hüseynçiliyin zəncir vurmaq deyil, tam fərqli dünyagörüşü olmasının fərqindədir.

Dini radikallığın qarşısı alına bilərmi?

Beləliklə, dövlət ölkədə sabit dini duruma nail olmaq üçün böyük kompleks tədbirlər həyata keçirməlidir. Bu işlər yüksək peşəkarlıq səviyyəsində görülməlidir və real nəticə əldə olunması üçün ölkənin elmi, ziyalı potensialı cəlb olunmalıdır. Məsələyə kompleks yanaşmaq lazım gəlir. Dini müstəvidə radikallığın qarşısını almaqdan ötrü dövlət maarifçiliyə geniş yer verməlidir.

Adətən dünyəvi dövlət — din müstəvisində yaranan problemlərin kökündə dini maarifçiliyin aşağı səviyyədə olması durur. Azərbaycan, dindarı başqa dini cərəyanlara qarşı tolerant olan bir ölkədir. Dünyada islamofobiyanın vüsət aldığı bir zamanda Azərbaycanda ateist-dindar qarşıdurması olduqca zəif təsir bağışlayır ki, bu da insanımızın tolerantlığının göstəricisidir.

Bu proseslər dövlət — din qarşıdurması kimi təqdim oluna bilməz. Bu, bir marginal prosesin tərkib hissəsidir. Digər tərəfdən, ölkənin orta statistik insanı eyni düşüncə tərzinə malikdir. Mütləq əksəriyyət hesab edir ki, işğal edilmiş torpaqlarımız azad olunduqdan, demokratik vətəndaş cəmiyyətinin qurulması prosesi başa çatdıqdan sonra, dini və milli maraqlar yalnız dövlət maraqları ilə uzlaşdırılacaq.

Yetər ki, vətəndaşımız öz dini həyatını istədiyi kimi yaşaya bilsin — heç kəsin şəxsi həyatına müdaxilə etməməklə özünü toplumun normal üzvü saysın. Heç kəs, o cümlədən dünyəvi həyat tərzi keçirənlər ona "ikinci növ" insan kimi yanaşmasın. Bu haqqı əlindən alındıqda inanclı insanlar radikallaşmağa meylli olurlar.

Bu gün Azərbaycanda ayrı-ayrı ölkələrə səcdə edənlər sabahın iqtidarı, nazirləri, müxalifət liderləridirlər. Ölkədə yeni, azad düşüncəli, sırf ölkənin gələcəyini düşünən sosial qrupların formalaşdırılması zərurəti yaranıb. Fərqli düşünmək, alternativ paradiqmalar təklif etmək elə bu məqsədə xidmət edir.

Lakin fərqli düşüncə də heç də həmişə demokratiyanın inkişafına səbəb olmur. Unutmaq olmaz ki, bu gün dünyanı vahimə altında saxlayan İŞİD-in bu dərəcədə maraq doğurması, yalnız onun qəddarlığı və terrora meylli olması ilə bağlı deyil. Normal Avropa cəmiyyətində tərbiyə alan, formalaşan insanların İŞİD-ə qoşulmasının səbəbi heç də yalnız natamamlıq kompleksindən əziyyət çəkən genetik müsəlmanların revanş arzusu ilə bağlı deyil. Bu terrorçu təşkilata qoşulanlar arasında genetik xristian olanlar da var. Deməli, söhbət qisasdan deyil, bezdirici eyniliyə alternativ təklif axtarışından gedir.

Məlumdur ki, nə mötədil şiə, nə mötədil əhli sünnə cərəyanları alternativ təqdimatında İŞİD qədər populyar deyillər. Amansızlığı və qəddarlığı ilə yanaşı, İŞİD və ona bənzər təşkilatlar tamamilə yeni düzən və yeni mübarizə metodları təklif edir. Bu, onu ilk növbədə yetərincə savadsız gənclər üçün daha da cəlbedici edir.

