21:18 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562

"İnhisarçılıq iqtisadiyyatımızı elə zəlil günə qoyub ki..."

TƏHLİL
Qısa URL
15010

Nazim Məmmədov: "Sahibkarın üzərində ayrıca bir qurum yaratmaq lazım deyil. "Aqrolizinq" və "Sahibkarlığa Kömək Milli Fondu" kimi qurumların hamısı ləğv olunmalıdır. Bunların funksiyaları banklara verilməlidir"

İnhisarçılıq Azərbaycan iqtisadiyyatını elə zəlil günə qoyub ki...
BAKI, 8 fev — Sputnik. Azərbaycanda istisadi islahatlar dörd əsas istiqamət üzrə hayata keçiriləcək. Belə bir açıqlama verən, Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-yə müsahibəsində deyib ki, dövlət başçısının dörd istiqaməti əhatə edən iqtisadi konsepsiyası mövcuddur: Birinci maliyyə bazarlarında sabitlik, manatın likvidliyinin bərpa olunması, ikinci ixracın stimullaşdırılması, üçüncü daxili bazarın formalaşdırılması və idxaldan asılılığa son qoyulması, dördüncü dövlət satınalmaları yolu ilə kənd təsərrüfatı məhsulu istehsalçılarını stimullaşdırması.

Azərbaycanın 38 milyard dollara yaxın valyuta ehtiyatlarına malik olduğunu deyən N.Əmirovun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası işə başladıqdan sonra mart ayında manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarlar qəbul ediləcək.

"İxracı stimullaşdırmaq sahəsində isə əsas məqsəd, "Made in Azerbaijan" brendinin tanıdılmasına nail olmaqdır" —deyib Prezidentin köməkçisi.

N.Əmirovun sözlərinə görə, yanvar ayından etibarən gömrük orqanlarında idxal mallarının rəsmiləşdirilməsində şəffaflığın yaranması sahibkarlıq mühiti üçün çox əlverişli bir şərait yaradıb: "Prezidentin iqtisadi konsepsiyasında vacib yeri məhsul istehsalçılını stimullaşdırmaq təşkil edir. İndi elə bir yeni sistem hazırlanır ki, kənd təsərrüfatı məhsulu istehsalçılarına hətta bir il əvvəldən dövlət öz sifarişlərini verəcək. Bunun çox böyük üstünlükləri var. Çünki sahibkar biləcək ki, yetişdirdiyi məhsulu bazarda tam sata bilmədikdə qalan hissəni dövlət ondan alacaq. Yəni, dövlət — büdcə təşkilatları və digər təşkilatlar alıcı qismində çıxış edəcək. Hazırda bu mexanizm üzərində iş gedir".

Məsələ ilə bağlı Sputnik-in suallarını iqtisadçı ekspert Nazim Məmmədov cavablandırıb.

- Nazim müəllim, Azərbaycanın maliyyə bazarında sabitlik yaratmaq üçün dövlətin yetəri qədər imkanları varmı?

— Təbii ki, var. Dövlət iqtisadiyyata birbaşa müdaxilə etmir, ancaq ona şərait yaradır. Azərbaycan iqtisadi fəallığını artırmaq üçün dövlət satınalmaları vasitəsi ilə, yəni, ordunun, xüsusi xidmət orqanlarının, internat məktəblərin və digərlərinin saxlanması üçün aldığı ərzaqları və xidmətləri elan edə bilər. Bununla da iqtisadiyyatı dolayı yolla stimullaşdırma paketi yaradar. İkincisi, dövlət kredit faizlərinin dərəcələrini aşağı salmaqla kommersiya banklarına ucuz, uzunmüddətli resurslar təklif etməklə iqtisadi fəallığı canlandıra bilər. Çünki əksər iş adamları cəlb edilən vəsaitlər hesabına iş qururlar. Yəni bütün dünyada bu belədir ki, ümumdaxili məhsulun təqribən özü qədər bank sektorunun iqtisadiyyatda iştirakı olur. Bizim bank sektorunun iştirakı isə təqribən 18-20 % civarındadır. Yəni bunu artırmaq üçün hökümətin əlində rıçaqları var. Hökümət əlində olan rıçaqlardan bürokratik aparatının xərclərini azaltmaqla, bürokratik əngəlləri aradan qaldırmaqla iqtisadiyyata təsir edə bilər. Belə deyək, infrastruktur lahiyələrini biznesə yaxın gətirməklə o sahəni inkişaf elətdirə bilər.

Biznes o yerdə çiçəklənir ki, orada infrastruktur yüksək səviyyədədir. Ona görə azad iqtisadi zonalar yaratmaqla iqtisadiyyatı stimullaşdırmaq olar. Gömrüyü sadələşdirməklə, vergiləri normallaşdırmaqla hər hansı sahəni inkişaf elətdirə bilərik. Yəni bunları sadalamaqla qurtarmaq olmaz. Ancaq, dövlət özü bazar iqtisadiyyatında sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Lakin, çox təəssüf edirəm ki, 2016-cı ilin dövlət büdcəsində sadələşmiş vergi üzrə daxilolmalar 145 milyon manat proqnozlaşdırılıbsa da, dövlət orqanlarının büdcədən kənar daxilolmaları təqribən bundan iki dəfədən çoxdur. Yəni bu o deməkdir ki, dövlət özü sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahibkarlıq ilə məşğul olmaq imkanı sahibkarlıq subyektlərinə verilməlidir. Belə demək mümkünsə, dövlət sahibkarlıqdan uzaqlaşmalıdır. Müəyyən məsafədə durmalıdır, onlara iqtisadiyyatı normal yönləndirmək üçün şərait yaratmalıdır və oyun qaydalarını, qanunları müəyyən eləməlidir.

- İxracı stimullaşdırmaq üçün qısa vaxta konkret addımlar atmaq effektili olacaqmı?

Видеомост в пресс-центре Sputnik Азербайджан 27.01.2016
© Sputnik / Murad Orujov

— İnhisarçılıq iqtisadiyyatı o dərəcədə zəlil günə qoyub ki, Azərbaycanda normal sahibkarlıq inkişaf edə bilmir. Sahibkarlıq deyəndə əsasən arxasında yüksəkçinli məmur duran və yaxud dövlət resurslarına çıxışı olan az sayda insanların biznesi nəzərdə tutulur. Onların sahibkarlığı ancaq və ancaq dövlət resurslarından istifadəyə bağlıdır. Yəni onların əlindən vəzifələri alındıqca çox çəkəmədən şirkətlər, belə demək mümkünsə, bir anda müflis olub. Bu o deməkdir ki, onlar iqtisadi əsaslarla inkişaf etməyib. Təbii ki, bir-iki il ərzində hər hansı bir dönüş yaratmaq mümkündür. Dövlət üzünü sahibkara çevirib, həqiqi sahibkara dəstək nümayiş etdirsə, həqiqi sahibkarlara maliyyə resurslarına çıxışı təmin edərsə, vəziyyət dəyişər. Çünki, biz 40 milyard dollardan yuxarı vəsaitimizi xarici banklarda illik 0,75 % ilə saxlayırıq. Ancaq, bizim ölkədə sahibkarlar 18-20 % ilə biznes kreditləri, 30-35 % ilə istehlak kreditləri almağa məcburdurlar. Belə şəraitdə ölkədə sahibkarlıq inkişaf etməz. Onun üçün xaricdə saxlanan vəsaitin bir hissəsi Azərbaycana gətirilməlidir və sahibkarlara ictimai nəzarət altında uzunmüddətli resurslar verməlidir. Yəni sahibkarlara ünvanlı güzəştlər edilməlidir. Sahibkarın üzərində ayrıca bir qurum yaratmaq lazım deyil.