Unutmaq olmaz ki, bu gün İŞİD bayrağı altında cəm olan Azərbaycan vətəndaşlarının sayı yüzlərlədir. Heç şübhəsiz ki, onların Azərbaycanda da tərəfdarları var. Ölkədə dini maariflənmə lazımi səviyyədə aparılmadığından radikal və təkfirçi qruplar revanş götürmək iştahına da düşə bilərlər.

Təqdim olunan şəriət dövləti ideyası ona mənfi və ya müsbət münasibətimizdən asılı olmayaraq alternativ paradiqmadır. Bu paradiqmanın daşıyıcıları isə qəddar savaşçılardır. Söhbət tək savaşçıdan da getmir, beyinləri yuyulan insanların törədə biləcəyi fəsadlar narahatçılıq doğurur. Zombiləşmiş, az qala hamını inkar edən dini qrupların məqsədləri heç də vətəni azad etmək deyil.

Aşura İŞİD qarşısında qalxandırmı?

Bu gün Yaxın Şərqdə vuruşan və İŞİD kimi radikal, təkfirçi qrupların təsirində olan gənclər, oralarda təcrübə yığdıqdan sonra Azərbaycana dönə bilərlər. Vətənə döndükdən sonra onların hamısını nəzarətdə saxlamaq mümkün olacaqmı? Yaxın Şərqdəki savaşda rəsmilərin etiraf etdiyi kimi, 900 nəfər vətəndaşımızın döyüşməsi barədəki məlumatlar da son deyil. Bəzi iddialara görə, bu rəqəm daha yüksəkdir. Onların Azərbaycandakı tərəfdarlarının sayı da az deyil.

Bu gün İŞİD və bu kimi radikal təşkilatlar kimlərəsə xoş gələ bilər. Lakin tarixi təcrübə göstərir ki, belə qurumlar, adətən, Qərb xüsusi xidmət orqanları ilə bağlı olurlar. İŞİD-in bu qədər geniş əlaqələrə malik olmasında da ABŞ maraqlı idi. Bu, Vaşinqton beyinlərinin ortaya qoyduğu idarəolunan xaos nəzəriyyəsinə uyğun görünür.

Diktatorları yıxan ərəb ölkələri Yaxın Şərqdə demokratik təsisatlar yaratmaq barədə düşünməyə başlamışdı. İŞİD kimi radikal qrupların sayəsində isə, on illər boyunca davam edəcək vətəndaş müharibələrinin əsası qoyuldu. Belə durum yenidən enerji daşıyıcılarına rahatlıqla sahib olmaq istəyən Qərbə sərf edir.

Bu gün bizim ölkədə çoxları, Aşura günü bədəndən çıxarılan qanı qanvermə aksiyası ilə əvəzləyir. Müsbət haldır və hər il daha geniş vüsət alır. Amma, hətta bu mərasimin əvvəlki kimi sinə döymək və qan çıxarmaqla keçirilməsinin qatı əleyhdarları belə, anlayırlar ki, Aşurada mərsiyə söyləmək belə, istənilən halda baş kəsməkdən daha yaxşıdır. Əslində, Aşura ilə bağlı elmi diskussiyaların keçirilməsi və prosesləri dəyirmi masa ətrafında müzakirə edilməsi də çıxış yollarından biri, hətta deyərdik ki, ən optimalıdır.

Əlaqədar

Beyləqanda Aşura mərasimi izdihamlı keçib
Aşura günü toplanan qanın miqdarı açıqlandı
Aşura günü münasibətilə 1000-ə yaxın insan qan verib
İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların qohumları tapıldı - VİDEO
İŞİD-ə qoşulan azərbaycanlıların sayı bilindi
İŞİD-lə əlaqəsi olan 36 nəfər həbs edildi
Ağazadə: “İŞİD-dən xilas edilən uşaqlara dəstək olmalıyıq”
İraqdakı azərbaycanlı İŞİD-çilərin ailələrinin taleyi barədə şok təfərrüatlar
Teqlər:
əhli sünnə, paradiqma, Həzrəti Hüseyn, inanc, sünni, şiə, Aşura, müsəlman, Bakı, Azərbaycan, İŞİD

Əsas mövzular