Əslində "Aqrolizinq" və "Sahibkarlığa Kömək Milli Fondu" kimi qurumların hamısı ləğv olunmalıdır. Bunlarin funksiyaları banklara verilməlidir. Ancaq, bankların da imkanları olmalıdır ki, ucuz faizlə kredit verə bilsin. O ucuz resurslarla dövlət onları təmin etməlidir. Birbaşa dövlət büdcəsi hesabına olmasa belə, müxtəlif fondlar vasitəsilə. O fondlar da şəffaf idarə edilməlidir. Buna görə bir neçə il ərzində hər hansı bir dönüş etmək mümkündür. Amma, kardinal dönüş etmək mümkün deyil. Yəni bunun üçün illər lazımdır. Sahibkarlara güzəştlər tətbiq olunmalıdır ki, ilk növbədə daxili bazarı təmin edə bilsinlər. Hökümətin əsas hədəfi ölkənin idxaldan asılılığını aradan qaldırmaq olmalıdır. Xüsusən də ərzaq məhsullarına və gündəlik istehlak mallarına olan asılılıq aradan qaldırmalıdır. Yəni bunu aradan qaldırdıqdan sonra ixrac haqqında sahibkarın özü düşünəcək. Yerli bazarda rəqabət artdıqca daha yüksək səviyyəli məhsullar istehsal olunacaq və onlar xaricə satılacaq. Təlabatı tam ödədikdən sonra ixrac stimullaşdırıla bilər. Yoxsa manatı devalvasiya etmək və yaxud müxtəlif addımlar atmaqla ixracatı stimullaşdırmaq mümkün deyil. İxracatı stimullaşdırmaq üçün 20-dən çox səbəblər var, bunu həll etmək lazımdır. Səbəblərdən biri milli valyutanın ucuz olmasıdır, bəs, hökümət qalan 19 səbəbi haradan götürəcək?

- Kənd təsrrüfatı məhsullarının dövlət tərəfindən sifariş olunması yerli istehsala necə təsir göstərəcək?

— Mənim fikrimcə, müsbət təsir göstərər. 10 illər bundan qabaq demişdik ki, ildə 600-700 milyon manatlıq dövlət büdcəsindən bu tipli xərcləmələr var. Ancaq, burada da monopoliya var, inhisarçılıq var. Dövlət satın almalarına baxdıqda görürsüz ki, nazirliklərin sifarişi əsasında eyni şirkətlər müxtəlif məhsulları alır və dövlət büdcəsindən vergiləri yayındırır. Yəni bunun üçün tam şəffaflıq olmalıdır. Tender elan olunmalıdır və tenderdə hamının iştirak etmək hüququ olmalıdır. Belə deyək, həmin nazirlik rəhbərliyinin və digərlərinin o tenderlərə müdaxiləsi sıfıra endirilməlidir. Yəni tam şəffaflıq əsasında satınalmalar həyata keçirilməlidir. Ümid edək ki, bu, baş verəcək. Bu baş verməyəcəksə, Baltikyani ölkələrin, Ukraynanın, Rusiyanın ikinci sort məhsulları yena həmin qurumlar vasitəsi ilə alınacaq. Yenə də həmin "köhnə hamam, köhnə tas". Demək istəyirəm ki, köhnə başla yeni iqtisadi çağırışlara cavab vermək mümkün deyil.

Əlaqədar

İran Azərbaycanla birlikdə avtomobil istehsal edəcək
Kənd Təsərrüfatı Nazirliyi əhaliyə xəbərdarlıq etdi
"Hökümət düşünürdü ki, iqtisadiyyat sadəcə soyuqlayıb..."
İqtisadçılar Prezidentin Davos mesajlarını təhlil edir
Teqlər:
istehsal, "Made in Azerbaijan", valyuta ehtiyatları, Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, istisadi islahatlar, Nazim Məmmədov, kənd təsərrüfatı, ixrac, idxal

Əsas mövzular